ABŞ Prezidentinin nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin iştirakı ilə iyunun 30-da Dohada İranla yüksəksəviyyəli kritik görüşün keçiriləcəyi elan edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fox News” telekanalı Ağ Evin mətbuat katibi Kerolayn Levittə istinadən məlumat yayıb.
Məlumata görə, eyni zamanda ABŞ və İran nümayəndə heyətləri arasında texniki səviyyədə danışıqlar da davam etdiriləcək.
Kerolayn Levitt “Fox & Friends” proqramında mövzu ilə bağlı mühüm detalları açıqlayıb:
“Xüsusi elçi Uitkoff və Cared Kuşner Anlaşma Memorandumu ətrafında müzakirələri davam etdirmək üçün bu həftə Dohaya gedəcəklər. Bu yüksək səviyyəli görüşlər çərçivəsində paralel olaraq texniki danışıqlar da baş tutacaq”.
Ağ Ev rəsmisi Vaşinqtonun atəşkəs şərtlərinə sadiq qaldığını vurğulayaraq İrana xəbərdarlıq etməyi də unutmayıb:
“Zorakılıq zorakılıqla qarşılanacaq. Ticarət gəmilərinə hücumlar olub və ABŞ Prezidentin əmri ilə bu hücumlara cavab verib. Bu, belə də davam edəcək. Lakin biz ümid edirik ki, buna ehtiyac qalmayacaq. Prezident, təbii ki, sülh prosesinin inkişafını görmək istəyir”.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp iyunun 30-da Qətərdə İranla danışıqların aparılacağını bəyan etmişdi. Halbuki, İran Xarici İşlər Nazirliyi mediada yayılan bu xəbərləri təkzib etmişdi.
Xatırladaq ki, son günlər ABŞ və İran arasında hərbi gərginlik yenidən pik həddə çatıb. İran Hörmüz boğazından icazəsiz marşrutla keçən ticarət gəmilərinə zərbələr endirib. ABŞ-nin buna cavab hücumlarından sonra isə rəsmi Tehran regiondakı Amerika hərbi obyektlərini hədəf alıb.
Son xəbərlər
Son Xəbərlər