Avtomobil yoldan çıxıb aşdı - Narkokuryer öldü-Yenilənib

avtomobil-yoldan-cixib-asdi
Oxunma sayı: 3337

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza Ələt-Astara magistral yolunun rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KİA” markalı avtomobil qəfil idarəetmədən çıxaraq yolun kənarına aşıb. 

Hadisə nəticəsində Goranboy rayon sakini 1994-cü il təvəllüdlü Babayev Namaz Qurban oğlu hadisə yerində həyatını itirib. 2007-ci il təvəllüdlü Nahid Orucsoy isə müxtəlif dərəcəli xəsarətlər alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır. 

***

Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, Salyanda baş verən yol qəzasında ölən şəxsin narkotik vasitə daşıdığı müəyyən olunub

DİN Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, 19 yaşlı Goranboy rayon sakini Nahid Orucsoy idarə etdiyi “Kia Forte” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Nəticədə avtomobildə sərnişin qismində olan 32 yaşlı Namaz Babayev aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yol-nəqliyyat hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən hadisə yerinin protokolu tərtib olunub, nəqliyyat vasitəsinə baxış keçirilib, sürücünün izahatı alınıb və hadisənin başvermə səbəblərinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Araşdırma zamanı qəzaya uğramış avtomobilə baxış keçirilərkən qara polietilen torbanın içərisində narkotik vasitə hesab edilən marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Sürücü N.Orucsoy izahatında bildirib ki, martın 10-da Bakı şəhəri ərazisində kirayələdiyi avtomobillə qohumu Namaz Babayevlə birlikdə sonuncunun tanışı olan bir qadından pul götürmək məqsədilə Biləsuvar rayonuna gediblər. Göstərilən ünvana çatdıqda N.Babayev avtomobildən düşərək həmin ərazidən qara polietilen torba götürüb.

Daha sonra Bakı istiqamətində hərəkətlərini davam etdirərkən yol kənarında sayrışan işıqları görüb polis əməkdaşları ola biləcəyini düşünərək avtomobili saxlamaq istədiyini, lakin N.Babayevin buna etiraz edərək əlindəki qara torbanı avtomobilin pəncərəsindən atıb ona bıçaqla hədə-qorxu gələrək avtomobili saxlamadan sürəti artırmasını tələb edib. 

N. Orucsoy hərəkətini yüksək sürətlə davam etdirib və müəyyən məsafə qət etdikdən sonra Salyan rayonu ərazisində idarəetməni itirərək avtomobili aşırıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hazırda ibtidai istintaq tədbirləri davam etdirilir.

Surxay Şahbazov