“Futbolumuzun bəlası bərbad idarəçilikdir” - İsa Qəmbər

futbolumuzun-belasi-berbad-idarecilikdir
Oxunma sayı: 2260

“Qafqazinfo” Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin Futbolpress.az-a müsahibəsini təqdim edir:

- İlk dəfə Azərbaycanın iki klubu - "Qarabağ" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsində oynadı. Onların çıxışını izlədinizmi?

- Azərbaycan futbolunu izləməyə çalışıram. “Qarabağ” və ”Qəbələ”nin Avropa Liqasında oyunlarının demək olar ki, hamısına baxmışam. Komandalarımız çox güclü rəqiblərlə yarışırlar. “Qarabağ” liqanın ən çətin qrupuna düşüb. “Tottenhem” ənənələri, xüsusən bu mövsüm yaxşı formada olan, İngiltərədə “Mancester Yunayted”, “Mancester Siti”, “Arsenal”, “Çelsi”, “Liverpul” kimi nəhənglərlə bərabər səviyyədə mübarizə aparan komandadır. “Monako” və “Anderlext” də Avropanın məhşur klublarındandır. Əslində bu klubların üçü də “Qarabağ”dan güclüdürlər. Amma buna baxmayaraq, “Qarabağ” onlarla layiqli mübarizə aparır və hətta qrupdan çıxmaq şansını da saxlayır. Sonuncu oyunda “Qarabağ” səfərdə “Anderlext”ə qalib gələ bilsə (bu çox çətin olsa da mümkündür) növbəti mərhələyə çıxacaq. Çünki həmin son turda “Tottenhem”in evdə “Monako”ya uduzmayacağını düşünürəm. Yeri gəlmişkən, onu deyim ki, 1996-cı ilin noyabrında Londonda olarkən mən “Tottenhem”in öz stadionunda “Vesthem”lə oyununu izləmişəm. Yaddaşım məni aldatmırsa, 1:0 udmuşdular. İndi də məncə səfərdə “Qarabağ”ın qələbəsi daha realdır, nəinki “Monako”nun.

“Qəbələ”nin də qrupu çox ağır qrupdur. Dortmund “Borussiya”sı ümumən Avropanın ən güclu komandalarından biridir və bu turnirin də şəksiz favoritidir. Yəqin ki, ən azı finala qədər gedəcəklər. PAOK Yunanıstanın köklü klublarından biridir. Amma deyəsən “Qəbələ” yunan komandalarının dilini tapıb. “Krasnodar” isə hardasa elə “Qəbələ”yə bənzəyir: böyük maliyyə imkanları, babat legionerlər, istedadlı yerli oyunçular, iddialı məşqçi və oxşar oyun üslubu. “Qəbələ” seçmə mərhələdə çox uğurlu çıxış etdi, qrup mərhələsində də pis təsir bağışlamadı. Amma elə bil komandada psixoloji yorğunluq var. Qriqorçuk komandaya təzə nəfəs verməlidir. Son oyunda “Qəbələ” toparlanıb evdə “Krasnodar”ı udmalıdır. Bu komandanın özü üçün də, bütövlükdə Azərbaycan futbolu üçün də yaxşı yatırım olar, gələcək uğurların bazasını gücləndirər. “Krasnodar”la heç-heçə də pis nəticə sayılmamalıdır. “Qarabağ” Londonda heç-heçə etsə, bu da müsbət qiymətləndirilməlidir.

- Sizi diqqətli futbol azarkeşi kimi tanımışıq, odur ki, belə bir suala cavab təhlili cavab verə biləcəyinizi düşündük: vaxt var idi "İnter", "Xəzər Lənkəran" kimi klublarımız da çox iddialı idilər, Avropada irəli gedəcəyini gözləyirdik, ancaq bu gün iflas həddindədilər. Ümumiyyətlə, Azərbaycanda dayanıqlı klub sisteminin olmamasının səbəbini nədə görürsünüz?

- Azərbaycan futbolunun ümumi bəlalarından başqa hər klubun da fərqli problemləri var. “Xəzər Lənkəran”ın əsas problemi, məncə, rəhbərliyin klubdan ifrat gözləntiləri və tələbləridir. Sahibləri XL-dan hər il çempionluq və kuboklar gözləyirdi. Alınmayan kimi məşqçini dəyişirdilər. Bu problem “Neftçi”də də var. Hər il, bəzənsə ildə 2-3 dəfə məşqçi dəyişmək olmaz. Bir yaxşı məşqçiyə etimad göstərib ona ən azı 2 il vaxt verilməlidir. Hədəf isə mütləq çempionluq deyil, yaxşı komanda qurub stabil oyunu və inkişafı təmin etmək olmalıdır. Belə olanda nəticə də olacaq, uğur da.

Bu baxımdan müsbət nümunə kimi ”Qarabağ”ı, son zamanlara qədər “İnter”i göstərmək olar. Qurbanov və Sxadadze etimad və zamana malik idilər. Ona görə də kifayət qədər stabil inkişaf edən komanda yarada biliblər. “Qarabağ” bəllidir ki, Azərbaycan futbolunun lideridir. “İnter”ə diqqət edin, çempionatın demək olar ki, yarısı bitir, bugün “İnter”in pulu yox, sahibi həbsdə, komandanın sabahı məlum deyil, tam qeyri-müəyyənlik hökm sürür, amma “İnter” bu vəziyyətdə də liderlər qrupundadır. Bu məhz həmin o stabilliyin təzahürüdür ki, inersiya ilə davam edir. “İnter”in son zamanlar yuxarı-aşağı bütün digər klublar kimi maliyyə problemi ilə üzləşdiyini, itkilərə məruz qaldığını qeyd etməklə yanaşı, bu klubun əsas problemi, məncə, ondadır ki, klub Azərbaycana doğmalaşa bilmədi, elə bil bir az yad element kimi qaldı. Ancaq, deyəsən, son zamanlar bu problemi aradan qaldırmağa çalışırlar.

- Elə adını çəkdiyimiz "Xəzər Lənkəran" klubu. Digərləri kimi, o da yuxarıların "xeyir-duası" ilə Mübariz Mənsimovun himayəsinə həvalə olunmuşdu. Bu gün onun neft daşımalarındakı vəziyyətinin pisləşməsi barədə iddialar var, klubu da buraxmaq üzrədir. Sualım isə odur ki, vaxtilə təsisçisi olduğunuz "Yeni Müsavat"da Mənsimovun İŞİD-lə münasibətləri haqda ifşalar dərc olunmuşdu, qarşı tərəf sərt reaksiya bildirmişdi. Bir siyasi xadim kimi, bu mövzuda müşahidələrinizi öyrənmək istərdik.

- Qəzet kifayət qədər ciddi ittiham səsləndirib, yəqin ki, əsas olmadan bunu etməzdilər. Mənsimov da bu ittihamı tam təkzib edib. Mən bu mövzunu mediada oxumuşam. Əlavə informasiyam olmadığı üçün başqa bir fikir söyləmək istəməzdim.

- "İnter"i də Azərbaycan Beynəlxalq Bankına rəhbərlik eləmiş Cahangir Haciyev himayə edirdi. İndi onun bank rəhbərliyindən uzaqlaşdırılması, məsələ ətrafındakı qalmqallar məlumdur. Klub da çöküb. Bir əldən asılı klub sistemi bir "xəstəlikdir". Alternativ hansı fikirləriniz, təklifləriniz olardı bu mövzuda?

- Mahiyyət üzrə haqlısınız. Azərbycan futbolunun əsas bəlası bərbad idarəçilikdir. Amma yuxarıda qeydimdən göründüyü kimi mən “İnter”lə bağlı pessimist deyiləm. Yaxın vaxtlarda bu klubun ətrafında aydınlıq hasil olsa, yeni sahibi müəyyənləşsə, orta büdcə təmin edilsə, “İnter” normal şəklidə yoluna davam edə bilər.

 - Necə ki regionların sosial-iqtisadi inkişafı üçün dövlət proqramı hazırlanmışdı, digər sahələrçün də "proqram siyasəti" tətbiq olunurdu. Onlardan biri də futbola aid idi. 2005-2015-ci illərdə futbolun inkişafını nəzərdə tutan proqram hazırlanmışdı, ancaq bu gün bəndlərə yenidən nəzər salınsa, heç 10-15 faiz irəliləyişin olmadığı məlum olar... Ümumiyyətlə, futbolun inkişafı üçün hansı modeli tətbiq etməyin uğurlu olacağını düşünürsüz? Məsələn, Rövnəq Abdullayev futbol hakimiyyətinə gələndə Almaniya modeli seçildi, ancaq 6-7 il ərzində müsbət dəyişiliklər əldə etmək mümkün olmadı...

- Bu suallara mütəxəssislər cavab verməlidir. Mən futbol sahəsində həvəskaram, futbol təsərrüfatının içində deyiləm, siz idman jurnalistlərindən fərqli olaraq detalları bilmirəm. Ona görə də kənardan baxan azarkeş kimi fikrimi deyə bilərəm. Problemlər çoxdur, əslində saysız-hesabsızdır və mən onları qeyd etməyə başlasam, söhbətimiz bitməz. Amma bütün problemləri doğuran iki əsas bəla var. Bəli, birinci bəla idarəçilikdədir. Ölkə necə idarə olunursa, futbol da elə idarə olunur. Əsas problem korrupsiya və monopoliyadır. İkinci bəla odur ki, idarəçilərin bir çoxu futbola yad adamlardır. Onlar sadəcə olaraq fubolu sevmirlər. Yadınıza salın, klub sahiblərindən ən azı ikisinin bu sözlərini mediadan oxumuşam, açıq şəkildə demişdilər ki, “Mən futbolu sevmirəm.” Demişdilər ki, dövlət başçısının tapşırığına görə klubu maliyyələşdirirlər.

Bunlar hansı proqramı doğru-düzgün yerinə yetiriblər ki, futbolun inkişaf proqramını da yerinə yetirsinlər? Yaxşı olardı ki, siz idman jurnalistləri həmin proqramı dediyiniz kimi bənd-bənd təhlil edəydiniz, mənzərə aydınlaşsın. Mən nəticəni təxmini proqnozlaşdırım: məlum olacaq ki, ən yaxşı halda proqramın 20%-i yerinə yetirilib, 40%-i yerinə yetirilməyib, 40%-i də yarım-yapalaq qalıb. Son illərdə ölkəmizdə futbola kifayət qədər çox maliyyə ayrılsa da, müəyyən işlər görülsə də problemlər qalmaqda davam edir. Pulların önəmli hissəsi mənimsənilib, qalanı da səmərəli xərclənməyib.

Ayrı-ayrı ölkələrin futbol sahəsində fərqli modelləri var. Amma ümumi bir yanaşma da mövcuddur ki, böyük futbol hər şeydən əlavə həm də biznesdir. Klubun dəyəri müəyyənləşdirilir, səhmlər və səhmdarlar olur. Yəni səhmdarlar klubun gələcəyinə kapital qoyurlar. Klubun sahibi də səhmdarlar qarşısında məsuliyyət daşıyır. İşlər yaxşı gedirsə, sahib də, səhmdarlar da pul qazanırlar. Məsələn, bu günlərdə dünya mediasında məlumat yayıldı ki, “Mançester Siti”nin Səudiyyə Ərəbistanından olan sahibləri klubun səhmlərinin cəmi 13%-ni 400 milyon dollardan baha qiymətə bir Çin şirkətinə satıb. Burası normal, amma əlavə olunur ki, ərəblər 2008-ci ildə bu klubu təxminən 400 mln. dollara alıblar. Yəni azad iqtisadiyyat mühitində yaxşı idarəçilik və uğurlu nəticələr sayəsində klubun dəyəri 7 il ərzində 7-8 dəfə artıb və 3 milyard dolları keçib. İndi mən bilmirəm, həmin ərəblər futbolu əvvəcədən sevirlərmiş, yoxsa yaxşı biznesmen olduqları üçün yaxşı qazanıb futbolu sevməyə başlayıblar, amma fakt faktlığında qalır.

Əlbəttə, futbol kimi biznes də hər zaman uğurlu olmur, əks nəticələr də olur. O halda klub satışa çıxarılır, ya da Türkiyədə olduğu kimi səhmdarlar arasında seçki keçirilir, iddiası olan şəxslər namizədliyini irəli sürür, normal seçki ilə lkubun yeni rəhbərliyi müəyyənləşir. Türkiyədə belə seçkilər ənənəvi xarakter alıb. “Qalatasaray”, ”Fənərbağça”, ”Beşiktaş” kimi klublarda dəfələrlə belə seçki izləmişik. Bu günlərdə ”Trabzonspor”da belə bir seçim oldu. Media yazır ki, "Trabzonspor"un yeni prezidenti müəyyənləşib. Üç namizəd arasında Muharrem Usta səsvermədə qalib gəlib. Seçkidə 7 mindən artıq səhmdar iştirak edib. Onlar imkan verərlərmi ki, klubun rəhbərliyi korrupsiya ilə məşğul olsun, xərcləri və gəlirləri gizlətsin? Əlbəttə, yox. Normal ölkələrdə nəinki səhmdarlar, maraqlanan hər kəs bilir ki, klubun büdcəsi nədir, filan oyunçu neçəyə alındı və nə qədər maaş alacaq, filan məşqşinin maaşı neçədir. Orda bizdəki kimi ola bilməz ki, mill komandanın məşqçisinin maaşı barədə jurnalistin sualına futbol məmuru desin ki, bu kommersiya sirridir. İqtisadi azadlıqlar həm də şəffaflıq tələb edir, ictimai nəzarət tələb edir. İctimai nəzarət və şəffaflıq olmayan yerdə korrupsiya və monopoliya meydan sulayacaq.

- Azərbaycana futbol lazımdırmı?

- Azərbaycana futbol əlbəttə lazımdır. Futbolu sevməyənlər var. Amma bəşər tarixinin ən uğurlu idman oyunu futboldur. Yeganə idman növüdür ki, milyardlarla insan onu izləyir. Sadəcə olaraq futbolumuzu yuxarıda qeyd olunan bəlalardan xilas etməliyik. Bütün başqa sahələr kimi futbolda da korrupsiya və monopoliyaya son qoyub, iqtisadi azadlıqlar və şəffaflığı təmin etməliyik. Hər bir vətəndaşın, hər bir qurumun futbol komandası yaratmaq, onu böyüdüb, 1-ci liqaya, yüksək liqaya çıxarmaq imkanı olmalıdır. Bu işlə futbolu sevən, idarəçiliyi bacaran adamlar məşğul olmalıdır. Klublar savadlı biznes qurub qazanmalı və səhmdarlara qazandırmalıdırlar. Bu qazanc həm tamaşaçı və TV-lərdən, həm reklamdan və forma satışından, həm yaxşı futbolçu yetişdirib güclü komandalara satmaqdan, həm yaxşı nəticə göstərib FIFA və UEFA fondlarından mükafat almaqdan- yəni normal ölkələrdə olduğu kimi bütün qanuni mənbələrdən gəlməlidir. Ölkəmizin futbol federasiyasını bu cür futbolu sevən, biznes və idarəçilikdən başı çıxan adamlar formalaşdırmalı və idarə etməlidirlər.

- Azərbaycanda hansı futbolçu, məşqçi və klubu fərqləndirərdiniz?

- Bu gün mənim üçün favorit klub “Qarabağ”, favorit məşqçi Qurban Qurbanov, favorit futbolçu Rəşad Sadıqovdur. Amma mən hamını müşahidə edirəm və hamının uğuqlarına sevinirəm. Futbolda ilk məhəbbətim “Neftçi”dir, eyni zamanda bütün klubların yaxşı oyununa azarkeşlik edirəm. Bakı çoxmilyonlu şəhərdir, burda 4-5 güclü futbol klubu ola bilər və olmalıdır. Paytaxt derbiləri 10 minlərlə tamaşaçı cəlb etməlidir. Regionlarda futbol gerçəkdən inkişaf etməlidir. 2012-ci ildə bir dəfə Lənkərana “XL”-nın oyununa getdim, azarkeşlər bizi elə çoşqu ilə qarşıladırlar li, bundan qorxuya düşənlər məni bir daha Lənkərana buraxmadılar. Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran, Şəki və digər şəhərlərdə azarkeşlərin yaxşı komandaya malik olma haqqı var. Bu il “Qəbələ”, “Kəpəz” yaxşı oynayır, amma Zaqatalanın “Simurq”, Tovuzun “Turan” kimi komandalarını da qoruya bilməliydik. Başqa rayonlarda da istedadlı gənclər var, onların böyük futbola gələ bilməsi təmin olunmalıdır.
Yaxşı məşqçilərimiz var, həm təcrübəli, həm də cavan mütəxəssislər - onlara şərait yaradılmalıdır, etimad göstərilməlidir.

İstedadlı, perspektivli futbolçularımız çoxdur. Kamran Ağayev, Vüqar Nadirov, Rauf Əliyev, Əfran İsmayılov, Vaqif Cavadov, Araz Abdullayev, Cavid İmamverdiyev kimi bir çox istedadlı oyunçuların potensialı tam gerçəkləşmədi. Onlardan bəzilərinin şansı davam edir. Yaxşı çalışıb Avropa klublarına getməyə nail olmalıdırlar, inkişaf etməlidirlər, gənclərə nümunə göstərməli, yol açmalıdırlar. Mənim Cavid Hüseynova görə ürəyim ağrıyır. İstedadlı və artıq təcrübəli futbolçudur. Bu il elə bil yeni nəfəs qazanmışdı. Amma nadan bir hərəkəti (və ya hərəkətsizliyi) ilə bir cavan jurnalistin ölümünə səbəb oldu, özü də çox çətin vəziyyətə düşdü. Futbolçularımızı qorumalıyıq, bəzən başqalarından, bəzən bir-birlərindən, bəzən isə elə özlərindən.