İşğaldan azad edilən ərazilərimizin minalardan təmizlənməsi prosesi davam edir.
"Qafqazinfo" xəbər verir ki, işləri sürətləndirmək məqsədilə Azərbaycan Türkiyədən 20 yeni minatəmizləyən maşın alıb.
Söhbət Türkiyənin müdafiə sənayesinin istehsalı olan MEMATT-dan gedir. Azərbaycan Türkiyədən MEMATT-ı əldə edən ilk ölkə olub.
Qısa arayış olaraq bildirək ki, mexaniki minatəmizləyən maşın olan "MEMATT" 500 metr məsafədən idarə olunur. Texnika saatda 4 km sürətlə irəliləyə bilir. Torpaq qatının 25 sm dərinliyə qədər enib təmizləmə işləri aparır. 1,7 metr eni, 1 km uzunluğu olan ərazini 1 saat ərzində minalardan təmizləmə qabiliyyətinə malikdir.
Türkiyənin ASFAT şirkətinin istehsalı olan texnikanın ümumi çəkisi 12 560 kq, uzunluğu isə 6 650 mm-dir. Dizellə işləyir, yanacaq tutumu 290 litrdir. Bir saat ərzində 30-35 litr yanacaq sərf edir. MEMATT HD görüntü təqdim edən EX-Proff kamera sistemi ilə təchiz edilib.
MEMATT piyada əleyhinə minaları təmizləyir. Ballistik zirehlə gücləndirilən texnika gövdə və aparatlar sayəsində hər cür ərazidə işləyə bilmə gücünə malikdir. Qalxanı zirehli olan MEMATT-ın ön hissəsində 44 ədəd zəncir var ki, bu da minaları aşkar etmək üçündür. Texnikanın qiyməti ilə bağlı hər hansı məlumat yoxdur.
Qeyd edək ki, bundan öncə işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi prosesinə Slovakiya istehsalı olan “Bozena-5” minatəmizləmə maşını da cəlb olunub. Azərbaycan sözügedən texnikanı 2008-ci ildə əldə edib. Həmin il ilk olaraq 5 ədəd “Bozena-5” alınıb. Bundan başqa, Minatəmizləmə Agentliyinin ixtiyarında “Bozena-4” minatəmizləmə maşınları da var.
Emin Səfərov