“Xankəndidə yalnız başımın dəydiyi daşı tapa bildim...”

xankendide-yalniz-basimin-deydiyi-dasi-tapa-bildim
Oxunma sayı: 6252

Təxminən 6 aya yaxındır ki, Xankəndidə yaşayan ermənilərin böyük hissəsi buradan köçüb, orada az sayda erməni qalıb. Şəhərdə asayişi Azərbaycan polisi qoruyur. Xankəndinin sakinləri əsasən hərbçilər, polis əməkdaşları və tikinti-abadlıq sahəsində çalışanlardır. 

Şəhərə giriş və çıxışda postlar qurulub, gələnlər ciddi nəzarət altında yoxlanıldıqdan sonra şəhərə buraxılır. Həmçinin əsas küçələrdə “Təhlükəsiz şəhər” kameraları quraşdırılıb. Hələ ki, bura əhalinin köçürülməsi həyata keçirilməsə də, bəzi zəruri xidmət sahələri artıq fəaliyyətə başlayıb. Bu sahələrdə çalışanlar isə əslən Xankəndidən olanlar, işğaldan əvvəl bu torpaqlarda yaşayanlardır.

“Qafqazinfo” onlardan biri, 9 yaşında Xankəndidən məcburi köçkün düşən Tağı Əhmədovla həmsöhbət olub. Atası Vaqif Əhmədov 1992-ci ildə Şuşanın müdafiəsi uğrunda döyüşlərdə şəhid olub, özü isə anası və digər qardaşları ilə birgə Gəncədə məskunlaşıb: “Mən Xankəndinin Kərkicahan kəndində doğulub böyümüşəm. İkinci sinifdə oxuyanda bu hadisələr başladı və məcburi köçkün olduq. Müharibə şəraitində Xankəndidən çıxdıq. 

...Bu ilin yanvarından yenidən öz doğma şəhərimə qayıtmışam. İş üçün müraciət elədim. Məni burada mobil operatorlardan birinə məxsus satış mərkəzində işlə təmin etdilər”.

T. Əhmədov deyir ki, Xankəndiyə qayıdan kimi əvvəlcə öz doğulduğu evə baş çəkmək üçün doğma Kərkicahana gedib. Amma evi yerində tapmayıb: “Bura gələndə quş kimi uçurdum. Hər yeri görmək istəyirdim. Getdim evimizi axtardım, gördüm ki, yoxdur, söküblər. Evimizdən bir daş da qalmayıb...Tək bizim yox, bir neçə qonşunun da evini söküblər. 

Uşaqlığımla bağlı bəzi xatirələri tapa bildim. Məsələn, uşaq vaxtı böyürtkən yığdığımız yerlər var idi, gedib o kolları tapdım. Qardaşlarımla oynayanda yıxılmışdım, başım daşa dəymişdi, həmin o daşı tapdım, yerində durur. Evimizin yanında böyük daşdır, görünür, onu götürə bilməyiblər. Məktəbimizi axtardım, o da sökülmüşdü. Bir də kəndin bulaqları qalıb, amma pis vəziyyətdədir, bərpa olunmayıb”.

Həmsöhbətim məcburi köçkün düşdükləri günü xatırlayır və bir gün doğma yurdlarına qayıdacağı vaxtı həmişə gözlədiyini deyir: “Atam müharibədə Şuşa uğrunda döyüşlərdə şəhid oldu. Bizi evdə qoydu getdi və gəlmədi... Biz - 3 qardaş, anam və nənə-babamı əmim 1992-ci ildə müharibə zonasından çıxardı. O, avtobus sürücüsü idi, bizi avtobusa yığdı və dedi ki, gözləyək. Kəndimizdən Şuşaya yol gedirdi. O yolu da ermənilər atəşə tuturdular. Əmim dedi ki, qaranlıq düşsün, həmin yolu qaranlıqda keçərik. Allahın işidir, duman gəldi, göz gözü görmədi, eləcə keçdik. O dumanla gedə-gedə güllə atdılar, düz əmimin boynunun arxasındakı pəncərədən girdi, qarşıdakından çıxdı. Eləcə Laçına sağ-salamat çatdıq. Oradan Ağdama, Mahrızlıya gedib 6-7 ay qaldıq və sonra Gəncədə yataqxanada məskunlaşdıq. Bu illər Gəncədə yaşadıq, məktəbə getdik. Ora da artıq bizim doğma vətənimizdir. Təzə vaxtlar bizə çox qayğı göstərirdilər. Həmişə bayramlarda bizi yada salırdılar, maraqlanırdılar. Ona görə Gəncənin yeri bizim üçün ayrıdır. Orada məktəbi bitirdim, hərbi xidməti başa vurandan sonra qəssabxanada işlədim. Amma bu illər ərzində həmişə qayıdacağımız günü gözləyirdim. Bu 32 il ərzində hər gün qayıtmağa ümidim var idi, üzülməmişdi”.

T. Əhmədova hazırda şəhərdə yaşamağa müvəqqəti yer verilib. Onun sözlərinə görə, Xankəndi sakini kimi qeydiyyata alınıb və  köç başlayanda evlə təmin olunanlar arasında onun ailəsi də olacaq. Hələ ki, burada tək yaşayır. Məktəblər tətilə çıxanda isə uşaqlarını da özü ilə bərabər ata-baba yurduna gətirəcəyi günü səbirsizliklə gözləyir.

Həmsöhbətimizlə vidalaşıb vaxtımızın qalan hissəsini də Xankəndinin küçələrini gəzməklə keçiririk. Şəhərin o qədər təmiz havası var ki, acgözlüklə ciyərlərimizə çəkməkdən doymuruq. Yolboyu qarşımıza tərk edilmiş içidolu mağazalar, kafelər, tibb müəssisələri, banklar və digər iaşə obyektləri çıxır. Təmir və bərpa işləri getsə də, hələ ki, ermənicə yazılara da rast gəlinir. Amma o yazıların arasında artıq doğma dildə yazılar və üçrəngli bayrağımız da gözə dəyir. Şəhər doğma sakinlərinin geri qayıdacağı günə hazırlaşır sanki. Bir də burada güllə səsləri, həyəcan siqnalı, ölüm-itim olmaması arzusu ilə Xankəndidən ayrılırıq...

Gülnar Əliyeva

Foto: Pərvin Zeynal

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” mövzusu üzrə dərc olunub.