Avqustun 1-də Bakının Qaradağ rayonunun Puta qəsəbəsində Şəhid Aslan Eldar oğlu Əliyevin xatirəsi anılıb.
“Qafqazinfo” xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov və YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov şəhid Aslan Eldar oğlu Əliyevin ailəsini ziyarət ediblər.
Əvvəlcə şəhidin adına inşa edilmiş bulağın barelyefi önünə gül dəstələri qoyulub, şəhidin atası Eldar Əliyevə və ailə üzvlərinə başsağlığı verilərək səbr və təmkin arzulanıb.
Tədbir zamanı Prezident İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərdiyi yüksək diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb. Qeyd edilib ki, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın xatirəsi daim əziz tutulur, onların ailələri dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunur.
Şəhid Aslan Eldar oğlu Əliyev 2 dekabr 1988-ci ildə Cəlilabad rayonunun Mikayıllı kəndində anadan olub. Orta təhsilini əvvəlcə həmin kənddə yerləşən məktəbdə alıb, sonradan ailəsi ilə birlikdə Qaradağ rayonunun Puta qəsəbəsinə köçərək 184 nömrəli tam orta məktəbi bitirib. 2007-ci ilin yanvar ayında Cəlilabad Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Həmin ilin iyul ayında Ağdam rayonunun Gülçülük sovxozu ərazisində yerləşən mövqelərimizdə düşmən atəşi nəticəsində şəhid olub və avqustun 1-də Puta qəsəbəsində dəfn edilib.
Şəhidin atası Eldar Əliyev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib, qazanılan tarixi Qələbədə oğlunun da payı olduğuna görə qürur hissi keçirdiyini qeyd edib.
Tədbirdə bildirilib ki, Vətən yolunda canından keçən şəhidlərimiz xalqımızın qəlbində əbədi yaşayacaq, onların qanı bahasına azad edilmiş torpaqlarımız göz bəbəyi kimi qorunacaqdır. Şəhidlərimizin qəhrəmanlığı gənc nəsil üçün vətənpərvərlik nümunəsidir.
Şəhidlərimizlə qürur duyur, onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirik.









Son xəbərlər
Son Xəbərlər