ABŞ Prezidenti Donald Trampın çıxışları ilə bağlı məxfi məlumatlardan istifadə edərək, proqnoz bazarında mərc etdiyi müəyyənləşdirilən Ağ Evin keçmiş teleprompter operatoru Qabriel Perez 172 min dollardan çox cərimələnib.
“Qafqazinfo” xəbər verir ki, ABŞ Əmtəə Fyuçersləri Ticarət Komissiyasının (CFTC) araşdırmasına görə, Perez Trampın 2025-ci ilin dekabrından 2026-cı ilin fevralınadək etdiyi çıxışlarda hansı söz və ifadələrdən istifadə edəcəyinə dair əvvəlcədən əldə etdiyi məlumatlardan yararlanıb.
Perez bu məlumatlardan istifadə edərək, “Kalshi” proqnoz platformasında əməliyyatlar aparıb və 100 min dollardan çox qazanc əldə edib.
CFTC-nin qərarına əsasən, keçmiş əməkdaş 107 min 539 dollar qazancı geri qaytarmalı və əlavə olaraq 65 min dollar cərimə ödəməlidir. İstintaqla əməkdaşlıq etdiyi nəzərə alınaraq cəzasının azaldıldığı bildirilib. Perezə həmçinin üç il müddətində ticarət fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.
Hadisə “Kalshi” analitiklərinin Trampın çıxışlarında müəyyən açar sözlərin işlədilib-işlədilməsinə dair açılan bazarlarda qeyri-adi aktivlik müşahidə etməsindən sonra üzə çıxıb.
Hesab araşdırıldıqdan sonra mərc edən şəxsin Ağ Evdə teleprompter operatoru olduğu müəyyənləşdirilib və məsələ dərhal tənzimləyici quruma bildirilib.
Hadisədən sonra Perez ödənişsiz məzuniyyətə göndərilib və daha sonra vəzifəsinə qayıtmayacağı açıqlanıb. Ağ Ev administrasiyasının isə əməkdaşlara proqnoz bazarlarında mərc etməyi qadağan edən xəbərdarlıq göndərdiyi bildirilib.
Son xəbərlər
Son Xəbərlər