“İndi biz onları boğuruq” - Video

indi-biz-onlari-boguruq
Oxunma sayı: 1304

İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciət yayaraq regiondakı hərbi əməliyyatlar və İranla münasibətlər barədə kəskin bəyanatlarla çıxış edib.

“Qafqazinfo” “Times of Israel”ə istinadən xəbər verir ki, hökumət başçısı İrana qarşı aparılan kampaniyanın hələ yekunlaşmadığını, lakin İsrailin artıq strateji üstünlük qazandığını bildirib.

Çıxışı zamanı üzərində “Müqavimət oxu”nun qırmızı rənglə işarələndiyi Yaxın Şərq xəritəsini nümayiş etdirən Netanyahu İranı “boğduqlarını” bildirib:

“Onlar bizi boğmaq istəyirdilər, amma indi biz onları boğuruq. Onlara ağır zərbələr vurmuşuq, lakin hələ görüləsi işlərimiz çoxdur”.

Həmçinin Baş nazir siyasi fəaliyyətinin böyük hissəsini İranın nüvə silahına sahib olmasının qarşısını almağa həsr etdiyini qeyd edib.

O, bu məqsədlə gizli əməliyyatlara icazə verdiyini və beynəlxalq birliyi təhlükə barədə dəfələrlə xəbərdar etdiyini xatırladıb:

“Dünya bizi eşitmək istəmirdi, amma İsrail ötən ilin iyun ayında İrana birbaşa hücum etməklə regiondakı “qorxu səddini” tamamilə aşıb”.

Son olaraq, çıxışında kəşfiyyat orqanlarına qarşı sərt ittihamlar səsləndirən Netanyahu 7 oktyabr 2023-cü ildə HƏMAS-ın həyata keçirdiyi hücuma görə məsuliyyəti onların üstünə atıb. O, kəşfiyyat sistemini tənqid edərək bildirib ki, builki əməliyyatlar zamanı keçmişdən fərqli olaraq, dəqiq məlumatlar ona vaxtında çatdırılıb.