Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edəcək.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
Belə ki, Simonyan jurnalistlərin Paşinyanın Böyük Vətən müharibəsində qələbənin 80-ci ildönümü münasibətilə keçiriləcək paradda iştirak üçün Rusiyaya səfərinə Brüsselin necə reaksiya verəcəyi ilə bağlı suala cavab verərkən deyib:
“Bu, həmçinin bizim qələbəmizdir, bir çox erməni müttəfiqlərin ordularında döyüşüb. Paşinyanın mayın 9-da Moskvaya səfəri Avropa İttifaqı və yaxud digər məsələlərlə əlaqəli deyil”.
Xatırladaq ki, daha əvvəl, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas mətbuat konfransında bildirib ki, mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında iştirak edəcək Aİ-yə üzv ölkələr və İttifaqa qoşulmaq istəyən ölkələr ciddi nəticələrlə üzləşəcəklər. O qeyd edib ki, Avropa İttifaqına üzv olmağa namizəd olan ölkələr paradda iştirakdan çəkinmək barədə göstərişlər alıblar.