Soğanın qiymətindən danışan bağça rəhbərindən - Yeni açıqlama

soganin-qiymetinden-danisan-bagca-rehberinden
Oxunma sayı: 5014

Bir müddət əvvəl İmişli rayonundan olan bağça rəhbərinin təchizatla bağlı "Azadlıq" Radiosuna verdiyi açıqlama müzakirələrə səbəb olmuşdu. 

Məzrəli kənd uşaq bağçasının rəhbəri Mariya Mixaylovna "Qafqazinfo"ya açıqlamasında deyib ki, Azərbaycan dilində səlis danışa bilmədiyi üçün fikirləri kontekstdən çıxarılaraq təhrif olunub: "Rusdilliyəm, Azərbaycan dilində yaxşı danışa, fikrimi ifadə edə bilmirəm. Bundan sui-istifadə edən bəzi mətbuat nümayəndələri adımdan yanlış informasiya yayırlar. Mənim bağçanın ərzaq məhsulları ilə təchiz edilməsi prosesindən, həmçinin bağçaya təqdim edilən ərzaqların keyfiyyətindən heç bir narazılığım və şikayətim yox idi. Narazı olduğum məsələ mövsümə uyğun olaraq bəzi məhsulların qiymətinin dəyişməsi olub. Çünki mən bağça üçün məhsulları həmişə yaxşı, keyfiyyətli və sərfəli qiymətlə almışam". 

Mariya Mixaylovna əlavə edib ki, fikirləri narazılıq kimi təqdim olunub: "Soğanın qiyməti ilə əlaqədar səsləndirdiyim fikirlər isə sözgəlişi olub, heç vaxt bir kisə soğanı 35 manata almamışıq, həmişə 12 manata almışıq. Bir daha qeyd edirəm ki, rusdilli olduğum və Azərbaycan dilini mükəmməl bilmədiyim üçün fikrimi tam ifadə edə bilməmişəm və bundan sui-istifadə edən şəxslər fikirlərimi təhrif ediblər".