Qaradağda ümumrayon tədbiri keçirildi - Fotolar

qaradagda-umumrayon-tedbiri-kecirildi
Oxunma sayı: 1212

Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 24 iyun 2026-cı il tarixində Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “26 İyun – Silahlı Qüvvələr Günü”nə həsr olunmuş rayon ictimaiyyətinin iştirakı ilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mərkəzin qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Emil Abbasov, Milli Məclisin deputatı Aydın Hüseynov, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatı sədrinin müavini Faiq Qurbanov, Qaradağ Rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, rayon ərazisində yerləşən hərbi hissələrin şəxsi heyəti, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Emil Abbasov bildirib ki, “26 İyun – Silahlı Qüvvələr Günü xalqımızın qürurla qeyd etdiyi əlamətdar tarixlərdən biridir. Azərbaycan Ordusu bu gün regionun ən güclü ordularından biri olmaqla dövlətimizin müstəqilliyinin və təhlükəsizliyinin əsas təminatçısıdır.

“Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ordu quruculuğu strategiyası Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, nəticədə Azərbaycan Ordusu Vətən müharibəsində tarixi Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etmişdir. Şəhidlərimizin əziz xatirəsini daim ehtiramla yad edir, qazilərimizə və müharibə iştirakçılarına dərin minnətdarlığımızı bildiririk”.

Çıxışlarda Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şərəfli inkişaf yolundan, ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən ardıcıl islahatlardan, Vətən müharibəsində və sonrakı dövrdə əldə olunmuş tarixi nailiyyətlərdən geniş bəhs edilib.

Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlar və hədiyyələr təqdim edilib.