Adil Vəliyev Maştağada şagird və valideynlərlə görüşdü - Fotolar

adil-veliyev-mastagada-sagird-ve-valideynlerle-gorusdu
Oxunma sayı: 648

Bu gün Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin iştirakı ilə C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbdə rayonun Maştağa qəsəbəsində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagird və valideynləri ilə geniş tərkində görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə RİHB-nın müavinləri, RİHB Aparatının şöbə və sektor müdirləri, RİHB-nın Maştağa qəsəbəsi QİƏD üzrə nümayəndəliyinin əməkdaşları, Maştağa qəsəbəsi bələdiyyəsinin nümayəndələri, xidmət sahələrinin rəisləri, məktəb direktorları, din xadimləri və qəsəbə sakinləri iştirak edirdilər.

Sakinlərlə keçirilmiş görüş zamanı Sabunçu RİH başçısı Adil Vəliyev tərəfindən Azərbaycan Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında 2026-cı il 21 sentyabr tarixdə qəbul edilmiş Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyi, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilməməsi vurğulanıb. 

Eyni zamanda Nazirlər Kabinetinin 2026-cı il 6 oktyabr tarixli 325 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”ə  əsasən, təhsilverənlərin geyim formasının ümumi təhsilin dünyəvilik prinsipinə uyğun gəlməsi, müəllimin əmək funksiyalarının icrasına mane olmaması, tədris zamanı isə məşğələnin xarakterinə və iş şəraitinə uyğun funksional geyimlərdən istifadə olunması, qəbul edilmiş bu qərarların mahiyyəti və əhəmiyyəti barədə sakinlərə geniş izahat və müvafiq tövsiyələr verilib.

Qeyd olunub ki, Azərbaycan bütün dinlərin nümayəndələrinin sərbəst və azad yaşadığı dünyəvi dövlətdir. Xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq prinsipini əsas götürən Prezident İlham Əliyev həmin prinsipi bu sahədə dövlət siyasətinin mühüm tərkib hissəsi kimi inkişaf etdirir. Dövlət başçısının göstərişləri ilə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də, dini ziyarətgahların əsaslı təmiri və yenidənqurulması, insanlara dini adət-ənənələri yerinə yetirməsi üçün ölkədə hər cür şəraitin yaradılması bu siyasətin bariz nümunəsidir. 

A.Vəliyev bildirib ki, məktəblərdə sosial bərabərliyi və nizam-intizamı təmin etmək məqsədilə şagirdlərin vahid standartlara uyğun geyinməsi və məktəb tərəfindən müəyyən olunmuş formaya əməl etməsi vacibdir.

Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən rayon sakinləri ilə bu istiqamətdə maarifləndirici görüşlər mütəmadi olaraq davam etdirilir.