“Apple”da Tim Kuk dövrü başa çatdı

appleda-tim-kuk-dovru-basa-catdi
Oxunma sayı: 172

“Apple”da çoxdan gözlənilən rəhbərlik dəyişikliyi olub.

“Qafqazinfo” xəbər verir ki, 2011-ci ildən şirkətə rəhbərlik edən Tim Kuk baş direktor vəzifəsini Con Ternusa təhvil verib.

Tim Kuk isə şirkətdən ayrılmayıb və “Apple”ın İdarə Heyətinin icraçı sədri vəzifəsinə keçib. O, yeni vəzifəsində 2 milyon dollarlıq baza maaşı və 45 milyon dollarlıq səhm paketi olmaqla, ümumilikdə 47 milyon dollar qazanacaq. Şirkətin yeni baş direktoru Con Ternusun isə 3 milyon dollarlıq baza maaşı və 55 milyon dollarlıq performans əsaslı səhm bonusu daxil olmaqla, 58 milyon dollar alacağı bildirilir.

Stiv Cobsdan sonra şirkətin rəhbərliyinə gələn Tim Kukun dövründə “Apple”ın səhm dəyəri 2200 faiz artıb, şirkətin bazar kapitallaşması isə 350 milyard dollardan 4,7 trilyon dollara yüksəlib.

Kuk yeni vəzifəsində qlobal siyasətçilərlə, Çin və ABŞ administrasiyası ilə münasibətlərin idarə olunmasına diqqət yetirəcək.

51 yaşlı Con Ternus “Apple”ın aparat mühəndisliyi üzrə baş vitse-prezidenti vəzifəsindən baş direktor postuna yüksəlib. O, şirkətin əsas aparat məhsullarının, xüsusilə “iPhone”un inkişafında mühüm rol oynayıb.

Yeni baş direktorun ilk böyük sınağının sentyabrın 9-da keçiriləcək illik təqdimat tədbiri olacağı gözlənilir. Ternusun həmin tədbirdə yeni qatlana bilən “iPhone” modelini təqdim edəcəyi bildirilir.