Atan yorulub, Asiya - Məktəbi də, müəllimlərini də sev...

atan-yorulub-asiya
Oxunma sayı: 830

“Məktəb cəhalət dərdinin dərmanı, mərifət bağının xiyabanıdır”.

Bunu hələ o zaman milləti cəhalətdən xilas etmək üçün çarpışan, ələlxüsus da qızların təhsil alması üçün mollaların hücumlarına baxmayaraq, həyatını riskə atıb məktəblər açan, mərifət bağlarını gözünün nuru ilə sulayan maarifçi Məhəmməd Tağı Sidqi demişdi. O eyni zamanda publisist, şair idi.

Dünən isə yazıçı, şair, publisist, jurnalist Sərdar Amin “Ata, məni məktəbdən qoru” başlıqlı mətn yazıb, məktəbi, təhsili guya tənqid edib.

“Qızım mənə “ata, məni məktəbdən qoru”, – dedi, mən də ona “YouTube”dan “Məktəbdən qorunma duası”nı dinlə və bir-iki fənd var, onu da atan öyrədər”, – nəsihətini etdim”,– yazır.

Avraam Linkolnun oğlunun müəlliminə, Çarli Çaplinin qızına yazdığı məktubları oxumamış olmazsan, Sərdar Amin. Şiddətlə tövsiyə edirəm, yenə oxu!

Bəlkə, ancaq o zaman başa düşərsən... Anlayarsan ki, bir atanın qızına verəcəyi ən böyük hədiyyə təhsil və tərbiyədir. Məktəb, müəllim barədə bir qızcığazın düşüncəsində yanlış fikirlər formalaşdırmaq, onu ucaltmaz, onu daha tərbiyəli, daha savadlı etməz, Sərdar Amin!

“Bu mətni yazmadan əvvəl sosial şəbəkədə test yazısı paylaşdım. Ən birinci hayqıranlar müəllimlər oldu”, - yazırsan. “Müəllim” və “hayqırmaq” sözlərini eyni cümlədə sənə yazdıran nədir?! Əlindən tutub sənə yazmağı öyrədən müəllimlərinə olan vəfa borcunmu?!

Asiyanın “dərsdə məni yuxu basır, yoruluram” sözləri mənə məktəb illərimi xatırlatdı. Hələ 2-ci sinifdə ikən orta məktəb dərslərimi bitirib, musiqi öyrənmək üçün günortadan sonra kənddən rayon mərkəzinə 12 kilometr yol qət edir, qışda, qar-boranda axşam saatlarında evə qayıdır, gecələri isə lampa işığında sabahın dərslərinə hazırlaşırdım. Asiya, yəqin, evinin yaxınlığındakı məktəbə gedir, günorta da evinə qayıdır. Bəlkə də, bu qədər çətinlik görməz.

Ona “Qızım, həyat mübarizədir, bilik göydən zənbillə düşmür! Əlbəttə ki, çətin mövzular olacaq, amma səbirlə dərsləri dinlə, yuxun gəlirsə, mürgüləyirsənsə, axşam erkən saatlarda yat”, - deyə tövsiyə etməyin daha yaxşı olardı!

Ona “Məktəb evdir, məktəb ailədir, məktəb dostluqdur, sevgidir, həyatı, çətinlikləri, ən əsası da səbri öyrəndiyimiz yerdir”, - deyə nəsihət et. Səbirli olmağı öyrət!

Məktəbin mənasız olduğunu, körpə beyinləri korşaltdığını yazırsan. Mənasız olan nədir? Riyaziyyatmı? Coğrafiyamı? Dilimizmi? Yoxsa Vətənimizin tarixi? 

Ona məktəb olmayan vaxtlarda necə olduğumuzdan, “Həzrət Abbasa məktub yazıb çaya atan və bunun Bağdada çatacağına” inanan beyinlərin təsirində qaldığımız günlərdən danış! Mirzə Cəlillərdən, Abdulla Şaiqlərdən, Firudin bəy Köçərlilərdən, Sürəyya xanım Ağaoğludan danış!

Ya da sən danışma, qoy müəllimləri danışsın!

Sadəcə bir şeyi anla ki, zaman keçmişə axmır, gələcəyə axır. İndi kompüter, süni intellekt dövrüdür. Hər şeyi öz arşınınla ölçmə. Əminəm ki, Asiya “Tutu, topu tut”u artıq 1 yaşından bilirlər. Zamanla ayaqlaşa bilməsi üçün ona yeni biliklər, yeni məlumatlar, yeni bacarıqlar lazımdır. Məktəb də, dərslər də, dərsliklər də bunun üçün yenilənir, təkmilləşir. Müəllimləri də Asiyanı daha parlaq, daha işıqlı gənc kimi yetişdirmək üçün çalışırlar.

Görünür atan yorğun olduğu üçün belə deyib, gözəl Asiya! Ona görə də, verdiyi tövsiyə bir qədər korşalmış ola bilər. 
Atanı sev,

ananı sev, 

Vətənini sev!

Məktəbini sev, 

müəllimlərini sev!

Çünki, 

“Müəllim sözünə qulaq asmayan tarixdə heç zaman ucalmamışdır!”

Çingiz Səfərli,

“Azərbaycan müəllimi” qəzetinin baş redaktorunun müavini