Bakının sinəsinə yaraşmayan cızma-qara döymələr...

bakinin-sinesine-yarasmayan-cizma-qara-doymeler
Oxunma sayı: 1205

Kinosu ilə gündəm olmayan kino mərkəzimiz başqa səbəblə dilə-dişə düşdü. Bir neçə gənc və yeniyetmə Nizami Kino Mərkəzinin divarını yazdı...  

Məktəbin divar qəzetini rişxənd obyektinə çevirənlər məğlubiyyətlərini anlayanda gec olur. Sonradan yazılan divarlar mədəniyyət yox, cahilliyin kobud manifestini yaradır. Zamanında dərsini yazmayanlar heç vaxt yazmağa düzgün ünvan tapmırlar... Özlərini hər şeyin tərs üzündə realizə etməyə çalışırlar. Məsələn, yazdığını, çəkdiyini nümayiş etmək üçün yaradılmış bir ocağın - kinoteatrın içini yox, çölünü seçirlər - divarına yazırlar. Çünki o enerji öyüd almış bir güc deyil ki, yaratdığı məhsul, yazdığı yazı kinoteatrın içinə daxil ola bilsin. Tərbiyəsiz məhsullar naxış məqsədilə yaradıldıqda da ləkə kimi görünür. Ləkə də daim üzdə olur, daxildə yox. 

Həmin yeniyetmələrin Nizami Kino Mərkəzinin divarına yazdığı sözlər, rəqəmlər, çəkmək istədiyi “şəkillər” heç qraffiti cəhdləri də deyil, sadəcə tərbiyəsizlikdir. Qraffiti olsa belə... Qraffiti, bəlkə də, hansısa andeqraund, modern mədəniyyətlərdə bəzək kimi görünə bilər. Ancaq Şirvanşahların şəhər mədəniyyətini, xəlvətilərin nəfəsini özündə saxlayan, onlarla mədəniyyətə beşik olmuş Bakının mərmər sinəsinə belə eksperimental cızma-qara döymələr yaraşmır. 

Bu sadəcə bir neçə başıpozuq yeniyetmənin əməli olsa, üzərindən səssiz də keçmək olardı, təəssüf ki, bu bir generasiyanın problemidir. Bilmirəm, bu iddia elmi müstəvidə sübut olunub, ya yox, ancaq bir neçə mötəbər mənbədə qeyd olunur ki, “Z” nəsli yeganə generasiyadır ki, özündən əvvəlki nəsildən daha az intellektualdır. 

Qınanılası da deyil, yeniyetməliyi, gəncliyi “reels” videolar dönəminə düşən bir nəslin düşüncəsi tam fərqli formalaşır. Bu nəslin əksər nümayəndələrinin şüuraltında texnoloji partlayışın qəlpələri yer alıb. Əksər hadisələrə, bəzən həyatın ən ciddi mətləblərinə belə bir qısa video baxırmış kimi baxır, sonra barmağı ilə özündən uzaqlaşdırmaq istəyir. Bu yeniyetmələr əksər məsuliyyətlərdən kənar gəzmək istəyərək sonda özlərini ən arzuolunmaz sərhədlərdə, sıldırımlarda tapırlar. Məsələn, bizim mövzumuz müstəvisində baxsaq, Nizami kinotetrının içində olmaqdansa, çölündə qalırlar. Ssenari yazıb kinotetrlar fəth etməkdənsə, kinoterın divarını yazıb özlərini məhv edirlər. 

Təbii, bu generasiya ilə bağlı kobud ümumiləşdirmə də düzgün deyil, çünki məhz Z nəslinin yüzlərlə nümayəndəsi bu gün dünyaca məşhur şəxslərdir və öz həmkarlarını bütün müstəvilərdə qabaqlamağı bacarırlar. Az əvvəl qeyd olunanlara, yeni nəslin ümumi bəlası kimi baxsaq, daha düzgün olar. 

Nizami Kino Mərkəzinin divarlarında tərbiyəsizlik nümayiş edənlərin əməlini ümumi bir generasiyanın tipik xarakteristikası kimi göstərib bu vandallığa obyektivlik qazandırmaq istəmirəm. Çünki heç kəsin haqqı yoxdur ki, durna lələyi ilə qalın-qalın kitablar yazan nəcib bir şəxsiyyətin - Nizaminin adını daşıyan ocağın divarına anlaşmaz, ədəbsiz, tərbiyəsiz sözləri əks etdirən his-pas sürtsün. Qanunsuzluq varsa, onun qarşısında qanun durur və duracaq. Divarı yazan yeniyetmələr, gənclər kimlərdirsə yaşlarına uyğun cəzalanıdırlmalıdır. Çünki bu, bilməyərəkdən, təsadüfən edilən bir səhv deyil, bu bir neçə şəxsin bikarçılıqdan törətdikləri düşünülmüş gecə tərbiyəsizliyidir.

Həmin şəxslərin valideynləri xüsusilə bu məsələdə mənəvi məsuliyyət daşıyır, yeniyetməlik yaşına çatmayan uşaqların gecə saatlarında şəhərin küçələrində avaralıq etməsi, planlı şəkildə şəhərin simasını korlaması zamanında susdurulmalı bir həyəcan siqnalıdır. Bu gün yazılarını Nizami Kino Mərkəzinin divarına yazan uşaqlar və onların həmyaşıdları şəhərimizin sabahının ssenarisini yazmalı şəxslərdir. Onlar qraffiti qablarını tullayandan sonra əllərinə nə alacaqlar? Mənəviyyatın uduzduğu yerdə vandalizm qalib gəlir, bu isə şəhərin də, gələcəyin də ən təhlükəli ssenarisidir.

Sərdar Amin

Xüsusi olaraq “Qafqazinfo” üçün