İlk dəfə sükan arxasına əyləşərək ölümə səbəb olub - Bu cəza verildi

ilk-defe-sukan-arxasina-eyleserek-olume-sebeb-olub
Oxunma sayı: 1045

Bu ilin fevral ayında Bərdənin Qazaxlar kəndində ağır yol qəzası törədən 1999-cu il təvəllüdlü Mehdiyev Elnur Arif oğluna hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, onun barəsində açılmış cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. E.Mehdiyev Cinayət Məcəlləsinin 263-1.3-cü (sürücülük hüququ olmadan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi üzrə təqsirli bilinib.

Məlum olub ki, qəzanın baş verdiyi gün Elnur ilk dəfə avtomobilin sükanı arxasına əyləşərək nəqliyyat vasitəsi idarə edib. Belə ki, həmin gün gənc oğlan kənddə keçirilən “ciyəraxşamı”nda iştirak edib. Axşam saatlarında o, örüşdən gələn heyvanları tövləyə salmaq üçün məclisi tərk edib və tanışına məxsus “Qazel” markalı avtomobilə əyləşib. Təcrübəsiz sürücü kəndin daxili yolunda hərəkətdə olarkən sürətini azaltmadan dönmə manevri edib. Bu zaman maşın idarəetmədən çıxaraq, yolun kənarı ilə atın ipindən tutub piyada gedən 1972-ci il təvəllüdlü Sadıqov Elçin Balağlan oğlunu vurub. Xəsarət alan şəxs hadisə yerində vəfat edib.

Məhkəmədə Elnur Mehdiyev ilk dəfə sükan arxasına əyləşdiyini, həmin maşını qaçırmadığını və sahibinin şifahi razılığı ilə sürdüyünü deyib.

Mərhumun oğlu Elnurdan şikayətçi olmayıb.

Məhkəmənin hökmü ilə 27 yaşlı oğlana 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd olunub.

Qeyd edək ki, bu kimi cəzaçəkmə müəssisələrindəki məhkumların bəzi hallarda oranı tərk etməsinə icazə verilir.

Aslan Vəliyev