“Tanrının əli” qolu o topla vurulmuşdu - 3,3 milyona satıldı

tanrinin-eli-qolu-o-topla-vurulmusdu
Oxunma sayı: 244

1986-cı il dünya çempionatının ən məşhur anlarından birinə şahidlik edən futbol topu hərracda 3,3 milyon dollara satılıb.

“Qafqazinfo” xəbər verir ki, məhz bu topla Dieqo Maradona İngiltərə ilə qarşılaşmada məşhur “Tanrının əli” qolunu vurub.

Argentina həmin matçda İngiltərəni 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Maradona qol zamanı topu əli ilə İngiltərə qapıçısı Piter Şiltonun üzərindən tora göndərmişdi. Qarşılaşmadan sonra argentinalı ulduz qol haqqında “bir az Maradonanın başı, bir az da Tanrının əli” ifadəsini işlətmişdi.

Həmin oyunda Maradona daha bir möhtəşəm qola imza atmışdı. O, bir neçə ingilis futbolçunu və Şiltonu keçərək vurduğu qolla sonradan “Əsrin qolu” adlandırılan epizodu yaratmışdı.

ABŞ-də “Heritage Auctions” tərəfindən təşkil olunan hərracda satılan topun əvvəlcədən təxminən 10 milyon dollar dəyərində olacağı proqnozlaşdırılırdı.

Hərrac evinin eksperti Mayk Provenzale topun futbol tarixinin ən əhəmiyyətli əşyalarından biri olduğunu bildirib.

Matçın tunisli hakimi Əli Bin Nasir qarşılaşmadan sonra “Adidas Azteca” topunu özü ilə apararaq 30 ildən çox saxlayıb. Bin Nasir 2023-cü ildə imzaladığı sənədlə topun həmin oyunda istifadə edilən top olduğunu təsdiqləyib. Bu məlumat müstəqil yoxlamalarla da təsdiqlənib.

Bin Nasir topu ilk dəfə 2022-ci ildə 2,37 milyon dollara satmışdı. Lakin yeni sahibinin 2023-cü ildə keçirdiyi təkrar hərracda təkliflər müəyyən edilmiş minimum qiymətə çatmadığından satış baş tutmamışdı.

Qeyd edək ki, Maradonanın həmin qarşılaşmada geyindiyi forma da 2022-ci ildə hərracda 7,1 milyon funt-sterlinqə satılmışdı.