“Artıq 2025-ci ilə yekun vururuq. Bu ili də ölkəmiz üçün çox uğurlu illərdən biri hesab etmək olar. Prezident İlham Əliyevin hər il olduğu kimi, bu il də idman yekunları tədbirində idman ictimaiyyəti ilə görüşü tarixi hadisəyə döndü”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar İsgəndərov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Prezident tədbirdə 2025-ci ilin idman uğurlarına yekun vurdu və 2026-cı ildə gənclər və idman siyasəti sahəsindəki fəaliyyətin yol xəritəsini təqdim etdi. 2025-ci ildə Azərbaycan idmançıları 2000-dən çox medal qazanıb. Onlardan 600-dən çoxu qızıl medallardır.
Bu da ötən illərlə müqayisədə yüksək nəticə hesab edilməlidir. Bu, bir daha onu deməyə əsas verir ki, ölkə başçımızın, dövlətimizin hərtərəfli inkişaf siyasətində gənclər və idman siyasəti onun əsas tərkib hissələrindən və strateji sahələrindən biridir. Onu da qeyd etməliyəm ki, Prezident İlham Əliyev dünyada nadir ölkə başçılarından biridir ki, həm də eyni zamanda Milli Olimpiya Komitəsinin Prezidentidir. Bu, həm də Azərbaycan idmanına və idmançılarına xoşməramlı mesajdır. Hər il olduğu kimi, bu il də ölkə başçısı tərəfindən bir qrup idmançı mükafatlarla və mənzillərlə təltif olundu.
Ölkənin tanıdılması üçün idmanın rolu misilsizdir. Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək nəticələr göstərməklə ölkəmizin tanıdılmasına və sevilməsinə xidmət göstərmiş olurlar. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Hər il ölkəmizdə onlarla beynəlxalq səviyyəli yarış təşkil olunur. Burada maraqlı məqam odur ki, bu yarışların təşkili və keçirilməsi özündən əvvəlki və gələcəkdə keçiriləcək yarışlara nümunə göstərilir. Bu isə respublikamızın hərtərəfli inkişafını, sabitliyini və yüksəksəviyyəli tədbirlərin təşkilindəki təcrübəsini özündə ehtiva edir. Bakı şəhəri 2026-cı ilin dünyanın idman paytaxtı seçilib. Bu il də dünyanın gözü paytaxtımızda olacaq və ilboyu rəngarəng idman tədbirləri həm sakinlərimizi, həm də şəhərimizin qonaqlarının gözünü oxşayacaq.
Prezident Azərbaycan gənclərinə də müraciət edərək onların həm fiziki sağlam, həm vətənpərvər, həm də milli mənəvi dəyərlərimizə sadiq ruhda tərbiyə olunmalarını tövsiyə etdi. Düşünürük ki, Azərbaycan gəncləri və idmançıları onlara göstərilən həm dövlət qayğısını, həm də etimadı doğrultmaq, ölkəmizin bütün sahələrdəki inkişafına töhfələr vermək üçün var-gücləri ilə çalışacaqlar”, - deputat əlavə edib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər