İran ayətullahı azərbaycanlıları təhqir etdi - Video

iran-ayetullahi-azerbaycanlilari-tehqir-etdi
Oxunma sayı: 16365

İranın ali dini rəhbəri ayətullah Seyid Əli Xamneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi ayətullah Seyid Həsən Amili Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə münasibət bildirib.

"Qafqazinfo" milli.az-a istinadən xəbər verir ki, Amili Ərdəbilin cümə namazı xütbələrində deyib ki, "hər bir ölkənin istədiyi tərəfdaşı ilə birgə hərbi təlimlər keçirməsi onun suveren hüququdur, lakin son təlimlərin hansı kontekstdə təşkil olunması narahatlıq doğurur: "Belə ki, təlimlər ərəfəsində Türkiyə hakimiyyətinə yaxın "Yeni Şafak" qəzetinin Azərbaycan Milli Məclisinin üzvü ilə müsahibə aparıb, həmin müsahibəyə "İran xəritədən silinəcək" başlığını seçməsi təəssüf doğurur".

İmam cümə qeyd edib ki, sən demə, "bununla da nə Türkiyə, nə də Azərbaycan qonşuluq haqqını yerinə yetirdilər".

"Ona görə də İran Milli Təhlükəsizlik Ali Şurası Arazın bu tayında silahlı qüvvələrin güc nümayiş etdirməsinə icazə verməlidir. İcazə verilməlidir ki, SEPAH sərhədlər boyunca təlimlər keçirsin, kimin kim olduğunu, gücümüzü onlara göstərsin. İcazə versinlər ki, İranın qüdrətini göstərsin, öz gücü ilə onlara kimliyimizi nümayiş etdirsin. Desin ki, "Şirin quyruğu ilə oynama!" Ərəblər deyər ki, "öz əndazəsini tanıyan öz həddindən çıxmasın". İndi ki, bu cür oldu, o deputat da həddini bilsin", - S.Amili söyləyib.

Bununla da kifayətlənməyən Seyid Həsən Amili "Yeni Şafak"a müsahibə vermiş azərbaycanlı millət vəkilini təhqir edib: "Ərdəbildə əvvəllər həyətlər böyük olardı. Günlərin birində, qışda, qar xirtdəyə çıxanda bir qonşu əlinə bir nəlbəki qovut alıb gedir qonşusunun evinə. Darvazanı döyür. O evin yiyəsi də qarı təmizləyə-təmizləyə gedir darvazaya tərəf ki, görsün kimdir qapını döyən. Qapını açanda görür qonşusudur, əlində də balaca nəlbəkidə qovut.

O boyda həyəti qarı yara-yara gəldiyinə, bu qovut üçün çalışdığını görəndə ev sahibi hirslənir və nəlbəkini alıb qovutu üfürür, dağıdır qarın üstünə, sonra da qonşusuna deyir: "Allah qəbul eləsin!" İndi mən də həmin deputata üfürürəm, deyirəm: "Allah qəbul eləsin!". Bilirəm, İsrailin Azərbaycandakı səfiri dediklərimi eşidəcək, görəcək. Səfirə deyirəm: o yazıq deputatın pulunu çox elə. Çünki mənliyini, heysiyyatını, şərəfini, azadlığını, ləyaqətini İsrailin puluna qurban verib. O yazıqdır, ona yaxşı pul ver!"

Ayətullah Amilinin bəhs etdiyi, guya "Yeni Şafak"da dərc olunmuş müsahibə isə feykdir və İrandakı anti-Azərbaycan qüvvələrin indiki isteriyasının başlanması üçün triqqer rolunu oynayıb.

Ayətullah Amilinin çıxışı İranın "İslam İnqilabı Keşikçiləri Korpusu"nun (SEPAH) hissələrinin Azərbaycanla sərhəd bölgələrdə hərbi təlimlərə qatılmasının "qanuniləşdirilməsi" üçün əsaslardan biri olub.