“İlk cümlədən görünür ki, USAİD-in Gürcüstan DTX-yə verdiyi cavab səmimi deyil”

ilk-cumleden-gorunur-ki-usaid-in-gurcustan-dtx-ye-verdiyi-cavab-semimi-deyil
Oxunma sayı: 2486

ABŞ səfirliyi Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin USAİD-lə bağlı ittihamlarına cavab verib. Cavab mətnində bir az da kobud ifadələr işlədilib. Onlar Gürcüstan DTX-ni “yalan məlumatlar yaymaqda”, USAID vasitəsilə Gürcüstanda reallaşdırılan “humanitar aksiyaların mahiyyətini bilrəkdən təhrif etməkdə” qınayıblar.

Səfirlik israr edir ki, Gürcüstan TDX-nın “dövlət çevrilişinə hazırlıq” kimi qiymətləndirdiyi tədbir, əslində “humanitar aksiya” olub. Cavabın mətnindən belə nəticə çıxır ki, guya “USAİD  2 ilə yaxın bir müddətdə CANVAS adlı təşkilatla birlikdə  Gürcüstanda “xərçəngdən əziyyət çəkən uşaqlar üçün” aksiya keçirirmiş. 2023-cü il “sentyabrın 25-də keçirilən və Gürcüstan DTX-nin narahatlığına səbəb olan tədbir də həmin aksiyanın davamı imiş”.

Elə bu cümlədən görünür ki, USAİD-in açıqlaması qeyri-səmimidir. Özlərinin ifadəsi  ilə desək,  başdan ayağa qədər yalandır. Cavab mətnində  adı keçən CANVAS abrevaturadır;  açıqlaması  Qeyri-zorakı Fəaliyyətlər və Strategiyalar Mərkəzi  deməkdir (Center for Applied Nonviolent Action and Strategies). Adından  göründüyü kimi, siyasi kampaniyalar üzərində fokuslaşmış bir təşkilatdır. Vikipediya səhifəsində qeyd edilən məlumatlar da bunu təsdiq edir. Orada  göstərilir ki, CANVAS “münaqişələrin həllinə yönəlmiş fəaliyyətlə” məşğul olur.  2004-cü ildə yaradılmış təşkilatın təsisçisi Slobodan Đinoviçdir. Bu şəxs “Miloševićin devrilməsi aksiyasının təşkilatçılarından biri olub”.  2003-cü ildə isə Gürcüstanda “Qızıl gül” inqilabını dəstəkləyib. Dinoviçin karyerası siyasi çaxnaşmalarda, münaqişəli proseslərdə  iştirak üzərində qurulub. Hər hansı bir humanitar aksiyaya qoşulması ilə bağlı məlumat yoxdur. Onun təsis etdiyi CANVAS-ın 2023-cü il sentyabrın 25-də Gürcüstana gəlib birdən-birə öz profilini dəyişməsi, “xərçəngin müalicəsi ilə bağlı tədbir keçirməsi” kiməsə inandırıcı görünürmü? Məsələ ondadır ki, 25 sentyabr tədbirinin təşkilində USAİD və CANVAS-la yanaşı əlavə bir təşkilat da  iştirak edib. Onun adı isə “Şərq-Qərb İdarəetmə İnstitutu”dur. Bu təşkilatın da nə adı, nə də indiyədək olan fəaliyyəti “humanitar akisyalarla” uyğunlaşmır.

Beləliklə, bütün məlumatlar Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin USAİD-lə bağlı  şübhələrinin əsaslı olmasına işarə edir. Təhlükəsizlik xidmətinin açıqlamasında qeyd edilir ki, Serbiya vətəndaşları Sinisa Sikman, Jelena Stojsic və Slobodan Djinovic Tbilisidəki “İbis” otelində dörd gün ərzində (21-25 sentyabr) qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “hökuməti necə devirmək, polisə necə  müqavimət göstərmək və təşkilatlanmaq” mövzusunda təlimlər keçiriblər.  CANVAS və “Şərq-Qərb İdarəetmə İnstitutu” vasitəsilə təşkil edilmiş bu təlimlər USAİD tərəfindən maliyyələşdirilib. Gürcüstan DTX-nın rəyi budur ki, USAID-in bu tədbiri “xərçəng xəstəliyindən əziyyət çəkənlərə yardım” adı altında keçirməsi sadəcə fikri azdırmaq niyyəti güdür. Məqsəd  gürcü fəallar üçün “iğtişaşları qızışdırmaq və hökumətin devrilməsinə yönəlmiş  təlimlərin” keçirilməsini təmin etmək olub. Təlim iştirakçılarına zorakı etirazlar, piket xətləri, nəqliyyatın pozulması və hökumət binalarının işğalı ilə bağlı dərslər veriblər.

Problem ondadır ki, Gürcüstandakı son insident USAİD-in adının qarışdığı ilk qalmaqal deyil. O, işlədiyi ölkələrdə siyasi proseslərə açıq müdaxilə etməsi, hakimiyyət çevrilişlərinə dəstək verməsi ilə məşhurdur. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bir qolu kimi yaradılmış USAİD ABŞ-ın hədəfində olan ölkələrdə fəlakətlər törədir.  ABŞ-ın siyasətinə boyun əyməyən dövlətlərin vətəndaş cəmiyyəti fəallarını ələ alaraq, onları ictimai etimadsızlığa sövq edir. Və bütün bu fəaliyyətini  demikratiyaya dəstək vermək adı altında gerçəkləşdirir.  

Onun imkanları hədsiz dərəcədə genişdir. Təkcə 2023-2025-ci illərdə “müxtəlif ölkələrdə vətəndaş cəmiyyəti quruculuğuna dəstək vermək üçün” USAİD 10  milyard dollara yaxın vəsait ayırıb. Göründüyü kimi, real fəaliyyətini “Vətəndaş cəmiyyətlərinin inkişafına töhfə vermək” adı altında pərdələyir. Reallıqda isə siyasi proseslərə müdaxilə edir, cəmiyyətlərdə  qarşıdurma yaratmağa çalışır. Gürcüstan DTX-nin açıqladığı son məlumat, bu baxımdan, indiyədək bilinən faktların rəsmi şəkildə  ifadəsidir.

USAİD eyni formalı hərəkətləri Azərbaycanda da təkrarlamağa təşəbbüslər göstərib. Həmin təşəbbüslər bu gün də davam edir. Məsələn, 2023-cü ildə guya “media və ifadə azadlığını dəstəkləmək üçün” 1,5 milyon dollarlıq vəsait ayrıb. Həmin vəsaitləri kimlərə xərcləyib, kimlərlə partnyorluq edib? Bütün bunlar barədə məlumat vermir. USAİD hesabatlı təşkilat deyil. Hansı ki, əksinə olmalıdır. Əgər o həqiqətən də “demokratik” inkişafı dəstəkləyirsə, ilk öncə bu prinsipi öz fəaliyyətində nümayiş etdirməlidir. Amma etmir. Qaranlıq, qeyri-şəffaf bir quruma çevrilir. Niyyəti saf olsaydı, fərqli davrana bilərdi.

Müşfiq Ələsgərli,

Media eksperti