Şahzadə bahalığa görə 5 əsrlik sarayı kirayə verir - Napoleon burada böyüyüb - Fotolar

sahzade-bahaliga-gore-5-esrlik-sarayi-kiraye-verir
Oxunma sayı: 2657

İtaliyanın köklü aristokrat ailələrindən olan Ruspoli sülaləsi Romanın mərkəzində yerləşən 16-cı əsrə aid tarixi mülkünün bərpa və saxlanılma xərclərini ödəmək üçün radikal addım atıb.

“Qafqazinfo” xəbər verir ki, Şahzadə Jakinta Ruspoli və anası Mariya Piya əsrlər boyu ailələrinə məxsus olan dəbdəbəli sarayı turistlərin ödənişli yaşayışı üçün istifadəyə veriblər.

“Ruspoli Bonaparte Residence” adı altında fəaliyyət göstərən tarixi binada hər birinin sahəsi 100 kvadratmetrdən çox olan dörd özəl suit yerləşir. Antik mebellər, hündür tavanlar, mərmər bəzəklər və tarixi kaminlərlə bəzədilmiş suitlərdə bir gecə qalmağın qiyməti 470 dollardan başlayır. Bu qiymətə səhər yeməyi və xidmətçi personalın xidməti daxildir.

Tarixi sarayı bütövlüklə özəl olaraq icarəyə götürmək istəyənlər üçün isə gecəlik qiymət 4000 avro təşkil edir. Hüquqşünas və jurnalist kimi də fəaliyyət göstərən Şahzadə Jakinta və anası qonaqları sarayda şəxsən qarşılayırlar.

Tarixi binaların qorunmasının getdikcə baha başa gəldiyini bildirən Şahzadə Jakinta Ruspoli dəyişən zəmanəyə uyğunlaşmalı olduqlarını vurğulayıb: “Ailəmizdən miras qalan mədəni irsi qapalı saxlamaq əvəzinə, insanlarla bölüşməyi üstün tuturuq. Biz özümüzü sarayın sahibindən daha çox, bu tarixi irsin qoruyucusu və qəyyumu kimi görürük”.

Romanın mərkəzində yerləşən bu memarlıq abidəsi həm də tarixi hadisələri ilə diqqət çəkir. Fransız imperatoru III Napoleon uşaqlıq illərində anası Hortensiya de Böharne ilə məhz bu sarayda yaşayıb.

Ruspoli ailəsi həmçinin Romadan 50 kilometr şimalda, Çerveteri şəhərində yerləşən “Castello Ruspoli” adlı tarixi qəsrlərini də 10 suitlik butik hotelə çevirərək turizm sektoruna cəlb edib.