Milli Şuranın xəyanət xəstəliyi...

milli-suranin-xeyanet-xesteliyi
Oxunma sayı: 6402

Mayası dərəbəyliklə yoğrulanların reallığı anlaması üçün daha nə baş verməlidir ki?

Tükənmiş radikal müxalifət hələ də öz gündəmini dəyişə bilmir. Azərbaycanın siyasi həyatında mövcudluqları bilinməyən, iş-gücləri sosial şəbəkələrdə gün keçirmək olan Milli Şura yenə ənənəvi və çürük taktikaya əl atıb. Bütün Azərbaycan xalqının gündəminin Qarabağdan Rusiya sülhməramlılarının vaxtından əvvəl çıxarılması, Qazaxın 4 kəndinin qansız-qadasız boşaldılması kimi növbəti tarixi zəfərlər olduğu bir vaxtda Milli Şura özünə tam fərqli gündəm qurub.

Bunun özü Milli Şuranın xalqa aidiyyəti olmadığının real göstəricisi deyilmi?!

Əslində həmişə belə olub; Azərbaycan hansısa tarixi uğura imza atanda, hansısa beynəlxalq tədbirə ev sahibliyi etmək ərəfəsində olanda Milli Şura tam fərqli cəbhədə yer alıb. Ölkənin imicinə zərbə vurmaq üçün əl-qolunu çırmalayıb, yadına mitinq, sərbəst toplaşmaq kimi çeynənmiş, heç bir ictimai dəstəyi olmayan tezislər düşüb. İllərdir davam edən bu ssenari radikal müxalifətin məhz Azərbaycanı sevməyən qüvvələr tərəfindən idarə olunmasına, tutduqları xəyanət yoluna sadiqliklərinə şübhə yeri qoymayıb.

İndi də eyni vəziyyətdir. Azərbaycan bu gün tarix boyu rast gəlinməyən uğurlara imza atmaqda, “Ruslar evinizə girdisə, onları oradan çıxarmaq çətin olur” kimi tezislərə müəlliflik edən dünya siyasətçilərinin proqnozlarını alt-üst etməkdədir.  Paralel olaraq, Azərbaycan COP29 kimi nüfuzlu beynəlxalq tədbirə hazırlaşmaqdadır və ölkəmizə müstəqillik tarixində ilk dəfə rekord sayda dünyanın tanınmış simaları toplaşacaq.

Belə bir vaxtda Milli Şura nə edir? Kütləvi aksiya çağırışı ilə ortaya düşür. Bunun adı müxalifətin yoluxduğu xəyanət xəstəliyinin yenidən metastazıdır.

Milli Şura bilərəkdən mitinqin keçirilməsi üçün elə yerlər təklif edir ki, həmin məkanlarda aksiyalara razılıq verilməsi sadəcə mümkünsüz olsun. Yaxşı anlayırlar ki, mitinq üçün arzulanan ərazilər çoxdan meydan statusunu itirib. Bu ərazilərdə yeni infrastruktur, müxtəlif ticarət və iaşə obyektləri inşa edilib, beləliklə, əhalinin ən gur olduğu ərazilərə çevrilib. Bu cür ərazilərdə əhalinin gediş-gəlişinə, istirahətinə əngəl törədilməsi baxımından mitinqin keçirilməsi qeyri-mümkündür.

Bunu bilə-bilə müxalifətin həmi yerlərə üz tutmasının səbəbi gün kimi aydındır- sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması ilə bağlı bəyanatla çıxış etmək üçün bəhanə qazanmaq, ardınca Azərbaycanı sevməyən xarici qüvvələrə mesaj ötürmək. Milli Şuranın bu gün yaydığı bəyanatda beynəlxalq ictimaiyyətə, xüsusilə də ABŞ, Avropa İttifaqı, Avropa Şurasına çağırışın yer alması bunun əyani isbatıdır.  Xalqın dəstəyini tam itirən müxalifət beynəlxalq qurumlardan dəstək, yenidən maliyyə qoparmaq dilənir, eyni zamanda xəyanətini davam etdirmək, bu yolla ayaq üstə qalmaq üçün hər şeyə hazır olduğunu sərgiləyir.

90-cı illərin əvvəllərində baş verənləri xatırlasaq, Milli Şurada olanların mayasının dərəbəylik, anarxiyadan yoğrulduğunu görərik. Hakimiyyətə bu yolla gələn, iqtidarda olduqları 1 illik müddətdə də dərəbəyliyi, anarxiyanı  dövlət siyasətinə çevirənlərin həmin dövrün xiffətini çəkdikləri hardasa anlaşılandır. Düşünürlər ki, bəlkə bu dövrə qayıtmaqla iqtidar ehtiraslarını gerçəkləşdirə bilərlər. Radikal müxalifət anarxiya, dərəbəylik zamanına dönmək yolunu tutmağı, bunun üçün beynəlxalq qurumlardan dəstək dilənməyi çıxış yolu kimi dərk edir. Fəqət unudurlar ki, xalq müxalifətin üzərindən çoxdan xətt çəkib, bu düşərgənin ən güclü zamanında belə ona “yox” deyib.

Hazırda cəmiyyətin istəmədiyi, yadına belə düşmədiyi aksiyaların virtual məkanda israrla müzakirəsini davam etdirmək, həm də çarəsizliyin, acizliyin görüntüsüdür. Müxalifətdə inandırıcı, gerçəkçi sosial-iqtisadi proqramlarla mübarizə aparmaq, mübarizəni, davanı intellektual müstəvidə yürütmək imkanları çoxdan sıfıra enib.

Azərbaycan dövləti AXC-Müsavat cütlüyünün 1 illik hakimiyyətinin miras qoyduğu bütün bəlalardan, problemlərdən xilas olub. Bu problemin ən böyüyü isə təbii ki, Qarabağ münaqişəsi idi. Məhz bu dövrdəki ağlagəlməz özbaşınalıq, dərbəylik, ardıcıl xəyanətlər torpaqlarımızın itirilməsi ilə sonuclandı, dövlət məhvə sürükləndi.

İllər sonra güclü Azərbaycan dövləti Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə xalqımızı tarixi  zəfərə qovuşdurdu, mümkünsüz görünən reallığa çevrildi, suverenliyimiz tam bərpa olundu. Xalqın alnına AXC-Müsavat cütlüyünün sürdüyü ən böyük ləkə təmizləndi. Azərbaycan xalqının qüruru, mənliyi özünə qayıtdı.

Xalq bütün bu gerçəklilkləri görür və dəyərləndirir. Ona görə də xalq xəyanət yolu tutan, Azərbaycana məğlubiyyətlər gətirən radikal müxalifəti birdəfəlik tarixin arxivinə gömüb. Yeni dövrə qədəm qoyan Azərbaycanda bu ünsürlərə yer yoxdur. Bunu müxalifətə zamanında güclü dəstək verən, son vaxtlar reallığı həzm edib, bu dəstəyi azaldan xarici qüvvələr belə anlayır. Ona görə də ənənəvi mitiniq taktikası ilə adaptasiya olmaq, Azərbaycanda qarşıdurma yaratmaqla nəyəsə nail olmaq xülyaları qurmaq məhvə məhkumdur. Bunu müxalifətin də anlaması üçün daha nə baş verməlidir ki?

Elman Babayev