Avstriyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Arşın mal alan” əsəri əsasında müasir musiqili tamaşa hazırlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan mədəniyyətini təbliğ edən bu səhnə əsəri “Samt und Seide” (ipək və məxmər) layihəsi çərçivəsində təqdim edilib:
“Layihə ilk dəfə olaraq Avstriyada yerli yaradıcı heyətin iştirakı ilə ərsəyə gəlib. Tarixi kostyumlar istisna olmaqla, rejissor, dirijor, aktyorlar və xoreoqraflar daxil olmaqla bütün komanda avstriyalı mütəxəssislərdən ibarət olub.
Tamaşa oktyabrın 30-u, oktyabrın 31-i və noyabrın 2-də səhnələşdirilib. Tamaşa ilə bağlı 20-dən çox media resursunda materiallar dərc olunub.
Layihə vasitəsilə biz Azərbaycan musiqisinin zənginliyini və klassik dəyərlərini Avstriya tamaşaçılarına tanıtmaq istəyirik. Qarşıdakı dövrdə bu istiqamətdə daha çox tədbirlərin təşkili planlaşdırılır”.
Qeyd edək ki, Avstriyada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzi 2013-cü ildən fəaliyyət göstərir. Mərkəzin rəsmi açılışı həmin il Azərbaycanın dövlət başçısı və birinci xanımın iştirakı ilə təntənəli şəkildə keçirilib. O vaxtdan etibarən Mərkəz Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği istiqamətində bir sıra mühüm layihələr reallaşdırıb.
Lamiyə Məmmədova




Son xəbərlər
Son Xəbərlər