ABŞ-də növbəti prezident seçkiləri ilə bağlı diqqətçəkən açıqlama gəlib. Keçmiş CNN aparıcısı Don Lemon prezidentliyə namizəd olmaq ehtimalını ciddi şəkildə nəzərdən keçirdiyini açıqlayıb.
“Qafqazinfo”nun xəbərinə görə, tanınmış jurnalist podkast proqramlarından birində çıxışı zamanı bildirib ki, son dövrlərdə bir çox insan ondan seçki yarışına qatılıb-qatılmayacağını soruşur və bu məsələ üzərində düşünür.
Lemon özünə güvəndiyini deyib: “Mən, həqiqətən, inanıram ki, çox yaxşı prezident olardım”.
Aparıcıların bu sözlərin ciddi olub-olmadığını soruşmasına cavab olaraq Lemon “Bəli, tamamilə ciddiyəm” deyə bildirib.
Don Lemon mümkün kampaniyasının maliyyələşməsi ilə bağlı da fikirlərini bölüşüb. O, böyük şirkət və varlı şəxslərin ianələrindən daha çox adi seçicilərin dəstəyinə üstünlük verəcəyini deyib.
“Mən insanların mənə 5 və ya 10 dollar ianə etməsini istəyərdim. Heç kimin büdcəsini ağırlaşdıracaq böyük məbləğlərə ehtiyacım yoxdur”, - deyə o bildirib.
Lemon hazırkı ABŞ Prezidenti Donald Trampın siyasətini dəfələrlə tənqid edib. O, Tramp administrasiyasının iqtisadi siyasətinin əsasən varlı təbəqəyə fayda verdiyini, işçi sinfinin isə bundan kifayət qədər yararlanmadığını iddia edib.
Qeyd edək ki, Lemon 2015-ci ildə, Donald Trampın ilk prezidentlik kampaniyası dövründə ondan CNN üçün müsahibə almışdı. Həmin vaxt Tramp Nyu-Yorkdakı “Tramp Qülləsi”ndə jurnalistin suallarını cavablandırmışdı.
Don Lemon daha əvvəl də prezidentliyə namizədlik ehtimalı barədə danışmış və “Donald Trampdan daha yaxşı idarə edə bilərəm” açıqlaması ilə gündəmə gəlmişdi.
O bildirib ki, yekun qərarını yaxın illərdə verəcək: “Qərarımı 2027 və ya 2028-ci ilə yaxın verəcəyəm. Hazırda diqqət yetirməli olduğum başqa məsələlər var”.


Son xəbərlər
Son Xəbərlər