Kök hüceyrədən insan ürəyinin qapaq toxuması yaradıldı

kok-huceyreden-insan-ureyinin-qapaq-toxumasi-yaradildi
Oxunma sayı: 320

Avstraliyada tədqiqatçılar kök hüceyrə texnologiyasından istifadə etməklə insan ürək qapaqlarının xüsusiyyətlərini təqlid edən toxumalar hazırlayıblar. Alimlər hesab edirlər ki, bu yenilik ürək qapağı xəstəliklərinin öyrənilməsinə və gələcəkdə yeni müalicə üsullarının hazırlanmasına kömək edə bilər.

“Qafqazinfo” xəbər verir ki, Melburn şəhərindəki “Murdoch” Uşaq Tədqiqat İnstitutunun (MCRI) məlumatına görə, araşdırma dünyada geniş yayılmış ürək qapağı xəstəliklərinin daha yaxşı öyrənilməsi məqsədilə aparılıb.

Tədqiqatçılar laboratoriya şəraitində kök hüceyrələrdən istifadə edərək insan ürək qapaqlarının molekulyar xüsusiyyətlərini təqlid edən toxumalar əldə ediblər. Yeni model alimlərə xəstəliyin inkişaf mexanizmlərini araşdırmağa və mümkün müalicə üsullarını sınaqdan keçirməyə imkan verə bilər.

Tədqiqatın müəlliflərindən biri, doktor Holli Voges bildirib ki, əldə olunan nəticələr həm uşaqlarda, həm də böyüklərdə zədələnmiş ürək qapağı toxumalarının müalicəsi üçün yeni imkanlar yarada bilər.

Onun sözlərinə görə, hazırlanmış model sayəsində yeni müalicə üsullarının sınaqdan keçirilməsi və inkişaf etdirilməsi prosesi sürətlənə bilər.

Alimlər bildirirlər ki, bu yanaşma gələcəkdə ürək qapağı xəstəliklərinin müalicəsi üçün daha effektiv üsulların hazırlanmasına töhfə verə bilər.

Tədqiqatın nəticələri “Cell Stem Cell” jurnalında dərc olunub.