“Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhiş bağları ərazisində su xətti partlayıb, bütün küçəmiz suyun altındadır. Evimizə gedib-gələ bilmirik”.
Bu barədə “Qafqazinfo”ya həmin ərazidə yaşayan sakinlər müraciət ediblər.
Onların sözlərinə görə, 20 gündən çoxdur ki, bu vəziyyətdədirlər. Nəticədə 15-ci dalanın girişi bağlanıb, su əsas yola, dalana və evlərə axır.
Vətəndaşlar iddia edirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem həll olunmayıb.
Məsələ ilə bağlı ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə ünvanladığımız sorğuya belə cavab aldıq: “Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhiş bağları 15-ci dalanın giriş hissəsində (“Sea Breeze”ə gedən əsas yolun sağ kənarında) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşmiş içməli və tullantı su təchizatı mövcud deyil. Əraziyə baxış keçirilib, ətrafa yığılan və axan sular qrunt sularıdır”.
Gülnar Əliyeva

Son xəbərlər
Son Xəbərlər