Maliyyə icarəsi vaxtından əvvəl ləğv ediləcək

maliyye-icaresi-vaxtindan-evvel-legv-edilecek
Oxunma sayı: 554

Maliyyə icarəsi müqaviləsinin vaxtından əvvəl ləğvi qanunla tənzimlənəcək.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzkirəyə çıxarılan yeni - “Maliyyə icarəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, icarəyə verən maliyyə icarəsi müqaviləsini aşağıdakı hallarda vaxtından əvvəl ləğv edə bilər:

- icarəçinin maliyyə icarəsi obyektindən istifadə şəraiti maliyyə icarəsi müqaviləsinin şərtlərinə və ya maliyyə icarəsi obyektinin təyinatına uyğun olmadıqda;

- icarəçi tərəfindən bu Qanunun 9.2-ci maddəsinin tələbləri pozulduqda;

- icarəçi maliyyə icarəsi obyektini işlək halda saxlamadıqda və bu da onun istismara yararlılıq vəziyyətini pisləşdirdikdə;

- bu Qanunun 9.1.3-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, icarəçi maliyyə icarəsi ödənişlərini təqvim ili ərzində üç dəfə və ya maliyyə icarəsi müqaviləsində nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfə ödəmədikdə;

- icarəçi icarəyə verənin bu Qanunun 8.1.1-ci və ya 8.1.2-ci maddələrində nəzərdə tutulmuş tələblərinə əməl etmədikdə;

- Mülki Məcəllənin 422-ci maddəsində nəzərdə tutulmuş hallarda;

- icarəçinin sahibkarlıq fəaliyyətinə xitam verildikdə, icarəçi  ləğv edildikdə və ya müflis elan olunduqda.

İcarəçi maliyyə icarəsi müqaviləsini bu Qanunun 9.1.3-cü maddəsində nəzərdə tutulan hallarda maliyyə icarəsi obyektini geri qaytarmaqla vaxtından əvvəl ləğv edə və vurulmuş zərərin ödənilməsini icarəyə verəndən tələb edə bilər. Bu zaman icarəçi  tərəfindən icarəyə verəndən maliyyə icarəsi ödənişlərinin geri qaytarılması tələb edildikdə maliyyə icarəsi müddəti ərzində maliyyə icarəsi obyektindən icarəçinin əldə etdiyi faydanın ağlabatan dəyəri geri qaytarılan maliyyə icarəsi ödənişlərindən çıxılır. 

Maliyyə icarəsi müqaviləsi vaxtından əvvəl ləğv edildiyi halda, icarəyə verən maliyyə icarəsi obyektini digər icarəçiyə təkrar maliyyə icarəsinə verə bilər. Maliyyə icarəsi obyektinin alqı-satqı müqaviləsi üzrə satıcının icra olunmamış öhdəlikləri mövcud olduqda icarəyə verən maliyyə icarəsi obyektinin satıcısını yeni icarəçi barədə məlumatlandırmalıdır.

Nuranə Daxilqızı