Göyçayda bir neçə həftə əvvəl qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən 31 yaşlı qadın paytaxtdakı klinikalardan birində dünyasını dəyişib.
“Qafqazinfo” “Teleqraf”a istinadən xəbər verir ki, Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın Göyçay rayonundakı tibb müəssisələrindən birində qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilib və səhhətində ciddi problem yaranıb.
Bu səbəbdən xəstə Respublika Klinik Xəstəxanasına göndərilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
***
TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 30-u 1995-ci il təvəllüdlü şəxs (qadın) ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Ona çoxocaqlı ensefalit (beyin toxumasının müxtəlif sahələrində iltihabi proseslə müşayiət olunan xəstəlik) diaqnozu təyin olunub.
Pasiyentə göstərilən müalicə və intensiv terapiya tədbirlərinə baxmayaraq ümumi vəziyyətində müsbət dinamika müşahidə olunmayıb.
Tənəffüs funksiyalarının pozulması ilə əlaqədar olaraq pasiyent süni tənəffüs aparatına qoşulub. Növbəti mərhələdə pasiyentdə ağciyər-ürək çatışmazlığı inkişaf edib.
Pasiyent aparılan reanimasiya tədbirlərinə cavab verməyib və oktyabrın 3-ü saat 08:10 radələrində bioloji ölüm faktı qeydə alınıb”.
Foto: Oxu.Az

Son xəbərlər
Son Xəbərlər