Taxta bazarındakı yanğın söndürüldü - Fotolar + Video + Yenilənib

taxta-bazarindaki-yangin-sonduruldu
Oxunma sayı: 7155

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin  Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

***

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi yenidən məlumat yayıb.

Bildirilib ki, “112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Qüvvələrin operativ müdaxiləsi sayəsində qısa müddətdə yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, təhlükəsizlik tədbirləri görülür.

***

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bildirilib ki, həmçinin, yanğınsöndürən və xilasedicilər tərəfindən ərazidəki mal-materialların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə daşınması təmin olunur.

Ümumilikdə, yanğınla mübarizə məqsədilə əraziyə 15-ə yaxın texnika və 70 nəfərə yaxın canlı qüvvə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

FHN qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində, ilkin hesablamaya əsasən, 1000kv.m sahəsi olan obyektin təqribən 500kv.m hissəsi yanıb. Obyektin qalan hissəsi, digər obyektlər, kommunikasiya xətləri, o cümlədən yüksək gərginlikli hava elektrik xətləri yanğından mühafizə olunub.