Pirallahıda hesabat yığıncağı keçirildi - Fotolar

pirallahida-hesabat-yigincagi-kecirildi
Oxunma sayı: 792

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının “Pirallahı rayonunun 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair” hesabat yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 2-ci ərazi sektorunun müdiri Natiq Əliyev, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə RİH başçısı və qonaqlar Rayon İcra Hakimiyyətinin inzibati binasının birinci mərtəbəsində yerləşən Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, büstün önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. 

İlk öncə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş igid övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vasif İmanov tədbirdə geniş məruzə ilə çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan regional çərçivələri aşaraq qlobal miqyasda söz sahibi olan, prinsipial mövqeyi, ədalətə söykənən siyasəti və ardıcıl inkişaf modeli ilə seçilən bir dövlətə çevrilib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə 2025-ci il ölkəmiz üçün inkişaf və tərəqqi ili kimi yadda qalıb. Dövlət başçısının uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində ölkədə sabitlik və təhlükəsizlik təmin edilib, iqtisadi və sosial sahələrdə mühüm nailiyyətlər əldə olunub. Hesabat dövrü ərzində respublikamızda cənab Prezidentin rəhbərliyi altında aparılan genişmiqyaslı sosial-iqtisadi siyasət rayonumuzda da uğurla həyata keçirilib. Həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi layihələr 2026-cı il üçün yeni və daha geniş hədəflərin müəyyən olunmasına imkan verəcək”.

İclasda Milli Məclisin üzvü Günay Əfəndiyeva, Vətən müharibəsi şəhidi Elmar Nəbiyevin anası Çiçək Biləndərli, “Diamed Şirkətlər Qrupunun təsisçisi Aytən Quliyeva, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov və Pirallahı bələdiyyəsinin sədri Əli Kərimov məruzə nitqi ilə çıxış ediblər.

Yekun olaraq Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 2-ci ərazi sektorunun müdiri Natiq Əliyev çıxış edərək İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatları və ölkənin qarşısında duran yeni hədəflər barədə geniş məlumat verib, rayonun gələcək işləri ilə bağlı prioritet istiqamətləri vurğulayıb.

Müzakirələrdən sonra cari ilin konkret hədəflərini əks etdirən qərar qəbul olunub. Hesabat yığıncağının iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.