Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi

yalandan-huquq-muhafize-orqanlarinda-islediyini-dedi-cerimelendi
Oxunma sayı: 685

Bakıda özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən şəxs inzibati məsuliyyətə cəlb olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, bir neçə gün əvvəl 1996-cı il təvəllüdlü Həsrət Söhbətov (adlar və soyad şərtidir) “Azar” sosial şəbəkəsində Kamilə adlı qadınla tanış olub və aralarında qeyri-rəsmi münasibət yaranıb. O, daha sonra Kamiləyə gecə saatlarında zəng edərkən telefona qadının əri cavab verib.

Həmin vaxt yaranan mübahisədə qadının ərini qorxutmaq məqsədilə özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib.

Qadının əri məsələ ilə bağlı həmin quruma müraciət edib və Həsrət saxlanılıb. Onun hüquq-mühafizə orqanlarının adına ləkə gətirməsi və tabesizlik göstərməsi əsas göstərilərək barəsində inzibati protokol tərtib edilib.

Saxlanılan şəxs protokolla birgə Yasamal Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin müvafiq qərarı ilə 30 yaşlı şəxs 50 manat cərimə edilərək sərbəst buraxılıb.