Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Avropada geniş yayılan meşə yanğınlarının yalnız ekoloji və iqtisadi deyil, həm də ciddi səhiyyə böhranına səbəb olduğunu açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, təşkilatın nümayəndələrinin sözlərinə görə, yanğınlardan yayılan tüstü böyük məsafələr qət edərək, alovun baş verdiyi ərazilərdən yüzlərlə, hətta minlərlə kilometr uzaqda yaşayan insanların sağlamlığına təsir göstərə bilər.
ÜST-ün Avropa İqlim Dəyişikliyi, Ətraf Mühit və Sağlamlıq Mərkəzinin proqram meneceri Dorota Yarosinskanın sözlərinə görə, meşə yanğınları söndürüldükdən sonra belə onların yaratdığı sağlamlıq riskləri uzun müddət davam edə bilər.
Meşə yanğını tüstüsünün tərkibində xırda hissəciklər, qazlar və müxtəlif zəhərli çirkləndiricilər olur. Yanğın zamanı plastik, elektronika və boya kimi materialların yanması havaya əlavə zərərli kimyəvi maddələrin yayılmasına səbəb ola bilər.
ÜST-ün məlumatına görə, tüstüdəki çox kiçik hissəciklər ağciyərlərdən qan dövranına keçərək orqanizmdə iltihabi reaksiyalara səbəb ola bilər.
Sağlam insanlarda tüstüyə məruz qalma boğaz qıcıqlanması və burun axması kimi yüngül simptomlarla müşahidə oluna bilər. Lakin astma və xroniki ağciyər xəstəlikləri olanlar, ürək-damar xəstələri, uşaqlar və yaşlılar daha yüksək risk altındadır.
Yarosinska vurğulayıb ki, tüstünün yaratdığı sağlamlıq riskinə məruz qalmaq üçün yanğını və ya tüstü buludunu birbaşa görmək vacib deyil.
Onun sözlərinə görə, tüstü geniş ərazilərə yayıla və hətta yanğından uzaqda yerləşən sıx məskunlaşmış şəhərlərdə hava keyfiyyətini pisləşdirə bilər.
ÜST insanlara hava keyfiyyətinin pisləşdiyi vaxtlarda mümkün qədər qapalı məkanlarda qalmağı və fiziki aktivliyi məhdudlaşdırmağı tövsiyə edir.
Təşkilat xüsusilə həssas qrupların qorunması üçün daha məqsədyönlü tədbirlərin görülməsini vacib hesab edir. Kondisioner və yüksək səmərəli hava filtrlərindən istifadə imkanları olmayan insanlar üçün də təmiz havaya çıxış təmin edilməlidir.
ÜST-ün məlumatına görə, hakimiyyət orqanları səhiyyə xidmətlərinə çıxışı məhdud olan, yerli dili bilməyən və lazımi məlumatları əldə edə bilməyən insanları da nəzərə almalıdır.
Meşə yanğınlarının tüstüsü təkcə əhalinin sağlamlığına deyil, səhiyyə sistemlərinə də əlavə yük yaradır. ÜST səhiyyə işçilərinin bu cür fövqəladə hallara hazırlığının artırılmasını və onların tüstünün sağlamlığa təsirləri barədə dəqiq məlumatlarla təmin edilməsini vacib sayır.
Təşkilatın xəbərdarlığına görə, iqlim dəyişiklikləri fonunda meşə yanğınlarının yaratdığı risklərə qarşı səhiyyə sistemlərinin dayanıqlığının gücləndirilməsi getdikcə daha böyük əhəmiyyət daşıyır.
Son xəbərlər
Son Xəbərlər