Şərur Peşə Liseyində 63 yaşlı nənə və 16 yaşlı nəvə fərqli ixtisaslar üzrə təhsil alır.
“Qafqazinfo” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü İlqar İsmayılov liseyin “Elektrik xəttlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis” ixtisasında oxuyur.
“Babam və atam elektrik olduqları üçün mən də bu peşəyə yiyələnmək istədim. Nənəmlə bir yerdə təhsil almağıma çox şad oldum. Bir evdən iki nəfərin, həm nənəmin, həm də mənim eyni liseyə getməyimiz çox gözəl hissdir. Evdə ixtisaslarımız haqqında danışırıq, çox gözəl söhbətlərimiz olur, xoş məqamlar yaşayırıq. Bəzən bir-birimizin ixtisası ilə maraqlanırıq. Yaşına baxmadan, nənəm təhsilin əhəmiyyətini anlayır və onu davam etdirir. Elə günlər olur ki, dərsə getmək istəməyəndə məni həvəsləndirir. Demək olar ki, çox vaxt o mənə stimul verir”, - İ.İsmayılov qeyd edib.
Üç övlad və altı nəvə sahibi olan 1963-cü il təvəllüdlü Elza İsmayılova isə “Aşpazlıq” ixtisasında təhsil alır.
“Əvvəldən yemək bişirməyə meylim var idi. Bura gəlib-getdikcə marağım daha da artdı. İstədim ki, yaxşı yeməklər hazırlayım. Burada oxuduqca öyrəndim ki, bu işin öz qaydaları, bilməli olduğum çox şey var. Evdə hər şey daha sadə idi, burada isə daha yaxşı öyrəndim. Kitablardan da öyrənirəm, qazandığım biliklər çoxdur. Bu yaşımda da öyrənmək istəyirəm. Bəlkə, bundan sonra hansısa iş yerində çalışa bilərəm. Nəvəmlə eyni liseydə oxumaq çox yaxşıdır. Fəxr edirəm ki, nənə-nəvə birlikdə təhsil alırıq. Nəvəm öz ixtisası, mən də aşpazlıq barədə danışıram. Hansı işləri gördüyümüzü, nə öyrəndiyimizi bir-birimizə söyləyirik. Evdə bu barədə söhbətlər edirik. Hətta bir iş görmək lazım olanda zarafat da edirik ki, mən də oxuyuram, dərsdən gəlmişəm, yorğunam, sən gör.
Yaşım mənim üçün oxumağa maneə deyil. Oxumaqdan çox xoşum gəlir. Təhsil almağa yenidən başlamaq istəyən yaşıdlarıma deyərdim ki, gəlsinlər, bu peşəni öyrənsinlər. Bu, yaxşı şeydir. Hər yaşda öyrənmək maraqlı və gözəldir”, - o bildirib.





Son xəbərlər
Son Xəbərlər