XİN rəhbəri Almaniyanın dövlət katibi ilə görüşdü - Fotolar - Yenilənib

xin-rehberi-almaniyanin-dovlet-katibi-ile-gorusdu
Oxunma sayı: 1023

Berlində səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın dövlət katibi Tomas Bagger ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan XİN öz “X” hesabında paylaşıb. 

Məlumata görə, tərəflər görüş zamanı Azərbaycan və Almaniya arasında ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə ediblər. 

C.Bayramov T.Baggeri Ermənistanın xarici işlər naziri ilə apardığı müzakirələr barədə məlumatlandırıb.

***

XİN-in məlumatına görə, tərəflər Azərbaycanla Almaniya arasında münasibətlərin əhəmiyyətini vurğulayıb, münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar. Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı və digər platformalar çərçivəsində ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının qəbuledilməz olduğu Azərbaycan tərəfindən bildirilib. 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsinin, eləcə də Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin geniş əməkdaşlıq imkanları yaratdığı qeyd olunub. 

Qarşı tərəf Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivləri, aparılmış sonuncu danışıqlar barədə məlumatlandırılıb, ölkəmizin sülh sazişi layihəsi üzrə baxışları, Ermənistanla münasibətlərin və sülhün təsis edilməsi üçün vacib əhəmiyyət kəsb edən məqamlar diqqətə çatdırılıb. 

Prosesin irəlilədilməsi istiqamətində görüşlərin təşkilində dəstəyə görə Almaniya tərəfinə təşəkkür ifadə olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.