Yeni heç nə yoxdur: yenə ikili standartlar, yenə Azərbaycana təzyiq, yenə də Bakıya necə yaşamağı və öz milli maraqlarını necə müdafiə etməyi öyrətmək cəhdləri.
“Qafqazinfo” xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) qəbul edilən növbəti anti-Azərbaycan xarakterli qətnamə bir daha göstərdi ki, bəzi siyasi dairələr Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etmək istəmirlər.
Halbuki reallıq kifayət qədər sadə və aydındır: Azərbaycan öz beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini və nəzarətini tam bərpa edib. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həyata keçirilib və heç bir müzakirə mövzusu deyil.
AŞPA-da isə nədənsə bu reallığı görməməyə üstünlük verirlər. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını qəbul etmək əvəzinə, yenə də qərəzli yanaşmalar, birtərəfli ittihamlar və siyasi təzyiq cəhdləri ön plana çıxarılır. Bu isə nə regionda sabitliyə xidmət edir, nə də Azərbaycanla Avropa institutları arasında konstruktiv münasibətlərin inkişafına.
Əslində, hazırkı mərhələdə beynəlxalq təşkilatların əsas vəzifəsi Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəliləməsinə dəstək vermək olmalıdır. Region uzun illər davam edən münaqişədən sonra yeni bir dövrə qədəm qoyub. Belə bir vaxtda qarşıdurmanı təşviq edən və ya tərəflərdən birinə təzyiq göstərən qərarlar sülh səylərinə kömək etmir. Əksinə, onlar etimad mühitinin formalaşmasına mane olur və vasitəçilik imkanlarını zəiflədir.
Lakin bu fonda prinsipial mövqe nümayiş etdirən siyasətçilərin olması da diqqətdən kənarda qalmamalıdır.
Azərbaycana dəstək verən ukraynalı deputatlar Aleksey Qonçarenko və Tamila Taşevanın mövqeyi xüsusi qeyd olunmalıdır. Onlar siyasi konyunkturaya deyil, beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan mövqe nümayiş etdiriblər.
Xüsusilə Tamila Taşevanın çıxışı mühüm əhəmiyyət daşıyır. O açıq şəkildə bəyan edib ki, Ukrayna ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkələrin öz torpaqları üzərində nəzarəti bərpa etmək hüququnun nə qədər vacib olduğunu yaxşı anlayır. Bu fikirlər beynəlxalq hüququn əsas prinsiplərinə söykənir və müasir dünyada bütün dövlətlər üçün eyni dərəcədə tətbiq edilməlidir.
Bu, tamamilə düzgün və məntiqi yanaşmadır. Çünki Ukraynanın özü də bu gün öz ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparır. Belə olan halda, ukraynalı siyasətçilərdən bəzilərinin Azərbaycanın yaşadığı oxşar problemlərə daha həssas yanaşması təbiidir. Onlar yaxşı anlayırlar ki, ərazi bütövlüyü prinsipinə selektiv yanaşmaq olmaz. Bir ölkənin ərazi bütövlüyünü müdafiə edib, digər ölkəyə münasibətdə fərqli standartlar tətbiq etmək beynəlxalq hüququn mahiyyətinə ziddir.
Aleksey Qonçarenko və Tamila Taşeva məhz bu baxımdan prinsipial və ardıcıl mövqe nümayiş etdiriblər. Onların səsvermədə tutduğu mövqe beynəlxalq münasibətlərdə hüququn üstünlüyünə və dövlətlərin suverenliyinə hörmət prinsipinə əsaslanır.
Azərbaycan da öz növbəsində hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Bakı beynəlxalq hüququn norma və prinsiplərinin bütün ölkələrə eyni şəkildə tətbiq edilməsinin tərəfdarı olub. Buna görə də Azərbaycana qarşı qərəzli qərarları dəstəkləməyən və obyektiv yanaşma nümayiş etdirən ukraynalı siyasətçilərin mövqeyi ölkəmizdə yüksək qiymətləndirilir.
Aleksey Qonçarenkoya təşəkkürlər. Tamila Taşevaya təşəkkürlər.
AŞPA isə nəhayət bir sadə həqiqəti qəbul etməlidir: Azərbaycanla təzyiq və ultimatum dili ilə danışmaq mümkün deyil. Qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və obyektiv yanaşmaya əsaslanan münasibətlər həmişə nəticə verir. Təzyiq və qərəz isə yalnız etimadsızlığı daha da artırır və əməkdaşlıq imkanlarını məhdudlaşdırır.