“Qarabağ” məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verib

qarabag-mesqcilerin-pesekar-inkisafina-yonelmis-yeni-telim-proqramina-start-verib
Oxunma sayı: 201

“Qarabağ” Futbol Klubunun akademiyasında çalışan məşqçilərin peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Futbol Məşqçilərinin Peşəkar İnkişaf Proqramı”na start verilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan İdman Akademiyasında (ASA) keçirilən və avqust ayı ərzində davam edəcək 30 saatlıq proqram müasir futbolun tələblərinə uyğun olaraq məşqçilərin liderlik, kommunikasiya, pedaqogika, psixologiya, uşaq hüquqları, eləcə də məşqçilik metodologiyası sahələrində bilik və bacarıqlarının artırılmasına yönəlib.

Təlimlər interaktiv formatda təşkil olunur. İştirakçılar situasiya təhlilləri, qrup müzakirələri, rollu oyunlar və praktik məşğələlər vasitəsilə əldə etdikləri bilikləri məşq prosesində tətbiq etmək imkanı qazanacaqlar.

Proqramın əsas məqsədi məşqçilərin peşəkar kompetensiyalarını beynəlxalq standartlara uyğun inkişaf etdirmək, futbolçular üçün sağlam və təhlükəsiz inkişaf mühitini gücləndirmək, həmçinin məşqçi, futbolçu və valideyn arasında səmərəli əməkdaşlığın formalaşdırılmasına töhfə verməkdir.

Təlimlər Gülsabah Əmirova, Sevinc Seyidova, Elcan Həsənli və Xəyalə Quliyeva tərəfindən keçiriləcək. Məşğələlər avqustun 4, 7, 11, 14, 18, 21 və 25-də iki qrup üzrə təşkil olunacaq.

“Qarabağ” Futbol Klubu gələcəkdə də futbol akademiyasında beynəlxalq təcrübəyə əsaslanan inkişaf layihələrinin həyata keçirilməsini davam etdirərək məşqçilərin peşəkar inkişafına xüsusi önəm verməyə davam edəcək.