Xəstəlikdən əvvəl siqnalı o çalır - Beynin güzgüsü imiş

xestelikden-evvel-siqnali-o-calir
Oxunma sayı: 804

Son illərdə aparılan elmi araşdırmalar göz sağlamlığı ilə “Alzheimer” xəstəliyi arasında əlaqəyə dair daha güclü sübutlar ortaya qoyur.

“Qafqazinfo” xəbər verir ki, Florida Universitetinin biotibbi mühəndisi Ruqu Fanqın rəhbərlik etdiyi tədqiqat qrupu geniş məlumat bazası əsasında 40 mindən çox iştirakçıya aid təxminən 63 min göz retinasının görüntüsünü süni intellekt vasitəsilə analiz edib.

Məlum olub ki, retina görüntüləri xəstəliyin klinik əlamətləri ortaya çıxmazdan illər əvvəl “Alzheimer” riskini müəyyənləşdirməyə kömək edə bilər.

Gözün arxa hissəsində yerləşən və işığa həssas toxuma olan retina çoxsaylı sinir hüceyrələri qatlarından ibarətdir.

Araşdırma rəhəbrinin sözlərinə görə, bu nahiyədə baş verən dəyişikliklər beyində hələ xaricdən görünməyən problemlərin erkən diqanozunu ortaya qoya bilər.

Belə ki, “Alzheimer” diaqnozu alan şəxslərin retina quruluşunda çox incə dəyişikliklər müşahidə olunub. Xüsusilə göz retinasında damarların daralması və sərtləşməsi, görmə sinirində incəlmə kimi yaşlanma əlamətlərinin xəstəlik riski ilə paralel inkişaf etdiyi müəyyən edilib.

Retina sağlamlığı kimi yeni biomarkerlərin istifadəsi isə risk qrupundakı şəxslərin daha erkən aşkarlanmasına, vaxtında müayinələrin aparılmasına və həyat tərzi dəyişiklikləri ilə riskin azaldılmasına imkan yarada bilər.

Alimlər hesab edirlər ki, bu görüntülər gələcəkdə demensiya və digər beyin xəstəliklərinin erkən diaqnostikasında da mühüm rol oynaya bilər.