Süni intellektdən istifadə ona heç nə qazandırmadı...

suni-intellektden-istifade-ona-hec-ne-qazandirmadi
Oxunma sayı: 680

Süni intellektdən istifadə nəşriyyat sahəsində qalmaqala səbəb olub.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, nigeriyalı yazıçı Cerri Falade debüt romanını yazarkən süni intellektdən istifadə olunması ilə bağlı iddiaların əksini sübut edə bilməyib. Bu səbəbdən onun “Call Me, I'll Hide the Body” adlı detektiv romanının nəşr edilməsi üçün təxminən 2 milyon dollarlıq iri nəşriyyat müqaviləsi baş tutmayıb.

Məlumata görə, ilkin olaraq, əlyazma bazarda böyük maraq doğurub. Belə ki, ABŞ-də kitabın hüquqları uğrunda 14 nəşriyyat mübarizə aparıb. Bu mübarizədə “Minotaur” nəşriyyatının qalib gəlmək ehtimalının yüksək olduğu bildirilib və hətta romanın 2028-ci ildə nəşr edilməsi planlaşdırılıb. Lakin redaktorlardan biri romanın əlyazmasında süni intellektdən istifadənin əlamətlərini hiss edib.

Falade yazı və redaktə proseslərində süni intellektdən istifadə olunması ilə bağlı ittihamları rədd etsə də, bunun əksini sübut etmək mümkün olmayıb. Beləliklə, kitabın nəşri üçün müqavilənin imzalanması baş tutmayıb.

Qaradərili müəllif baş verənləri nəşriyyat sənayesindəki irqi ayrı-seçkiliklə izah edib. Yazıçı bu il ərzində artıq üç qaradərili müəllifin əsərlərinin nəşriyyat müqaviləsinin eyni iddia ilə ləğv edildiyini, oxşar alətlərdən istifadə etdiklərini açıq şəkildə etiraf edən bəzi tanınmış ağdərili müəlliflərə qarşı isə heç bir sanksiya tətbiq olunmadığını bəyan edib.