“50 il doğrudan da qeyri-adidir, həyəcanlıdır”

50-il-dogrudan-da-qeyri-adidir-heyecanlidir
Oxunma sayı: 693

Bu gün millət vəkili, Cavanşir Feyziyevin yubileyidir, 50 yaşı tamam olur. “Qafqazinfo” doğum günündə və qurultaydan sonra millət vəkilindən müsahibə götürüb.


- Cavanşir müəllim, jurnalistlərin dünən keçirilən qurultayında Mətbuat Şurasının İdarə Heyətinə üzv seçildiniz. Bu təşəbbüs özünüzdən gəldi, yoxsa Mətbuat Şurasından sizə təklif gəlmişdi?

- Düzü, mən bu barədə heç vaxt fikirləşməmişdim. Amma eyni zamanda “Media İnvest” adlı şirkətin təsisçisiyəm. Mediaya həmişə marağım olub. 10 il əvvəl “Qafqaz Turizm” adlı jurnal buraxırdıq. Hazırda isə “Discovery Azerbaijan” elmi-kütləvi turizm jurnalını buraxırıq. Hal-hazırda xarici ölkələrin turizm qurumları ilə danışıqlar aparırıq ki, Azərbaycanı daha çox xaricdə tanıtmaq məqsədilə bu jurnalı bir neçə dildə çıxaraq. Bu jurnalla Azərbaycan oxucusunu ölkənin turizm imkanları ilə tanış edirik. Bu baxımdan mətbuata mənim son 10 ildə müəyyən mənada yaxınlığım var. Ona görə elə bilirəm ki, bu fəaliyyətlə bağlı məni tanıyan jurnalistlərdən bu təşəbbüs ortaya çıxıb. Görünür ki, digər mətbuat orqanlarında müəyyən tanışlıq, informasiya var. O mənada ki mətbuat orqanlarında tez-tez çıxış edən adamam. Müxtəlif qəzetlərdə məqalələrim çap olunub. Oxuyurlar, zəng vururlar həmişə, rəy bildirirlər. Ona görə hesab edirəm ki, jurnalistlər ən azından son 10 ildəki mətbuatla sıx bağlılığıma görə, mənim barəmdə onlarda müəyyən təsəvvürlər var. Bir tərəfdən təbii qarşılıyıram. Digər tərəfdən bunu həm də onlar tərəfindən göstərilən etimad kimi qəbul edirəm. Jurnalistlər ictimaiyyətin nümayəndəsi olaraq mənim məhz onların idarəçilik qurumunda təmsil olunmağımı istəyiblərsə, demək onların məndən nəsə gözləntiləri var. Mən də çalışacam ki, bu gözləntiləri bacardığım qədər doğruldum. 

- Siz həm də Milli Məclisin deputatısınız. Parlamentdə mediayla, jurnalistlərlə bağlı hansı təşəbbüslərlə çıxış edəcəksiniz?

- Bu artıq bugünkü mərhələdən başlayaraq öhdəlik kimi yaranır mənim üzərimdə. Mətbuat Şurasının üzvü olaraq sözsüz ki, mən mövcud olan imkanlardan istifadə edərək mətbuatın inkişafına bacardığım qədər xırda da olsa köməklik göstərməyə çalışmalıyam. Əvvəl mətbuatla əlaqəm ancaq müəyyən nəşrlərlə bağlı idisə, bundan sonra bir çox məsələləri öyrənməliyəm ki, hansı məsələlərin müzakirəyə çıxarılmasına daha çox ehtiyac var. Təklif jurnalistlər tərəfindən daxil olarsa mütləq mən onu araşdırıb çalışaram müzakirəyə çıxarım. 

- Sizin hansı ideyalarınız var. Məsələn, ölkə mediasında hansı problemləri müşahidə edirsiniz? 

- Mənə elə gəlir ki, Azərbaycan mətbuatının tarixinə baxsaq bütövlükdə Avrasiya regionunda bizim mətbuatımız fəxr etməli mətbuatdır. Əgər 19-cu əsrin ortalarından bu yana bizdə artıq mətbuat yaranıbsa və bu yolda neçə-neçə nəsillər keçib, mətbuat rəngini dəyişib, cilalanıbsa, hesab edirəm ki, mətbuatımız kifayət qədər təcrübəli mətbuatdır. Buna baxmayaraq dünyada bütün texnologiyalar dəyişir. Mənə elə gəlir ki, bu günə olan ən aktual məsələlərdən biri Azərbaycan jurnalistlərinin dünya mətbuatında nə baş verdiyini, hansı texnologiyalardan istifadə etdiyini daha yaxından bilmək, tanımaqdır. Bunun üçün bizim jurnalistlərimizin xarici həmkarları ilə təmasda olub təcrübələrini öyrənmələri zəruridir. Mən xarici mətbuatı da izləyirəm. Bütün bunları bir-biri ilə müqayisə edəndə görürəm ki, bəzən bizim mətbuatın xüsusən Avropada yayılan texnologiyalarla tanış olmasına, nələrisə öyrənməsinə ehtiyac var. Elə bu qurultay ortaya çıxan kimi mən də bu sualı öz-özümə verdim ki, görəsən mən nə edə bilərəm? Belə qərara gəldim ki, xaricdəki bütün rəsmi əlaqələrimizin gücü ilə Azərbaycan jurnalistlərinin də xarici ölkələrin jurnalistləri ilə təmasına yardımçı olmalıyam. Digər fikrim ondan ibarətdir ki, Azərbaycan 20 ildir müstəqil dövlətdir. Son 10 ildə daha cox imkanlar yaranıb və dünya miqyasına çıxa bilirik. Daha çox iqtisadi, mədəni səviyyədə Azərbaycanı dünyaya tanıtdıra bilirik. Ancaq tək Azərbaycan ziyalılarının gücü ilə əlbətdə bütün dünyanın qarşısında bu çox azdır. Dünyanın bütün, əsasən də bizim maraqlı olduğumuz ölkələrin jurnalistlərini də Azərbaycana cəlb etməkdə də fayda ola bilər. Amerikadan, Avropadan, Asiyadan imkan düşdükcə müxtəlif istiqamətli mətbuat orqanlarının nümayəndələrini Azərbaycana cəlb etmək lazımdır. 

- Bir az da təsisçisi olduğunuz “Avromed” şirkəti barədə məlumat verərdiniz. Bildiyimiz qədər Avromed əczaçılıq sahəsində Qafqazın ən böyük şirkətlərindən hesab olunur. Ötən il 10 illiyini qeyd etdiniz. Şirkəti yaratmaqda məqsədiniz nə idi və gözləntiləriniz özünü doğrultdumu? 

- Mən millət vəkili seçilməmişdən əvvəl “Avromed” şirkətinin təsisçisi və direktoru olmuşam. Ondan da əvvəl beynəlxalq şirkətlərdə işləmişəm. Amma əsl ixtisasım müəllimdir. Azərbaycan Dillər Universitetini bitirmişəm, həmin Universitetdə fransız, latın dilini tədris etmişəm. Uşaqlıqda ən böyük arzum da hansısa dili bilmək olub. Amma müstəqillik dövründə iqtisadiyyatda baş verən total yeniləşmə o qədər maraq doğurdu ki, mən istər-istəməz bu yenilikləri öyrənməyə başladım. Bu minvalla həm də dil bilmək bacarığıma görə xarici şirkətlərdə işlədim. Azərbaycanda sərbəst iqtisadiyyatın yarandığını görəndə, bu mənə daha maraqlı gəldi. Bir neçə dünya miqyaslı şirkətlərdə işlədim. 2002-ci ildə qərara gəldim ki, Azərbaycanda öz şirkətimizi açaq. Bu sahəni bilən təşəbbüskar insanlarla məsləhətləşdik və Avromed şirkətini yaratdıq. Məqsədimiz həmin zaman üçün Azərbaycanda çatışmayan və dünyanın ən məşhur, aparıcı əczaçılıq sənayesinin məhsullarını ölkəmizə gətirib çıxarmaq idi. Bu minvalla həm də istəyirdik ki, dünyanın məşhur şirkətləri Azərbaycanı tanısınlar. Həm də həkimlərimiz, pasietlərimiz o zamana qədər bizə məlum olmayan ən müasir dərmanlardan xəbər tutsunlar. Onların müalicə üsullarını öyrənsinlər. Bu firmanı yaratmamışdan əvvəl Amerika, Avropa şirkətlərində qazandığım təcrübəmə əsasən şirkəti qeydiyyatdan keçirməmişdən əvvəl il yarım ərzində vaxtımı bu sahəni öyrənməyə həsr elədim. Əgər mən görsəydim ki, bu işi Azərbaycandakı firmalar doğurdan da Avropadakı, Amerikadakı kimi yerinə yetirirlər, o zaman mənim bu sahədəki fəaliyyətimə heç bir ehtiyac qalmazdı. Düşündüm ki, niyə bizim vətəndaşlar adət elədiyimiz sovet dərmanlarından başqa, Avropalının, Amerikalının qəbul etdiyi dərman preparatlarından istifadə etməsinlər? Məqsəd də bu idi. Hesab edirəm ki, 10 il ərzində şirkət qarşısına qoyduğu məqsədə nail ola bildi. 

- “Avromed” bu gün necə adda əczaçılıq məhsulunu ölkəmizə gətirir?

- Mən faktiki olaraq şirkətin təsisçisiyəm. Dəqiq məlumatı direktor verə bilər. Amma məndə olan son məlumata görə, təxminən 6 minə yaxın adda dərman və dərman preparatları idxal olunur. Təkcə dərman və dərman preparatları deyil, bioaktiv maddələr, veterinar xidmət istiqamətində bəzi məhsullar idxal edir. Avromed həm də 7-8 il öncə vaksinasiya zərurətini təbliğ edən şirkət olub. Avropa və Amerikada insanların qripə qarşı vaksinasiya olunması zəruri haldır. Dünya tibb elmi qripi olduqca təhlükəli virus hesab edir. Bizdə bu barədə ümumiyyətlə informasiya belə yox idi. Biz bunları da Azərbaycana gətirdik. Artıq ölkəmizdə bütün dünyanın istifadə etdiyi vaksinlərdən istifadə olunur. 

- İctimai, siyasi, biznes fəaliyyətinizlə yanaşı xeyriyyəçiliklə də məşğulsunuz. Bu fəaliyyətiniz hansı sahədə daha çox özünü göstərir?    

- Mən demək düzgün deyil. Mənim təsisçisi olduğum şirkətlər bunu edir. Amma sözsüz ki, istiqamət mənim tərəfimdən gəlir. Müəllim ailəsində anadan olmuşam. Ona görə məktəb bizim üçün doğma yerdir. Təhsil sisteminə hamı bir şəkildə bağlıdır. Bir vaxt şagird kimi, bir vaxt müəllim kimi, bir vaxt valideyn kimi bağlı olursan. O bağlılıqdan müəyyən məlumatlar əldə edirik ki, təhsil sistemimizdə nə kimi çətinlik var. Xüsusən kənd yerlərində orta məktəbi bitirmiş şagirdlər qəbul zamanı ödənişliyə düşdükləri halda təhsil haqqını ödəyə bilmirlərsə və tələbə olmaq şanslarını itirirlərsə bacardığımız qədər həmin uşaqlara kömək edirik. Məqsəd də odur ki, onlar təhsil alıb öz kəndlərinə, rayonlarına qayıdıb oradakı təhsilli, ziyalı insanların sayını artırsınlar. Həmin kəndin mədəni yüksəlişində birbaşa rolu olan adamlar olacaqlar. Hər bir şirkət əldə etdiyi gəlirin müəyyən hissəsini 50-100 nəfərin təhsilinə sərf etsə təhsil sistemimizin inkişafına xidmət etmiş olur. Sağlamlıq cəhətdən ehtiyacı olanlara da imkanımız daxilində kömək göstəririk. 

- Doğulduğunuz Şəki şəhərinin 115 saylı Şəki kənd ikinci seçki dairəsindən millət vəkili seçilmisiniz. Parlamentdəki fəaliyyətinizdən də bir az danışardınız… 

- Parlamentdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüyəm. Uruqvay Azərbaycan Dostluq Qrupunun Azərbaycan tərəfdən rəhbəriyəm. Fransa, İsveçrə, İngiltərə, ABŞ, Yaponiya, Macarıstanla Parlamentlərarası Əməkdaşlıq qrupunun üzvüyəm. Bizim əsas işimiz xarici ölkələrin Parlamentləri ilə əlaqələr qurmaq, intensivləşdirməkdir. Bu fəaliyyət altında daha çox şeylər nəzərdə tutulur. Çalışırıq ki, ölkəmizi başqa ölkələrin Parlamentlərində layiqincə təmsil edək. Tarixini, iqtisadiyyatını, mədəniyyətini, siyasətini onlara tanıtdıraq. Viza sisteminin asanlaşdırılması istiqamətində addımlar atırıq. Cari hadisələr barədə də mütəmadi olaraq məlumatlar ölkələrarası parlament qrupları arasında müzakirə olunur. Hər dəfə mütləq şəkildə Qarabağ probleminə diqqəti cəlb edirik. Bütün bu güclər birləşəndə doğurdan da Azərbaycanın dünyada imicinin formalaşmasına təsir edir. Hamı bilir ki, Azərbaycana qarşı 20 il əvvəlki mənfi münasibət bu gün nə dərəcədə dəyişib. Artıq öz siyasətini Azərbaycanın maraqlarına uyğun quran dövlətlər var. 

- Cavanşir müəllim, bu gün sizin 50 illik yubileyinizdir. Öncə bu münasibətlə sizi təbrik edirik. 50 il çox olmasa da demək olar ki, ömrün əsas hissəsidir. Doğum gününüzü qeyd etməyi sevirsinizmi?

- Mən heç vaxt ad günümü qeyd etməmişəm. Çünki mənim bu günə öz baxışım var. Əlbətdə övladlarım üçün hər il ad günü keçirmişəm. Onların bu günlərini hər hansı bir şəkildə təşkil etməsini təqdir etmişəm. Amma özüm keçirməmişəm. Ad günümü qeyd etmək mənə qeyri-təvazökarlıq kimi görünür. Mən əgər kimisə dəvət edirəmsə ki,  “gəl bu gün şənlik edək, çünkü mən anadan olmuşam”. Bu, bir az yaxşı səslənmir. Əlbətdə, məni təbrik edəndə etik qaydalara görə o təbrikləri qəbul etmişəm və sevinmişəm də. Amma öz təşəbbüsüm əsasında ad günümdə insanları bir araya yığmaq mənim xarakterimə uyğun olmayan xüsusiyyətdir. İstənilən halda belə tarixlərdə ailə üzvləri, qohumlar, tanışlar bir araya gəlirlər. 50 il doğrudan da qeyri-adidir, həyəcanlıdır. Biz uşaq olanda fikirləşirdik ki, 50 yaşında adam çox qocadır, artıq o həyatını yaşayıb. Amma indi hər doğum günü yaxınlaşanda adam başqa cür düşünməyə başlayır. Bir az daha pessimist olur ki, nə tez keçdi 50 il. Həyat o qədər intensivdir, görməli o qədər işlər varki?! Bu bir az da insanı ayıldır ki daha nə işlər görməlisən, istər ailə üçün, istər cəmiyyət üçün. Həyat o vaxt maraqlıdıdr ki, sən nə isə etməlisən. Əgər nə isə etməli deyilsənsə ondan sonra nə ad günü, nə yubiley maraqlıdır. Heç nə sənə təsir etməyəcək. Bütün imkanlarını, resurslarını, arzularını məhdudlaşdırırsan ki, artıq sənin heç bir işin yoxdur bu həyatda. 50 yaşdan baxanda ki, hələ görməli işlər var, hələ nəsə etmək olar, o vaxt hansı yaşda olmağın heç fərq etmir. Mənim həyat prinsipim elə olub ki, ya o işi yüksək səviyyədə görməlisən, ya da o işdən əl çəkməlisən. Hesab edirəm ki, hələ belə işlər var. Ona görə də özümü uşaqlıqda insanları 50 yaşında fikirləşdiyim kimi təsəvvür etmirəm. Özümü daha enerjili hesab edirəm.

- Neçə övladınız var?

- Dörd.

- Nəvə necə, var? 

- Yox. Kiçik oğlumun hələ bir yaşı var. Çox adam elə bilir nəvəmdir. Böyük oğlumun 20 yaşı var. Qızımın 17, ikinci oğlumun 5 yaşı və balacamızın da 1 yaşı var. Birinci övladlar olanda, 20-25 yaşında bəlkə də hamıda belədir, dünyaya övlad gəlməyinin fəlsəfəsini düşünmür. Bir müddət keçir hərə hansı yaşda bunu əxz eləyə bilirsə, övladının dünyaya gəlməsinə başqa cür yanaşır. İnsanın uşağa münasibəti dəyişir. Bunu fəlsəfi nöqteyi nəzərən yaşamaq insanın həmin yaşında ağlına gəlmir. İlk övladlar böyüyürsə və bir daha övladın olmaması barədə qərara gəlinirsə, özünü o hissdən məhrum edir. Mən də bunu dərk etdikdən sonra düşündüm ki, o hissi yenidən yaşamaq üçün övladım olmalıdır. Üçüncü övladımız 2008-ci ildə oldu. O böyüdü. Dörd yaşı olanda düşündük ki, o da iki ildən sonra məktəbə gedəcək böyüyəcək və biz özümüzü bu zövqdən yenə də məhrum edəcəyik. Xöşbəxtlikdən yenə də övladımız oldu və sonbeşiyimizi məmnuniyyətlə qarşıladıq. Azərbaycanda belə bir atalar sözü var. Dövlətdə dəvə, övladda nəvə. Fikrimcə bu yalnış ifadədir. Nəvənin olması ona görə şirin olub ki, öz övladında bu xöşbəxtliyi hiss etməyən insanlar həmin hissi dərk etdikləri yaşda nəvələri dünyaya gəlib. Əgər o yaşda onların öz övladları dünyaya gəlsəydi, inandırıram ki, övladlarını nəvələrindən çox istəyəcəkdilər. 20-25 yaşındakı valideyn qavrayışı ilə 50 yaşındakı valideyn qavranışı cox fərlidir.

Nigar Məmmədli