Avstraliyada 1976-cı ildə doğuş edən və xəstəxana işçiləri tərəfindən körpəsinin öldüyü bildirilən Dayan Şihan 42 il sonra aldığı elektron poçtla həyatının ən böyük şokunu yaşayıb.
“Qafqazinfo”nun BBC-yə istinadən xəbərinə görə, məlum olub ki, həmin dövrdə ölkədə tətbiq edilən məcburi övladlığa götürmə siyasətinin qurbanı olan ana övladının sağ olduğunu və başqa ailə tərəfindən böyüdüldüyünü illər sonra öyrənib.
1970-ci illərdə Avstraliyada yaşayan Dayan Şihan hamilə qalarkən cəmiyyətin sərt mühakiməsi ilə üzləşdiyi üçün vəziyyətini aylarla gizlədib.
.png)
O, doğuş sancıları başlayıb xəstəxanaya aparıldıqdan sonra yaşadığı dəhşətli anları belə xatırlayır: “Heç kimin mənimlə düzgün danışmadığını xatırlayıram. Bilirəm ki, körpəmi əlimdən alanda məni masada çılpaq qoydular”.
Ona nə uşağını qucaqlamağa icazə verilib, nə də körpənin cinsi deyilib. Sonradan isə həkimlər uşağın öldüyünü bildiriblər.
Onilliklər ərzində bu sirri heç kimə açmayan, gecə-gündüz işləyərək keçmişi unutmağa çalışan Dayan 2018-ci ilin dekabr gecəsində telefonuna gələn e-poçtla sarsılıb. Naməlum şəxs doğum ilini və xəstəxananın adını yazaraq onun övladı olduğunu bildirib: “Övladımın öldüyünü dedilər, 42 il sonra e-poçt göndərdi. Düşüncələrim tamamilə qarışıq idi. Düz düşünə bilmirdim, nəfəs ala bilmirdim və bu, saatlarla davam etdi... Sanki bədənimdən ayrı düşmüşdüm”.
.png)
Məktubda oğlu yeganə arzusunun onunla görüşmək və münasibət qurmaq olduğunu yazıb. O, xoşbəxt bir həyat sürdüyünü və övladlığa götürən ailəsinin ona lazım olan hər şeyi təmin etdiyini qeyd edib: “Yeri gəlmişkən, indi nənə olduğunuzu bilməyinizi istədim”.
Məktuba əlavə olunan qıvrımsaç qızcığazın fotosunu görən Dayan uşağın özünün uşaqlıq şəkillərinə bənzərliyindən həqiqəti dərhal anlayıb: “Nəvəmlə eyni yaşda olanda çəkdirdiyim bir şəklim var və biz əkizlərə oxşayırıq... Bu, başımı fırlatdı”.
Ailəsinin dəstəyi ilə Sidneyə uçan qadını oğlu hava limanında qarşılayıb: “O, orada kiçik bir buket ağ güllə dayanmışdı, məni qucaqladı və mən buraxmaq istəmirdim”.
Görüş zamanı övladlığa götürən valideynlərin də xəstəxana tərəfindən aldadıldığı, onlara ananın uşağa baxa bilməyəcəyinin deyildiyi üzə çıxıb.
.png)
Araşdırmalar zamanı məlum olub ki, Dayan Şihan 1950-1970-ci illərdə Avstraliyada Katolik Kilsəsi və dövlət qurumlarının iştirakı ilə subay anaların uşaqlarını əlindən alan məcburi övladlığa götürmə siyasətinin on minlərlə qurbanından biridir. Avstraliya hökuməti 2013-cü ildə həmin siyasətin vurduğu zərəri rəsmi olaraq etiraf edib və qurbanlardan üzr istəyib.
Keçmişin acılarına baxmayaraq, Dayan qəzəbin onu məhv etməsinə icazə verməyəcəyini deyir: “Baş verənləri dəyişə bilmərəm. Enerjimi 40 il əvvəl itirdiyim uşaqla yenidən əlaqə qurmağa həsr etmək istəyirəm”.


Son xəbərlər
Son Xəbərlər