Yataraq 2 milyon qazandı - Fotolar

yataraq-2-milyon-qazandi
Oxunma sayı: 1405

Yaponiyanın paytaxtı Tokioda onlarla insanın iştirak etdiyi qeyri-adi “yuxu yarışı” keçirilib. Yarışın qalibinə 2 milyon yendən, yəni təxminən 14 min dollardan çox mükafat verilib.

“Qafqazinfo”nun AFP-yə istinadən məlumatına görə, “Koala Sleep Japan” döşək istehsalçısının təşkil etdiyi “Matt Race”də iştirakçılar ən sürətli və ən keyfiyyətli yuxuya getmək üçün mübarizə aparıblar.

Yarış zəif işıqlandırılan otaqda keçirilib. İştirakçılara xüsusi yuxu izləyiciləri taxılıb və 90 dəqiqəyə qədər yatmağa icazə verilib. Bəzilərinin yataqda yumşaq oyuncaqlara sarılaraq yatdığı görülüb.

Qalib iştirakçıların nə qədər tez yuxuya getməsi və yuxunun keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilib. Yarışın qalibi “Suimii” ləqəbli qadın olub.

Suimii mükafatı tək yaşamaq üçün köç xərclərinə sərf etməyi planlaşdırdığını bildirib.

“Tək yaşamaq istəyirəm, yəqin ki, pulu köçməyə xərcləyəcəyəm. Şahzadə tipli çarpayı istəyirəm, düşünürəm ki, onlardan birini alacağam”, - deyə qalib bildirib.

32 yaşlı iştirakçı Çisato Honda isə yarışın onun üçün çox qısa keçdiyini söyləyib: “Hər şey bir göz qırpımında bitdi. Kaş ki, bir az daha yata bilsəydim. Bu, çox faydalı bir yarışma idi”.

Təşkilatçı şirkətin kreativ direktoru Riitiro Nakama Yaponiyanın yuxusuzluqdan əziyyət çəkən və insanların çox işlədiyi ölkə kimi tanındığını bildirib. Onun sözlərinə görə, yarış vasitəsilə insanlarda yuxuya marağı artırmaq məqsədi güdülüb.