850 il sonra ilk dəfə - Dünya bu şəhərə axışacaq - Fotolar

850-il-sonra-ilk-defe
Oxunma sayı: 558

Yeni Zelandiyanın cənubundakı Dunedin şəhəri 22 iyul 2028-ci ildə baş verəcək tam Günəş tutulmasına indidən hazırlaşır. Təxminən 850 ildən sonra ilk dəfə şəhərdən müşahidə olunacaq nadir astronomik hadisə səbəbindən hotellər iki il əvvəldən rezervasiya qəbul etməyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, 22 iyul 2028-ci il tarixində, yerli vaxtla saat 16:17-də Ay Günəşin qarşısından keçərək, Yeni Zelandiya üzərində təxminən 100 kilometr enində kölgə zolağı yaradacaq.

Tutulmanın tam fazası həmin marşrut üzərində yerləşən ərazilərdə 2 dəqiqə 51 saniyə davam edəcək və gündüz vaxtı səmanı qaranlığa bürüyəcək.

Hadisəyə hələ iki il qalsa da, Dunedində yerləşən hotellər artıq çoxsaylı rezervasiya sifarişləri qəbul edir. Xüsusi hazırlanmış yaşayış paketlərinə Günəş tutulmasını izləmək üçün qoruyucu eynəklər də daxildir və bir çox hoteldə yerlər sürətlə dolur.

Təxminən 130 min nəfər əhalisi olan şəhərə tutulmanı izləmək üçün 35 minə yaxın turistin gələcəyi gözlənilir. Yerli hakimiyyət bu hadisənin bölgənin turizm sektoruna ciddi töhfə verəcəyini bildirir.

Astronom İan Qriffin bildirib ki, Dunedindən görünən son tam Günəş tutulması 1163-cü ildə, yəni Yeni Zelandiyada insanların məskunlaşmasından əvvəl baş verib.

“Dunedin şəhərindən tam Günəş tutulmasını görən ilk insanlar biz olacağıq. Bu, həqiqətən, həyəcanvericidir”, – deyə alim vurğulayıb.

Onun sözlərinə görə, 2028-ci ildə baş verəcək hadisə həm də 1965-ci ildən bəri Yeni Zelandiyanın hər hansı nöqtəsindən görünəcək ilk tam Günəş tutulması olacaq.

Tarixi hadisə münasibətilə Dunedində səma mövzulu silsilə tədbirlər təşkil ediləcək. Festival Maori xalqının Yeni ili hesab olunan Matariki ilə başlayacaq və Günəş tutulmasına qədər davam edəcək.

İan Qriffin bildirib ki, Matariki qeyd etmələri ilə tam Günəş tutulmasının qısa fasilə ilə üst-üstə düşməsi şəhər sakinləri və turistlər üçün unikal təcrübə yaradacaq.

Dunedin meri Sofi Barker isə bildirib ki, şəhərdə nadir astronomik hadisə ilə bağlı həyəcan artıq hiss olunur və hazırlıq işləri tam sürətlə davam edir.