Rəqəmsallaşmanın sürətlə irəlilədiyi dövrdə səhiyyə də yeni yanaşmalara ehtiyac duyur. Tibbi xidmətlərin daha əlçatan, sürətli və şəffaf olması artıq əsas tələblərdən birinə çevrilib. Müsahibimiz gənc yaşında olmasına baxmayaraq, bu ehtiyaca cavab verən innovativ bir layihə – “Care” platformasını yaradıb. O, həm pasiyentlər, həm də həkimlər üçün tibbi məlumatların idarəsini sadələşdirən rəqəmsal həll təqdim edir.
Bu söhbətdə biz onun ideyasının necə yarandığını, platformanın funksiyalarını və gələcək vizyonunu ilə daha yaxından tanış olacağıq.
“Qafqazinfo” həmin müsahibəni təqdim edir:
- Özünüzü təqdim edərdiniz.
- Mən Əli Yusubov Barat Oğlu Bakıda anadan olmuşam. 20 yaşındayam və 2023-cü ildə Dünya məktəbinin “International Baccalaureate” proqramını bitirmişəm. Hazırda Amerikada, "Boston College"də Biokimya, tibb fakültəsində təhsil alıram.
- Əli, texnologiyaya marağınız necə başladı və “Care” elektron sağlamlıq platformasını yaratmaq ideyası necə yarandı?
- Texnologiyaya marağım gündəlik həyatımda onun nə qədər faydalı olduğunu görməklə başladı. Texnologiyadan aktiv istifadə etməyim işlərimi daha səmərəli qurmağa və vaxtımı daha düzgün idarə etməyə kömək edirdi. Bu təsiri öz üzərimdə gördükcə, düşündüm ki, eyni rahatlıqdan başqaları da faydalana bilər. “Care” platformasının ideyası da məhz buradan yarandı. Uşaqlıqdan həkim olmaq arzusu ilə böyüdüyüm üçün səhiyyə sahəsində faydalı bir həll yaratmaq istəyirdim. Həkimlərin iş yükünü azaltmaq, pasiyentlərin isə daha rahat və sürətli şəkildə tibbi xidmətə çıxışını təmin etmək məqsədilə bu platformanı hazırlamağa qərar verdim.
- “Care” platforması nədir? Sadə dillə izah edə bilərsinizmi?
- “Care” platforması sadə dillə desək, insanların bütün tibbi məlumatlarını bir yerdə toplayan, onları idarə etməyə və paylaşmağa imkan verən rəqəmsal sağlamlıq sistemidir.
Bu platforma vasitəsilə pasiyentlər: “dr.ecare” mobil tətbiqi sayəsində analiz nəticələrini, reseptlərini və müayinə tarixçəsini bir platformada saxlayır, istənilən vaxt və istənilən yerdən bu məlumatlara çıxış əldə edir, həkim qəbuluna onlayn yazıla və tibbi proseslərini daha rahat idarə edə bilir.
Eyni zamanda həkimlər üçün də “Care” böyük rahatlıq yaradır. Onlar: “dr.ecare.az” platformasında olan hesabında pasiyentin əvvəlki tibbi məlumatlarını dərhal görə bilir, diaqnoz və müalicə prosesini daha dəqiq planlaşdırır, nəticə və tövsiyələri pasiyentə operativ şəkildə göndərə bilir. Ümumilikdə, “Care” platformasının əsas məqsədi səhiyyə xidmətlərini rəqəmsallaşdırmaq, pasiyent və həkim arasında əlaqəni gücləndirmək və tibbi xidmətləri daha sürətli, şəffaf və əlçatan etməkdir.
- “dr.ecare” pasiyentlərə konkret olaraq hansı imkanları yaradır?
- Pasiyentlər üçün bu platforma tibbi xidmətlərə çıxışı daha rahat və əlçatan edir. Tibbi məlumatların vahid platformada toplanması sayəsində analiz nəticələri, reseptlər və müayinə tarixçəsi bir yerdə saxlanılır və itmə riski aradan qalxır. İstənilən vaxt çıxış imkanı isə istifadəçilərə telefon və ya kompüter vasitəsilə məlumatlarına 24/7 baxmaq rahatlığı yaradır. Onlayn həkim qəbulu funksiyası ilə pasiyentlər həkim seçə, qəbul vaxtını asanlıqla təyin edə və lazım olduqda dəyişiklik edə bilirlər. Elektron resept və nəticələr sayəsində bütün tibbi sənədlər kağıza ehtiyac olmadan rəqəmsal formada təqdim olunur ki, bu da həm sürətli, həm də ekoloji baxımdan daha əlverişlidir. Bundan əlavə, bildiriş və xatırlatma sistemi dərman qəbulu, növbəti müayinə və ya qəbul vaxtı ilə bağlı istifadəçiləri vaxtında məlumatlandırır və müalicə prosesinin daha düzgün idarə olunmasına kömək edir. Həmçinin pasiyentlər xəstəxanalar haqqında məlumat, sığorta şirkətləri ilə inteqrasiya, seçilmiş həkimlərin siyahısı, tibbi mərkəzlərə çıxış imkanları əldə edə bilirlər.
- Bəs “dr.ecare.az” platformasının həkimlər üçün hansı imkanları yaradır?
- Pasiyent məlumatlarına sürətli çıxış sayəsində xəstənin tibbi tarixçəsi və əvvəlki müayinə nəticələri dərhal əldə olunur. Qəbul prosesinin və pasiyent axınının idarə olunması sadələşir – görüşlərin planlaşdırılması, vaxtların tənzimlənməsi və izlənməsi daha rahat həyata keçirilir. Elektron sənədləşmə funksiyası vasitəsilə Səhiyyə Nazirliyinin standartlarına uyğun reseptlər və tibbi qeydlər sistem üzərindən hazırlanır və birbaşa göndərilir, bu da həm vaxta qənaət edir, həm də kağız işlərini minimuma endirir. Eyni zamanda, operativ kommunikasiya imkanları sayəsində pasiyentlərlə daha sürətli və effektiv əlaqə qurmaq mümkün olur. Bundan əlavə, statistika və analiz alətləri müalicə nəticələrini və pasiyent məlumatlarını təhlil etməyə şərait yaradır ki, bu da xidmət keyfiyyətinin davamlı şəkildə yaxşılaşdırılmasına kömək edir.
- Sizcə, bu platformanı digərlərindən fərqləndirən əsas cəhət nədir?
- “Care” platformasını digərlərindən fərqləndirən əsas cəhət onun sadəliyi ilə yanaşı, həm pasiyent, həm də həkim üçün eyni anda real dəyər yaratmasıdır. Bir çox mövcud sistemlər ya yalnız həkimlər üçün nəzərdə tutulur, ya da yalnız pasiyent yönümlü olur. “Care” isə bu iki tərəfi bir platformada birləşdirərək aradakı kommunikasiya boşluğunu aradan qaldırır. Platforma bütün tibbi məlumatları mərkəzləşdirir, beləliklə istifadəçi müxtəlif klinikalar arasında sənəd və nəticə axtarmaq məcburiyyətində qalmır. Eyni zamanda, sadə və əlçatan interfeysə fokuslanması texnologiyadan uzaq istifadəçilər üçün belə rahat istifadə imkanı yaradır. Digər vacib məqam isə layihənin yanaşmasıdır: “Care” sadəcə texniki bir sistem deyil, real həyatda qarşılaşılan problemlərdən yaranmış praktik bir həll modelidir. Qısaca desək, “Care” platformasının fərqi ondadır ki, o səhiyyəni daha mürəkkəb deyil, əksinə daha sadə, əlçatan və istifadəçi yönümlü etməyə çalışır.
- Proqramı hazırlayarkən ən çətin mərhələ hansı oldu?
- Proqramı hazırlayarkən ən çətin mərhələ onun real həyatda nə qədər effektiv olacağını müəyyənləşdirmək idi. Bunun üçün yalnız texniki baxımdan deyil, praktik istifadəyə uyğunluq da əsas məsələ idi. Bu mərhələdə mənə ixtisasca həkim olan ailəvi tanışlar və dostlar dəstək oldular. Onların təcrübəsi və tövsiyələri əsasında platformaya vacib funksiyalar əlavə edildi, istifadə rahatlığı artırıldı. Nəticədə proqramın daha əlverişli və real ehtiyaclara uyğun formalaşmasına nail olduq.
- Gənc yaşda belə bir layihə yaratmaq kifayət qədər məsuliyyət tələb edir. Sizi motivasiya edən nə idi?
- Bu layihəni yaratmaqda əsas motivasiyam həkimlik peşəsinə olan marağım idi. Səhiyyə sahəsinə olan bu yaxınlıq məni bu istiqamətdə faydalı bir iş görməyə həvəsləndirdi. Eyni zamanda, valideynlərimin dəstəyi və onların bu peşə haqqında mənə öyrətdikləri biliklər mənim üçün böyük motivasiya mənbəyi oldu. Bu dəstək sayəsində ideyamı reallaşdırmaq üçün daha inamla çalışdım.
- Gələcəkdə bu platformanı necə inkişaf etdirməyi planlaşdırırsınız?
- Gələcəkdə bu platformanın daha geniş auditoriyaya çatması üçün onu inkişaf etdirməyi planlaşdırıram. Əsas hədəflərimdən biri müxtəlif dillərin əlavə olunmasıdır ki, fərqli ölkələrdən istifadəçilər də rahat şəkildə platformadan yararlana bilsinlər. Eyni zamanda, proqramın texniki baxımdan daha da gücləndirilməsi, peşəkar mühəndislərlə işləyərək funksionallığın artırılması və istifadəçi təcrübəsinin daha da yaxşılaşdırılması da əsas planlarım sırasındadır.
- Özünüzü hansı sahədə görürsünüz?
- Qeyd etdiyim kimi, insanlara şəfa vermək və cəmiyyət üçün faydalı olmaq istəyi məni daha çox tibbi sahəyə yönəldir. Buna görə də gələcəkdə özümü məhz tibbdə, insanlara kömək edən bir mütəxəssis kimi görürəm.
- Sonda sizin kimi ideyası olan digər gənclərə nə tövsiyə edərdiniz?
- Digər gənclərə tövsiyəm odur ki, öz maraq və arzularının ardınca getsinlər. İnsan sevdiyi sahədə çalışanda daha motivasiyalı olur və bu da uğurun əsasını təşkil edir. Eyni zamanda, ideyalarını həyata keçirməkdən çəkinməsinlər, kiçik addımlarla başlasınlar və daim öz üzərlərində işləsinlər. Bu yanaşma zamanla daha böyük nəticələr əldə etməyə kömək edir.