Xızının Ağdərə kəndinin bəzi sakinləri oranı tərk edirlər.
Bu barədə “Qafqazinfo”ya vətəndaşlar özləri məlumat verib.
Bildirilib ki, vaxtilə böyük və canlı yaşayış məntəqəsi olan bu kəndin tədricən tərk edilməsinə səbəb infrastruktur çatışmazlığıdır. Belə ki, kənddə elektrik enerjisi mövcud olsa da, nə internet, nə də hər hansı mobil operatorun şəbəkəsi fəaliyyət göstərir.
.jpg)
Sakinlərin dediyinə görə, təxminən bir il əvvəl kəndin yaxınlığına mobil anten quraşdırılıb. Lakin bu günə qədər istifadəyə verilməyib və real nəticə yoxdur. Kənd əhalisi ən sadə ünsiyyət ehtiyaclarını belə qarşılamaq üçün ciddi çətinlik çəkir. Telefonla danışmaq və ya hər hansı əlaqə yaratmaq üçün avtomobillə dağlara qalxmağa məcbur qalırlar.
Kənd sakinlərindən olan Mehdi Dağlı deyir ki, bu vəziyyət təhlükəsizlik və sosial təcrid problemi yaradır: “Övladı əsgər olanlar var, telefon danışığı edə bilmirlər. Gərək bunlar özləri dağa çıxanda zəng etsinlər, onda da vaxt düz gəlmir. Problem sadəcə bundan ibarət deyil. Yollarımız, körpülərimiz də bərbad haldadır. Bu kənddə yaşlı sakinlər var, səhhətlərində problem yarananda qalırıq ki, onları xəstəxanaya necə aparaq. Öz hesabımıza dəfələrlə yollarda təmir işləri aparıb, körpüləri düzəltmişik. Amma sonuncu dəfə yağan güclü yağışlar yenidən bütün körpüləri yararsız hala salıb. Dəfələrlə məsələ ilə bağlı müraciətlər etmişik. Lakin heç kim gəlib maraqlanmır, yaxın durmur”.
.jpg)
Sakinlər bildirir ki, hazırda kənddə cəmi 20-dən bir qədər çox ev qalıb və son bir ildə təxminən 20 ailə buranı tərk edib. Halbuki kənd hələ də tam boşalmayıb. Burada yaşayan insanlar var və onlar gündəlik həyatlarını davam etdirməyə çalışırlar. Əlaqə imkanlarının olmaması kəndin daha da sürətlə boşalmasına səbəb olur və bu kimi yaşayış məntəqələrinin gələcəyini sual altında qoyur.
Məsələ ilə bağlı “Aztelekom” MMC-yə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Hazırda sözügedən ərazinin relyefinin çətinliyi və təsərrüfat sayının azlığı səbəbindən ərazidə GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) şəbəkəsinin tikintisi həyata keçirilməyib. Lakin sakinlərin istəyi nəzərə alınaraq, “Aztelekom” MMC tərəfindən sözügedən ərazidə “FWA” (sabit simsiz internet bağlantısı) və digər genişzolaqlı texnologiyaların tətbiqi nəzərdə tutulur”.
Kənd yollarındakı problemlərlə bağlı Xızı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa cəhd etsək də, telefon zənglərimizə cavab verən olmadı.
Lamiyə Məmmədova
Fotolar: İlham Mustafayev




Son xəbərlər
Son Xəbərlər