“LeaderInMe” məktəblərində uşaqlar müstəqil olmağı öyrənir”

leaderinme-mekteblerinde-usaqlar-musteqil-olmagi-oyrenir
Oxunma sayı: 2001

Hazırda dinamik inkişaf edən dünyada uşaqların təkcə akademik biliklərinin deyil, həm də həyati bacarıqların inkişaf etdirilməsi xüsusi önəm daşıyır. Bu xüsusda, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi şagirdlərin bacarıq və səriştələrini artırmaq, müasir rəqabət mühitinə tam hazır olmalarını təmin etmək və gələcəyin liderləri kimi inkişaf etdirmək məqsədilə artıq 3 ildir ki, ABŞ-nin “FranklinCovey” şirkəti ilə əməkdaşlıq edir və bu əməkdaşlıq çərçivəsində “LeaderInMe” proqramını tədris edir. 

Adı çəkilən şirkətin Avropa, Yaxın Şərq və Afrika üzrə regional direktoru Castin Permenter (Justin Permenter) “Qafqazinfo”ya müsahibəsində “LeaderInMe” proqramının əhəmiyyətindən və onun şagirdlərin gələcək həyatında qazandıracağı bacarıqlardan bəhs edib.

Müsahibəni təqdim edirik:

- “LeaderInMe” nədir?

- “LeaderInMe” uşaqların inkişafına və tərbiyəsinə hədəflənən prosesdir. Bu prosesdə məktəblərə dəstək olmaq üçün onlarla əməkdaşlıq edirik. Uşaqların təkcə məktəb üçün yox, gələcək həyat üçün əsas bacarıqlarının olması üçün çalışırıq.  “LeaderInMe” müştəriyə satıb, sağollaşdığımız bir məhsul deyil. Əslində biz müəllimlərdə və məktəbin digər əməkdaşlarında yüksək effektli paradiqmalar və yumşaq bacarıqların inkişafına yönəldilmiş təcrübələri paylaşdığımız təlimlərlə başlayırıq. Onlar qərar qəbul etmə, problem həll etmə, olduqca vacib olan özünüdərk və daha da vacib olan şəxslərarası münasibətlərlə bağlı bacarıqlara yiyələnirlər. Sadaladıqlarım tək mənim ölkəmdə deyil, həm də bütün dünyada  unudulur.

- Valideynlər “LeaderInMe” tədris prosesində hansı rol oynayır?

- Məktəb cəmiyyət üçün çox önəmlidir, amma bütün problemləri həll edə bilməz. Biz valideynlərlə bir komanda olaraq əməkdaşlıq edirik. Onların dəstəyi, rəyləri, uşaqlarla iş zamanı uğur qazanmaq üçün zəruridir. Çox tez-tez görürük ki, uşaqlar məktəbdə öyrəndiklərini evdə valideynlərinə də öyrədirlər. Bu yaxınlarda belə bir hadisə olmuşdu. 4-cü sinif şagirdi evdə anasına: “Ana, sən mənə yaxşı qulaq asmırsan və bu düzgün deyil”. (Burada söhbət “Yüksək effektli insanların 7 bacarığı” kitabında yer alan bacarıqlardan biri – 5-ci bacarıqdan gedir). Anası isə övladından 5-ci bacarığın nə demək olduğunu soruşub? Şagird bu bacarığın “Əvvəlcə başa düşməyə, sonra başa düşülməyə çalış” ideyasından ibarət olduğunu izah edib. Bir sözlə desək, bu bacarıq insanlara əvvəlcə dinləməyi, sonra danışmağı öyrədir. Bu çox vacib bacarıqdır. Belə ki, bəzən biz böyüklərin iş mühitində də bu bacarığın olmadığının şahidi oluruq.

- Şagirdlər “LeaderInMe” proqramı vasitəsilə nələri öyrənirlər?

- Biz məktəblərə uşaqlara öyrədiləcək əsas həyati və liderlik bacarıqlarına aid təlimin proqramını təqdim edirik. Biz istəyirik ki, uşaqlar məktəbə təkcə akademik biliklər almaq üçün deyil, həm də həyatın mənasını başa düşmək üçün gəlsinlər. Biz hər kəsə həyatın mənasını öyrətdiyimizi iddia etmirik, istəyirik ki, uşaqlar özləri bu haqda düşünsün. Bu çox önəmlidir. İstəyirik ki, onlar bu mühitdə inkişaf etsinlər. “LeaderInMe” məktəblərində uşaqlar müstəqil olmağı öyrənirlər. Bir az əvvəl adını qeyd etdiyim kitabda belə bir model var: ilk üç vərdiş şəxsiyyətə, yəni bizə aiddir. Yəni bu şəxsiyyətin inkişafı üçündür. Hamımız həyata asılı varlıqlar kimi başlayırıq. Misal üçün mən doğulanda demək olar ki, heç nə edə bilmirdim. Ana-atamdan asılı idim.. Tədricən həyat təcrübəsi və məktəbdə öyrəndiklərimizlə müstəqil oluruq. Lakin bu hələ son deyil. Biz təkcə öz ailəmiz və məktəb dostlarımızla yaşamırıq. Dünyada çox sayda mədəniyyətlər, dillər, dəyərlərlə birgə yaşayırıq. Bizə başqa insanlarla ünsiyyət qurmağa kömək edən bacarıqların olması çox vacibdir. Ali məqsədimiz müstəqil olmaq deyil, qarşılıqlı asılılığımızı anlamaqdır. 

- “21-ci əsr məktəbi” ilə artıq 3 ildir ki, əməkdaşlıq edirsiniz. Birgə səylərlə nələrə nail olmusunuz? Təəssüratlarınız necədir?

Mən dünən gəlmişəm. İlk dəfədir Bakıdayam. Çox gözəl təəssüratlarım var. Məktəbə girəndə uşaqları çox xoşbəxt gördüm. Anladım ki, yaxşı məktəbdir və akademik səviyyəsi də yaxşıdır. Məktəbdəki uşaqlar haqda düşünəndə öz uşaqlarım haqda da düşünürəm. Eynisini onlar və dünyadakı bütün uşaqlar üçün də istəyirəm. İstəyirəm ki, onlar xoşbəxt olsunlar. Burada gördüyüm də odur. Biz buradakı uşaqların və bu yolda onlara kömək olan müəllimlərin uğuruna inanırıq.