Ermənistanda seçkiyə dörd gün qalmış həbs edilən müxalif namizəd həbsxanada öldü

ermenistanda-seckiye-dord-gun-qalmis-hebs-edilen-muxalif-namized-hebsxanada-oldu
Oxunma sayı: 526

Ermənistanda “Güclü Ermənistan” partiyasının Stepanavan şəhər meri vəzifəsinə namizədi Arsen Gevorkyan saxlandığı Nubaraşen həbsxanasında vəfat edib.

“Qafqazinfo”nun xəbərinə görə, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Nona Navikyan “Armenpress”ə bildirib ki, noyabrın 10-u saat 07:55 radələrində Ermənistan Ədliyyə Nazirliyinin Nubaraşen həbsxanasında saxlanılan məhbusun səhhətinin pisləşməsi səbəbindən təcili tibbi yardım çağırılıb.

Saat 08:30 radələrində təcili yardım briqadası məhbusun bioloji ölümünü qeydə alıb.

46 yaşlı Arsen Gevorkyan oktyabrın 25-də keçirilən Stepanavan Şəhər Şurası seçkilərində “Güclü Ermənistan” partiyasının seçki siyahısına rəhbərlik edirdi. Lakin o, seçkilərə dörd gün qalmış – 21 oktyabrda həbs olunmuşdu. Korrupsiya ilə Mübarizə Məhkəməsi onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçmişdi.

Ümumilikdə bu işlə əlaqədar 14 nəfər həbs edilib. Korrupsiya ilə Mübarizə Komitəsinin irəli sürdüyü ittihamlara əsasən, Gevorkyan onlarla seçiciyə “Güclü Ermənistan” partiyasına səs vermələri şərti ilə rüşvət verib. Gevorkyan isə irəli sürülən ittihamları rədd etmişdi.