Bu gün UEFA Çempionlar Liqasında “Qarabağ”ın qonağı olacaq “Nyukasl” üçün matç heç də asan keçməyəcək.
“Qafqazinfo” xəbər verir ki, İngiltərə təmsilçisi paytaxımıza ciddi itkilərlə gəlib.
Komandanın kapitanı və əsas oyunçusu Bruno Gimareyş zədəlidir. O, Premyer Liqanın 26-cı turunda “Tottenhem”ə qarşı keçirilən matçda bud əzələsindən ağır zədə alıb. Komandanın baş məşqçisi Eddi Hau bildirib ki, kapitan 2 ay meydanlardan uzaq qalacaq.
“Nyukasl”ın daha bir aparıcı oyunçusu Joelinton da zədədən əziyyət çəkir. Durumu barədə isə dəqiq məlumat yoxdur. Onun bu gün meydanda olub-olmayacağı isə matç saatında bəlli olacaq. Komandaya qoşulsa da, tam olaraq formasında olmadığı barədə xəbərlər var.
Lyuis Mayli də Joelinton kimi heyətə qayıdıb, məşqlər edir, amma durumu naməlumdur. Fiziki məşqlərə daha çox köklənən futbolçunun oynayıb-oynamayacağı isə axşam bəlli olacaq.
.jpg)
İngilislərin itkiləri bununla bitmir. Emil Kraft, Fabian Şer, Valentino Livramento, Yoan Vissa və Sven Botman zədədən əziyyət çəkir. Baş məşqçi Eddi Hau bu futbolçuların durumuna görə İngiltərə Premyer Liqasında çətinliklərlə üzləşir.
“Nyukasl”ın bu gün “Qarabağ”a qarşı rotasiyalı heyətlə oynaması da mümkündür. Bakıdan qayıtdıqdan sonra “sağsağanları” “Mançester Siti” ilə ağır liqa matçı gözləyir. Fevralın 22-də baş tutacaq qarşılaşma üçün Eddi Hau oyunçularına istirahət verə bilər.
.jpg)
Üstəlik, “Nyukasl” İngiltərə Premyer Liqasının turnir cədvəlində 10-cu pillədə qərarlaşıb. Onları avrokubok zonasından cəmi 8 xal ayırır. Bu səbəbdən “ağ-qaralar”ın daha çox liqaya diqqət yönəldəcəyi də gözləniləndir. Üstəlik, Çempionlar Liqasında iki pley-off matçından sonra komanda “Everton” və “Mançester Yunayted” kimi klublarla da üz-üzə gələcək.
Sandro Tonalini komandanın ən təhlükəli oyunçusu saymaq olar. “Milan”dan transfer edilən yarımmüdafiəçini zərərsizləşdirmək çətin olacaq. Amma Tonalinin ayağı “bağlansa” “Qarabağ”ın mərkəz xəttindən nəsə edəcəyinə ümid qalır.
.jpg)
Doğrudur, İngiltərə Premyer Liqası komandalarına qarşı oynamaq hər zaman çətindir. Qurban Qurbanovun dediyi kimi, ingilislər öz çempionatlarını Çempionlar Liqasından üstün sayırlar. Bu isə boş yerə deyilməyib. Orada istənilən komanda digərinə qalib gələ, hər an sürpriz edə bilər. Xüsusən fiziki planda rəqibdən xeyli geri qaldığımızı gizlətməyə gərək yoxdur. Amma “Nyukasl”ın zədəliləri və qarşıdakı oyun təqvimi onları meydana “yarımcan” çıxmağa məcbur edə bilər.
.jpg)
“Qarabağ”ın isə heyətində itki yoxdur. Bütün heyət baş məşqçi Qurban Qurbanovun sərəncamında olacaq. Kontorlar Ağdam təmsilçisinin bu matçda qələbə şansını çox az qiymətləndirir. Lakin “Benfika”, “Ayntraxt” üzərində qələbə qazanan, İngiltərə Premyer Liqasının 5-cisi “Çelsi”dən xal alan Qurban Qurbanovun komandasından daha bir sürpriz gözləmək olar.
Son xəbərlər
Son Xəbərlər