Mayın 30-da Masallı rayon Gənclər evində “Masallı folkloru örnəkləri” 3- cü cildinin təqdimat mərasimi keçirilib.
Masallı rayon İcra hakimiyyətinin, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, o cümlədən QHT və KİV təmsilçiləri, mədəniyyət işçiləri, yazarlar, müəllimlər, gənclər, habelə Bakıdan gəlmiş ziyalılar iştirak edib. Tədbir Masallı şəhidlərinin timsalında bütün dönəmlərdəki Azərbaycan şəhidlərinin xatirəsinə sayğı duruşu və Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, tədbirin aparıcısı – MM Mədəniyyət Komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı giriş sözü söyləyərək, may ayına təvafüq edən önəmli tarixi hadisələrdən, o cümlədən Xalq Cümhuriyyətinin elanının, Ümummilli lider Heydər Əliyevin anadan olmasının məhz bu aya düşməsindən söz açaraq, folklora, ədəbiyyata, ümumən mədəniyyət və sənətə dövlət qayğısından danışıb. Ə.Qoşalı vurğulayıb ki, o, Xalq Cümhuriyyətimizin və Ümummilli liderin adını təsadüfən çəkməyib: çünki xalq yaradıcılığının sosial-mədəni və ictimai-mənəvi aspektlərinin öyrənilməsi folklorşünaslıq elmimizin qarşısında duran güncəl problemlərdəndir”.
Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov və tanınmış folklorşünas alim Prof.Dr. Fuzuli Bayat , filologiya üzrə fəlsəfə doktoru Aynur Ibrahimova tədbirin, eləcə də kitabın məna-mahiyyəti haqqında çıxış etdikdən sonra təşkilatçı qurumlar adından “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB-in) sədri Arzu xanım Bağırova çıxış edib.
Arzu Bağırova rəhbəri olduğu ictimai birliyin mədəniyyət-sənət layihələrindən söz açıb, çoxsaylı nəşrlərlə çıxış etdiyini bildirib.
O, “Masallı folkloru” çoxcildliyini də yuxarıda vurğulanan fikirlər işığında şərh edib.
Arzu Bağırova çıxışının sonunda, Masallı rayon İcra hakimiyyətinə, AMEA Folklor İnstitutuna, sözügedən kitabda əməyi keçən hər kəsə, özəlliklə, müəlliflərə könül dolu təşəkkürünü yetirib: “Bu tədbirin təşkilinə mənəvi dəstək göstərən bütün könül dostlarına, buraya təşrif buyurduğunuza görə sizlərin hər birinizə təşəkkür edirəm”.
Arzu Bağırova Masallı rayon İcra hakimiyyəti başçısı Araz Əhmədov və folklorşünas alim Prof.Dr. Füzuli Bayata RHİMİB plaketi və rəmzi hədiyyələr təqdim edib.
Tədbirin bədii bölümündə yerli folklor qrupu çıxış edib.