“Ayrılıram, hər gün canlı efir məni yorub” - - Müsahibə

ayriliram-her-gun-canli-efir-meni-yorub-
Oxunma sayı: 7113



Tanınmış xanım telejurnalist Aytən Əliyevanın “Qafqazinfo”ya müsahibəsi:



- Aytən xanım, biz sizi xəbər aparıcısı kimi tanıyırdıq. Xəbərlərdən sonra bir müddət efirdə olmadınız və teleməkana fərqli bir layihə ilə döndünüz. Sizin üçün bu dəyişiklik çətin olmadı ki?
- Efirdən analıq məzuniyyətimlə bağlı uzaqlaşmışdım. Xəbərdə temp tamam başqadır. Hər gün səhər saat 6-da başlayan günün axşam saat neçədə bitəcəyi heç kəsə məlum deyil. Artıq bir körpənin həyatının səndən asılı olduğunu düşünəndə o tempə qoşulmaq istəmirsən. Amma analıq məzuniyyəti bitdikdən sonra, xəbərə qayıtmağı düşünürdüm. Mən əslində hələ də oranın işçisi idim. Oradakı iş qrafiki ilə mənim övladımla məşğul olmağıma imkan verməyəcəkdi. O səbəbdən Xəzər televiziyasından, “Nuş olsun” proqramı ilə bağlı təklif gələndə düşündüm ki, bu çox yaxşı təklifdi və bunu dəyərləndirmək olar. Çünki orada cəmi 2 saatlıq iş rejimi ilə çalışmışam. Daima baxımlı xanım, mükəmməl aparıcı, qayğıkeş, gülərüzlü həyat yoldaşı, öz valideynlərin üçün yaxşı övlad və digər vaildeynlərin üçün yaxşı gəlin olmaq çox çətindir. O mükəmməllik libası bəzən insanı sıxır. İnsan bir anda əməlli-başlı yorğunluq hiss edir. Yəni sırf iş rejimi ilə bağlı olan səbəblərdən xəbər aparıcısı olmadım. “Nuş olsun”a başlayan vaxt, əvvəlki illərdə insanlar üstümə bir az çox gəldilər. Düzdür, xəbər mənim üçün sehrli bir dünyadır. Xəbər elə bir dünyadır ki, orada sən özünü dünyanın mərkəzində qırmızı rəngdə yanıb-sönən işıq kimi hiss edirsən. Dünyanın bütün münaqişə ocaqlarından xəbər tutursan və xəbər verirsən. Sanki dünyanın bütün hadisələrinin içindəymiş kimi özünü hiss edirsən. O tempdən, buna düşmək əvvəllər çox çətin idi. Aparıcı xəbərdə yazılmış və redaktə olunmuş mətni çatdırmaqla məşğul olur. Düzdür, indi bizim aparıcılarımız bəzən əlavələr edirlər, müəyyən şərhlər də verirlər. Amma o da bəzən yerinə düşür, bəzənsə yox. Mən ümumiyyətlə, ürəyi sözlə dolu olan insanam. Saatlarla danışaram və mənim sözüm bitməz. O baxımdan zamanla mənə ləzzət etməyə başladı. Mən Azərbaycan qadınını çox sevirəm, ona dəyər verirəm. Nuş olsun proqramında mənim tamaşaçımın 90 faizi Azərbaycan xanımıdı. Ona görə də, getdikcə bu verilişi sevməyə başladım. O müəyyən qədər olan peşmanlıq hissi, artıq bu verilişə olan sevgi ilə əvəz olundu.

- Yenidən xəbər aparıcısı olmaq istəyərsiniz?
- Düzü, bu sual haqqında heç fikirləşməmişəm. Mən artıq ürəyimdəki sözləri deyə biləcəyim bu səpkiyə daha çox alışmışam. Amma xəbər həmişə mənim üçün maraqlıdır. Yəni professional mənada qayıda bilərəm, çünki o peşəkarlığı itirməmişəm. Mən 7 il təkcə efirə çıxmamışam, həm də radio xəbərlərini də özü yığıb, özü redaktə edib, özü təqdim edən aparıcı olmuşam. Radioda gündə ən azı 6 xəbər buraxılışını təqdim edirdim. Amma qayıdarammı, onu bilmirəm. Heç vaxt bu sualı özümə verməmişəm. Bu sualı özümə verməkdən çəkinmişəm.

- Siz xəbər aparıcılığından tam fərqli bir verilişə getdiniz. Məsələn, elə siyasi səpkidə olan tok-şou və debatlara da aparıcılıq edə bilərdiniz...
- Əlbəttə, apara bilərdim və bilərəm də. Mən artıq 1996-cı ildən televiziyadayam, bu 20 ilə yaxın bir vaxtdır. Peşəkar fəaliyyətə 1996-ci ildə Azərbaycan Dövlət Televiziyasında yayımlanan “Tələbə klubu” verilişində başlamışam. 2000-ci ildən 2003-cü ilə qədər “İnternews”da işləmişən. 2003-cü idən 2010-cu ilə dək ATV telekanalında çalışmışam. Artıq 3 ildi də Xəzər televiziyasında fəaliyyət göstərirəm.  “İnternews”da Amerika jurnalistikasının dadını duymuşam. İnsanlara öyrədilən bir tərz var ki, sən kameranın gözü ilə öz gözünlə baxırmış kimi, yəni kamera yoxmuş kimi hər şeyi çəkib təqdim etməlisən. Ümumiyyətlə, mənim qismətimə həmişə professional insanlarla çalışmaq düşüb. İstər ATV telekanalında, istər “İnternews”da, istərsə də Azərbaycan Dövlət Televiziyasında olanda elə bir insanlarla bir masa arxasında oturmuşam ki, onlar Azərbaycan jurnalistikasının təməli olublar. Mənə jurnalist olmaq həvəsini təkcə jurnalistika fakültəsi verməyib. Azərbaycan Dövlət Televiziyası mənə görə televiziya məbədidir. Oradakı redaktorları, rejissorları, yaradıcı insanları demirəm, ən adi texniki işçilərdə belə televiziyanın xırdalığına qədər öyrənmək olar. Düşünürəm ki, 16 yaşımda Azərbaycan Dövlət televiziyasının efirində veriliş apardığım üçün bəxtim gətirib. ATV telekanalına gəldiyim zamanda isə xəbər jurnalistikasının ən öndə gedən isimləri ilə bərabər çalışmışam. Xəbər jurnalistikasının dadını, ləzzətini məhz orada hiss elədim. Hər hansı bir hadisə baş verəndə o həyəcanı onu bəlkə hadisə yerində olan insanlar o qədər hiss etmirdilər. Biz dövlətimiz, millətimiz üçün hər hansı bir hadisə baş verəndə xəbər otağında hədsiz həyacan keçirirdik. Efirdə olan insan hər bir hadisəni öz ürəyindən keçirməyi bacarmalıdır. “New York Times”in yaradıcsının belə bir fikiri var: “Biz jurnalistlər pişiyin sadəcə haradansa tullanmağı barədə xəbəri veririk. Pişiyin sonrakı taleyi barədə artıq ictimaiyyət qərar verir”. Mən düşünürəm ki, jurnalist bir məsələ barəsində danışarkən, müsahibini təqdim edərkən mütləq həmin anda o müsahibin hiss etdiklərinin heç olmasa 50 faizini də olsa hiss etməlidir. Xəbəri alan insanın hiss edəcəyi emosiyalarla xəbər ona təqdim edilməlidir. Düşünürəm ki, təqdimatdan çox şey asılıdır.

- Bu yaxınlarda Türkiyədə çox sevilən xəbər aparıcı ailə qurduğu üçün efirdən uzaqlaşırdı. Xəbər buraxılışının sonunda o öz tamaşaçıları ilə sağollaşdı, bir daha efirə çıxmayacağı ilə bağlı məlumat verdi və proqramı bitirdi. Aytən Əliyeva “Son xəbər”dən gedəndə tamaşaçıları ilə məhz bu cür sağollaşa bilməzdi? Bu nə ilə bağlıdır? Bizim aparıcılar çox səmimi deyillərmi? Yoxsa televiziyalarda bu cür sərbəstlik verilmir?
- Səbəblər çoxdur. İndi yaxşı ki, xəbər portalları var. Bir az tanınan insanlar bu vasitə ilə cəmiyyətə hesabat verə bilərlər. Niyə Aytən Əliyeva həmin telekanalın aparıcısı kimi efirdə sağollaşıb analıq məzuniyyətinə gedirəm demədi? Birincisi bizim tamaşaçımız buna hazır deyil. Siz onu gənc xanım kimi normal qəbul edə bilərdiniz, amma hər hansı bir ağbirçək anamız onu normal qəbul etməzdi. O, Aytən Əliyevanı qınayardı.


- Bu gün Azərbaycan teleməkanında bayağı verilişlər təqdim olunur. Sual olunanda ki, bu tip proqramlar nəyə lazımdı, bildirirlər ki, Azərbaycan tamaşaçısının zövqü budur. Amma məncə televiziya zövqü formalaşdırır. Tamaşaçıya gözəl bir proqram təqdim et və zövqünü formalaşdır. Tamaşaçı bunu istəyir deyib bayağı verilişlər təqdim etmək doğrudurmu?
- Mən səninlə razı deyiləm. Düzdür, televiziya ictimaiyyətin fikrini, rəyini formalaşdıra bilər. Televiziya maddi marağı, reytinqi üçün doğrudan da tamaşaçı marağını nəzərə almalıdır. Mən müəyyən məqamlarda hansısa qüsurlara göz yumuram. Və ümid edirəm ki, zamanla bu qüsurlar aradan qalxacaq.

- Bəzən reytinq qazanması üçün heç aidiyyatı olmayan proqramlara müğənnilər dəvət olunur. Buna münasibətiniz necədir?
- Mən səndən daha pozitiv yanaşıram. Düşünürəm ki, hazırda çox gözəl verilişlər təqdim edirik. Məsələn elə Türkiyədə də şou-biznesdə olan insanları yaxından izləyib onu xəbərə çevirirlər. Bu mənada bizim maqazin jurnalistikamızı qınamayacam. O ki, qaldı sənət adamlarının, müğənnilərin hər proqramda iştirakına onlar iştirak edən hər yerdə biz çox gözəl reytinqlər alırıq. Digər səbəb isə odur ki, azərbaycanlı olaraq efirə qarşı kompleksimiz var. Televiziyaçıları qınamayın. İnsanlarımızın kompleksləri ilə biz əziyyət çəkirik. Bu baxımdan sənət adamlarına üstünklük verilir. Çünki onların efirə çıxmaq kimi kompleksləri yoxdur.

- Reytinq qazanmaq naminə hər şeyi də etmək doğru deyil axı.
- Biz əcnəbi kanallarda o tip proqramlar görəndə onu normal qəbul edirik. Amma özümüzdə yox. Bu da ondan irəli gəlir ki, bizim tamaşaçımız sən deyən verilişlərə hazır deyil. Eyni zamanda televiziyamız da buna hazır deyil. “Nuş olsun”proqramında sənət adamları iştirak edirdi. Amma sonuncu yayım ilində biz qərara gəldik ki, proqramı sırf mətbəx verilişi edək. Mən əlimdən gələn hər şeyi edirdim ki, insanlar proqramda özlərini görsünlər. Yəni proqramın içərisində bir azca realitilik olsun istədim. Məsələn, həftənin bir gününü evdar xanımlar üçün ayırırdıq, onlar gəlib yemək bişirirdilər. Doğrudan da bu böyük marağa səbəb olmuşdu və çox gözəl reytinq qazanmışdıq. Amma orada məni bir məqam çox incidirdi. O xanımları efirə gətirmək çox çətin idi. Bilirsiniz ki, bu gün verilişlərdə əsas ana xətlərdən biri sponsorların olması və onların təqdimatıdır. Biz, hətta, xanımlarımıza sponsorlardan da hədiyyələr təqdim edirdik. Xanım efirə zəng vurur və mən ona hər hansı bir məişət əşyasını hədiyyə edirdim. Daha sonra Azərbaycanda yayımlanan mətbəx verilişləri tarixində ilk dəfə biz yenilik də etdik. Düşünürəm ki, çox da maraqlı oldu. Mətbəxdə bişən yeməyi bu an zəng vuran tamaşaçıma hədiyyə edəcəm deyirdim. Həmin an zəng vuran tamaşaçıya məsələn, bişən tortu hədiyyə edridim. Və ya hansısa restorandan aşbaz qonağımız olanda mən düşünürdüm ki, tamaşaçı niyə sadəcə efirdən izləməlidi bu yeməyi, gedib həmin məkanda yesə daha yaxşı olar. Həmin an zəng vurub bəxti gətirən tamaşaçı müxtəlif restoranlardan kupon əldə edirdi. Bayram günləri isə o kuponların puluna ölçü qoymadan verirdik. Şəhərimizdə keçirilən konsertlərin təşkilatçıları ilə danışırdım, konsertlərin biletlərini tamaşaçıya hədiyyə edirdik. Ərzaq səbətləri hazırlatdırırdım və təxminən həmin səbətlərin içərisində bir aylıq bazarlıq olurdu. Çalışırdım ki, studiyadakı sevincdən, oradakı ləziz yeməklərdən, ümumiyyətlə hər şeydən insanlara pay düşsün. Bacardıqca onu etdim. Xəbər efirində mən bunu edə bilməzdim, amma “Nuş olsun”un efirində bu mümkün idi. Mən Xəzər Televiziyasının rəhbərliyinə, bizim Departamentin rəhbəri Rüstəm Məmmədova mənə insanları sevindirmək üçün şans verdiklərinə görə təşəkkür edirəm.

- Sizin verilişin reytinqi necə olurdu bəs?
- Normal idi.

- Məsələn xəbər portallarında sərbəstlik var. Televiziyada necə sərbəstliyi hiss edirsiniz?
- Redaktor sistemi televiziyalarda da var. Amma canlı efiri heç kim redaktə edə bilməz. Canlı efirdə qonaq elə bir fikir səsləndirə bilər ki, bu nəinki aparıcının, eyni zamanda çalışdığın televiziyanın da taleyini həll edə bilər. Canlı efir elə bir məsuliyyətdi ki, ora çıxmaq üçün ya hədsiz dərəcədə ağıllı olmalısan, ya da əksinə. Məsələn, sən indi bizim söhbəti diktofona yazırsan və lazımlı hesab etmədiyin hissələri yazıya əlavə etməyəcəksən. Amma canlı efirdə mən bunu dəyişə bilmirəm. Canlı efiri idarə etmək lazımdır. Canlı efirin məsuliyyəti çox böyükdür.

- Amma məncə canlı efir daha maraqlı olar?
- Professional insan üçün canlı efir daha maraqlı olar. Qeyri-professional insan canlı efirdə həyəcanlanar. Canlı efirdə ki, həyəcan oldu o zaman qarşındakı insanı dinləmək olmur. Onsuz da o kameradakı qırmızı işıq yanandan sonra insana qəribə bir həyəcan gəlir.

- Bəs mətbuatda işləmək istərdiniz?
- İşləyə bilərəmmi, bax onu bilmirəm. Tələbə olarkən müəyyən qəzetlərə yazılar verirdim. Amma ümumiyyətlə, tərcümə ədəbiyyatıilə məşğulam. Çox sevdiyim, bəyəndiyim əsərləri tərcümə edirəm. O vaxtlar “ATV Maqazin” jurnalında çap etdirirdim. Amma bu həvəsdi. Mətbuatdan televiziyaya getmək asandı. Televiziyadan mətbuata gəlmək necə olur bilmirəm. Mən məsələn düşünürəm ki, çox gözəl köşə yazıları yaza bilərəm.

- Bəlkə bizim sayt üçün yazasınız?
- Yazaram, sadəcə bir az vaxt məhdudiyyəti var. Bəzən olur ki, ya məni incidən, ya da sevindirən adi bir məqamla bağlı səhifələrlə nəsə yazıram. Yaza bilən insan üçün məncə fərqi yoxdur. Burada sadəcə texniki keçidlər var onları öyrənmək lazımdır. Düşünürəm ki, mətbuatda işləyə bilərəm.

- Hazırda “Nuş olsun” proqramı səhv etmirəmsə mövsüm tətilindədir.
- Bəli, indi efirdə bizim təkrar yayımlarımız verilir. Amma mən bu mövsüm “Nuş olsun” proqramından ayrılıram. 3 il hər gün canlı efirdə olmaq məni çox yorub. Qulac-qulac saçlarımdan əsər-əlamət qalmayıb, üzümün dərisi korlanıb. Bundan əlavə bayaq qeyd etdiyim kimi bir mükəmməllik libası geyinmişdim. Artıq bu libas məni sıxırdı. Bu il ərzində biz departament rəhbərimizlə başqa proyektlər müzakirə edirdik. Mən həmişə həmin proqramların həftəlik olmasında təkid edirdim. Bir az dincəlmək istəyirəm. Həmişə qəribə bir vicdan əzabı ilə öz övladıma baxıram. Ona az vaxt ayırdığımı düşünürəm. Bir neçə ay da ona vaxt ayırmaq istəyirəm. Bəlkə də heç bir neçə ay dözməyəcəm, yeni proyektlə qayıdacam, bəlkə də dincələcəm. Bunu bilmirəm. Bu suallara hələ cavab tapmamışam. Bu dəqiqə özümü parçalı-buludlu hiss edirəm. İstəyirəm ki, o buludlar çəkilsin, yenidən o çox sevdiyim günəş doğsun. Düşündüm ki, o yorğunluq tamaşaçıya yansımamalıdır. Nə qədər ki, mehriban, gülərüz Aytən Əliyeva üzünə qəribə bir fors, əda gəlmiş bir insana çevrilməyib  buna nöqtə qoymaq lazımdı. Bir az kənara çəkilmək istəyirəm.

- Onda biz yeni mövsümdə Aytən Əliyevanı efirdə görməyəcəyik?
- Bəlkə də görəcəksiniz. Bunu Aytən Əliyeva özü də bilmir. Mən “Nuş olsun” mövsüm tətilinə çıxandan sonra düşünürdüm ki, 1 ay keçsin o müzakirə etdiyimiz yeni proyektlərə başlaya bilərəm. Amma 1 ay keçsə də istəyirəm ki, hələ bir az da dincəlim.

- Mənə elə gəlir ki, efir üçün darıxacaqsınız.
- Əlbəttə, darıxacam. Ola bilər bir gün deyəm ki, yox mən kameranın işığı üçün, efir üçün darıxmışam. Məndə belə xasiyyət var. Analıq məzuniyyəti dövründə, studiya şəraitində çox uzaq düşəndə hərdən mənə elə gəlirdi ki, boğuluram, nəfəs ala bilmirəm. Ola bilər ki, siz dediyiniz kimi olsun.

- Bəlkə 3 il eyni bir proqramı apardığınız üçün bezdiniz? Ümumiyyətlə, aparıcı bezirmi proqramından?
- Mən “Nuş olsun”un ən uzunömürlü aparıcısıyam. Əvvəl o proqramda çox hörmət etdiyim həmkarlarım olublar. Bezmək yox, tükənmək olur.

- Mən həmişə düşünürəm ki, hər hansı bir proqramın aparıcısı olsam sponsorları təqdim etmərəm. Onun üçün başqa bir şəxs də efirə çıxa bilər. Bu təcrübə Türkiyədə də var. Siz necə düşünürsünüz? Sponsorlar haqqında məlumatı başqa biri versə daha yaxşı olmazmı?
- Bəli, bu həm aparıcının iştirakı ilə, həm də aparıcının iştirakı olmadan mümkündür. Mən də o tərzi daha çox bəyənərdim. Sponsorlardan danışıb, sonra yenidən mövzuya qayıtmaqda da professionallıq tələb olunur. Birdən-birə sobanın üzərində bişən yeməkdən ayrılıb, sponsordan danışmaq hərdən çətin olurdu. Məncə bütün verilişlərdə bu çətin olur.

- Bu gün aparıcıların, jurnalistlərin çoxu təlimçi kimi də fəaliyyət göstərir. Sizə belə bir təklif gəlibmi?
- Xeyr, belə bir təklif gəlməyib. Mən bilmirəm bu kursları təşkil edən insanlar mənə təklif etməməklə nə düşünürlər. Bəlkə də elə bilirlər zamanım olmaz. Amma hələ ki, belə bir təkliflər almamışam. Bir az pafoslu çıxır, amma istəyirəm ürəyimdə yanan o jurnalistika atəşini gənc həmkarlarımla bölüşüm. Mən peşəmi çox sevirəm, xüsusilə də televiziya jurnalistikasını. Müsahibədə də heç cürə onların namını vermədim və heç bir zaman da vermərəm. Belə təkliflər gözləyirəm. Gənclərlə məmnuniyyətlə bu 20 il ərzində televiziyada gördüklərimi, tanıdığım insanları, qazandığım təcrübəni bölüşmək istəyərəm.

Gülnar