“Azərbaycanda hətta pulu olanın da yaşamaq eşqi yoxdur” – - Müsahibə

azerbaycanda-hetta-pulu-olanin-da-yasamaq-esqi-yoxdur-
Oxunma sayı: 2458



Bu gün Azərbaycan milli-azadlıq hərəkatının lideri, Azərbaycan Respublikasının eks-prezidenti, Azərbaycan Xalq Cəbhəsi və Bütöv Azərbaycan Birliyinin qurucusu və sədri Əbülfəz Elçibəyin anadan olmasının 75-ci ildönümüdür.  Bu münasibətlə “Qafqazinfo”  Elçibəyin kürəkəni, BAB Rəyasət Heyətinin sədri Aqil Səmədbəyli ilə böyük demokratın keçdiyi yola qısaca nəzər salıb.


- Aqil bəy, əvvəla onu qeyd edim ki, Əbülfəz Elçibəy  haqqında danışmaq mənim üçün o qədər də asan deyil. Bu, bilgisizlikdən qaynaqlanmır. Sadəcə, çoxları kimi hiss edirəm ki, mənə çətindir. Siz necə düşünürsünüz?

- Tamamilə razıyam ki, Elçibəylə bağlı danışmaq çox məsuliyyətli bir işdir. Çünki Əbülfəz Elçibəy o qədər çoxşaxəli bütövdür ki, onun haqqında danışıb onu tam əhatə etmək mümkün deyil. Çünki o sözün həqiqi mənasında XX əsrin dünya səviyyəsində tanınan bəşəri bir lideridir. Əbülfəz Elçibəyi bütün dünya dövlətlərinin dərdi maraqlandırırdı. O dərdsiz bir dünya uğrunda mübarizə aparırdı. Təbii ki, Azərbaycanın, türk millətinin problemləri başlanğıc nöqtəsi idi.  O mənada  onun universitetdəki elmi fəaliyyəti, həmin fəaliyyətlə əlaqədar həbsə alındığı dövrdəki fəaliyyəti, ondan sonrakı fəaliyyəti, Milli Azadlıq Hərəkatının lideri olması, Sovet imperiyasının dünyaya meydan oxuduğu zamanlarda arzuladığı və bu imperiyaya savaş açdığı dövrdəki fəaliyyətləri haqqında danışmaq məsuliyyətlidir. O dövrdə xalq hərəkatının fəaliyyəti nəticəsində  azadlığa nail olunub. Elçibəyin 1 illik prezidentlik dövrü, ondan sonra Kələkidə hicrət dövrü, sonra Bakıya qayıtması, Ankarada vəfat etməsi o qədər geniş mövzulardır ki, bunları saatlarla oturub danışmaq mümkün deyil. Əbülfəz bəyi yaxından tanıdığım üçün özümü xoşbəxt və şanslı hesab edirəm. Tanrıya şükür edirəm ki, bu şərəfi mənə nəsib edib. Və onun əsgəri olmaqdan qürur duyuram. Eyni zamanda onunla bağlı danışanda ehtiyat edirəm ki, birdən hardasa səhv edə bilərəm.

- Ümumiyyətlə, tarixi şəxsiyyətlərin cəmiyyətə bəlli olan tərəfləri çox olur. Siz ailə üzvü kimi Elçibəyin bizə bəlli olmayan hansısa tərəflərini açıqlaya bilərsinizmi?

- Elçibəy elə bir şəxsiyyət idi ki, həyatı xalqın içərisində keçib. Onun qapalı bir həyatı olmayıb. Bu mənada bilinməyən, gizli bir yönü yoxdur. Sadəcə, cəmiyyət üçün uzun müddət Elçibəyin qorxaq və iradəsiz olduğu haqda təbliğat aparılıb. Mən sadəcə iki faktı bu arqumentin qarşısına qoymaq istəyirəm. Əvvəla, qorxaq, xaraktercə zəif adam Sovet imperiyasına təkbaşına müharibə elan etməzdi. İkincisi, Elçibəy özü deyib ki, prezident millətinə ipək ürəyini, düşməninə dəmir yumruğunu göstərməlidir. Əbülfəz Elçibəy öz cəsarətini, iradəsini millətinin yox, düşmənlərinin üstündə sınayırdı. Və başarılı da olurdu. Məsələn, 75 minlik rus ordusunun ölkədən çıxarılması birbaşa onun iradəsi və qətiyyəti ilə bağlıdır. Konkret müddət qoydu ki, filan vaxtda ölkədən rus qoşunları çıxarılmalıdır. Bununla bağlı maraqlı bir hadisə var. O vaxt Elçibəyin rus qoşunlarının ölkədən çıxarılmasında qətiyyətli olduğunu görən Amerika səfiri bəyin yaxın dostu Novella xanımdan xahiş edib ki, prezidentlə onun gizli görüşünü təşkil etsin, ona  deyəcəyi çox vacib bir məlumat var. Novella xanım görüşü təşkil edir. Səfir deyir ki, cənab prezident, siz əgər rus ordusunu Azərbaycandan çıxarsanız, Rusiya sizi hakimiyyətdən devirəcək. Bununla bağlı bizdə dəqiq məlumatlar var. Səfir hesab edir ki, Əbülfəz bəyə qiymətli bir məlumat çatdırıb. Bəy isə gülümsəyərək bunu bildiyini deyir. Novella xanım deyir ki, səfir bir neçə dəqiqə özünə gələ bilmədi, şok oldu. Sonra özünə gələndən sonra qəribə tərzdə soruşdu ki, bəs cənab prezident, o zaman bunu niyə edirsiniz? Bəy cavab verib ki, əgər mən rus ordusunu çıxartmasam, heç kim çıxartmayacaq. O belə bir adam idi. Onun konkret Azərbaycanla bağlı həyata keçirmək istədiyi arzuları var idi. Azərbaycanın gerçək mənada azad olması üçün ölkədə işğalçı ordu olmamalı idi.  Əbülfəz Elçibəy hakimiyyətdən devriləcəyini bilə-bilə işğalçı qoşunları ölkədən çıxartdı. O millətin azadlığını hakimiyyətdən üstün tutdu və bunu əməli ilə də isbat etdi. O bütün qərarlarında birinci növbədə dövlətin və millətin mənafeyini ortaya qoyurdu. O şəxsi mənafeyini millətin mənafeyinə çoxdan qurban vermişdi. Ona görə də ölkədə vətəndaş müharibəsi baş verməsin deyə hakimiyyətdən getdi. O deyirdi ki, Azərbaycan balaca ölkədir. Burada qardaş qanı tökülsə, bu yüzillərlə davam edə bilər. Ona görə də buna yol vermək olmaz. Onun prezidentliyi dövründə Azərbaycanda həbs olunan rus zabitləri var idi. Ali məhkəmə onlara güllələnmə qərarı vermişdi. Rusiya prezidenti Boris Yeltsin Elçibəyə zəng edərək xahiş etmişdi ki, onları əfv etsin. Bəy isə demişdi ki, onlar Azərbaycan qanunlarına görə cəzalandırılıblar və Azərbaycana qarşı cinayət işləyiblər. Mən onları əfv etmərəm. Digər bir sıra məsələlərdə iradəsini göstərərək bildirmişdi ki, Azərbaycan xalqının sərvətləri mənim şəxsi mülküm deyil, mən onu güzəştə gedə bilmərəm.


- Sizin Əbülfəz Elçibəylə tanışlığınız necə olub?

- Mən 1987-89-cu illərdə Sovet ordusunda xidmət edirdim.  Orta məktəb, institut və əsgərlikdə olduğum dövrlərdə idmanla xüsusi maraqlanırdım və məşğul olurdum. Əsgərlikdən qayıdandan sonra məşqlərimi davam edirdim. Həyətimizdə bir gün məşq edən zaman o dövrdə Elçibəyin mühafizə xidmətini rəhbəri Qabil Məmmədov və böyük qardaşım Arzu Səmədbəyli həyətə girdilər. Qabil təxminən yarım saat mənim məşqimi izlədikdən sonra dedi ki, səni Əbülfəz Elçibəyin mühafizəsinə dəvət etsək, gələrsənmi? Təbii ki, Əbülfəz Elçibəy kimi şəxsiyyətin şəxsi mühafizəçisi olmaq mənim üçün bir şərəf idi. Bu təklifi qəbul etdim. 1989-cu ilin oktyabr ayında Qabil bəyin təşəbbüsü ilə Əbülfəz bəylə tanışlığımız başladı. Eyni zamanda mən Politexnik institutunda tələbə idim və oradakı tələbə hərəkatında da aktiv iştirak edirdim.


-Bəs necə oldu ki, Elçibəyin qızı ilə ailə həyatı qurdunuz?

- Bu Tanrının qismətidir. Mən Əbülfəz Elçibəyin Bakıda mühafizəsində iki il oldum. Daha sonra Türkiyəyə təhsil almağa getdim. Sonra bəy Kələkiyə getdi. Onun  orda olduğu müddətdə mən onu ziyarət edirdim. Mən Çilənayı ilk dəfə Kələkidə görmüşəm. 2 il mühafizəsində olduğum dövrdə mən bəyin qızını görməmişəm.


- Siz hər halda bir prezident qızı ilə evlənmisiniz. Çətin olmadı ki  bu proses sizin üçün?

- Bəy özü birbaşa belə məsələlərlə məşğul olmurdu. Qərarı verəndən sonra məsələni qardaşı Almurad ağaya həvalə edirdi. Elə bir çətinliyimiz olmayıb. Əbülfəz Elçibəy demokrat şəxs olduğu üçün təbii ki, qızının fikrini soruşub. Ondan sonra da məsələnin geri qalan hissəsini qardaşına həvalə edib. Onun qızı ilə evlənməyim Tanrının qismətidir, bunun siyasətə dəxli yoxdur. Dağ kəndində Kələkidə 1993- cü ildə Çilənayı görüb sevmişəm və 1999-cu ildə də ailə qurmuşuq.


- Tarixi şəxsiyyətlərin övladları çox zaman ictimaiyyətin gözü qarşısında olur. Onlar özləri də buna maraq göstərirlər. Əbülfəz Elçibəyin iki övladı var. Oğlu Ərturqut hərdənbir mediada görünür. Amma qızı Çilənay xanım mediadan uzaqdadır. Bu nə ilə bağlıdır? Azərbaycan qadınının belə mövzulara qapalılığındanmı irəli gəlir, özümü istəmir, yoxsa sizmi icazə vermirsiniz?

- Mən xaraktercə demokrat bir adamam. Mən Türk tarixini və fəlsəfəsini bilən bir adamam. Türkün tarixində qadınla kişi həmişə bərabər olub. Hətta xaqanlar son qərarlarını vermədən öncə xanımları ilə məsləhətləşiblər. Başqa millətlərdən fərqli olaraq türklər qadınlara xüsusi önəm veriblər. Qadınlara səsvermə haqqını verən ilk millət də Türk millətidir. Bu mənada mən Çilənaya qətiyyən hər hansı məhdudiyyət qoymuram. Sadəcə olaraq o özü Əbülfəz Elçibəyin özünün bütün həyatını siyasətə həsr etməsi nəticəsində bəlkə də çəkdiyi əziyyətlərdən dolayı onda siyasətə qarşı bir soyuqluq var. Bu mənada qətiyyən siyasətə qarışmaq istəmir. Ərturqut da birbaşa siyasətlə məşğul olmaq istəmir. Amma hərdənbir açıqlamalar verir. O açıqlamaların da ruhundan hiss olunur ki, Elçibəyin oğludur.


- Elnur Astanbəylinin “Bəyə dedim , a bəy” adlı parodik hekayəsi var.  Bu hekayəyə müxtəlif mövqelərdən yanaşmaq olar. Mən bu mövqədən yanaşmaq istəyirəm. Tarix boyu Azərbaycanın müstəqilliyi, xalqın süverenliyi bir çox dəfə süquta uğradığı üçün dövlətçilik prinsipi və özünü idarə etmə sistemi istənilən səviyyədə inkişaf etməyib. Bunun nəticələrindən biri də bəzi dövlət məmurlarının öz səlahiyyət sərhədlərini aşmasıdır. Bu da bəzi məqamlarda idarə etməni xaosa sürükləyən amillərdir. Həm də Elçibəyin özünün cılızlaşdırılması kimi də başa düşülə bilər. Yazıda bu amil parodik şəkildə təsvir olunur. Bu kontekstdə siz Elçibəyin "yumşaq üzündən" sui-istifadə hallarına rast gəlmisinizmi?

- Açığı mən Elnur bəyin o yazısını oxumamışam. Təbii ki , heç bir cəmiyyətdə hər şey ideal deyil. Heç bir liderin də ətrafı ideal deyil. O mənada Əbülfəz Elçibəyin ətrafında çox sayda insanlar var idi və insanların əksəriyyəti səmimi görünsə də, içlərində onu yanıltmaq  məqsədiylə hər hansı bir şeyi deyənlər də ola bilərdi. Başqa hanısa qüvvələrlə bağlı olan insanlar da ola bilərdi. Bu  mənada bunu təbii qarşılayıram. Hazırda dünyanın heç bir ölkəsində, heç bir liderin ətrafı birmənalı deyil. Amma bizdə çatışmayan çox böyük əksiklərdən biri dövlətçilik ənənəsinin olmaması ilə bağlıdır. Yəni hər kəs meydandan gəlmişdi. İnqilabçı əhval ruhiyyəsində idi. Bizdə o ənənə formalaşmadığına görə bir dövlət məmuru ciddiyəti problemi var idi. Sovetin dövründə formalaşmış bir bürokratik yapı vardı. Amma biz tamamilə yeni bir dövrə qədəm qoyduğumuz üçün Əbülfəz Elçibəyin ətrafında olan insanlar bu məmur ciddiyyəti gələniyini bilməyən adamlar idi. Cəmiyyətimiz bütövlükdə o gündə idi. Tək-tək insanlar ola bilərdi ki, onlar da sovet məktəbi keçmiş insanlar idi. Məsələn, liderin yanına girəndə nə etmək, ona necə müraciət etmək lazımdır və. s kimi qaydaları bilirdi. Meydanda mübarizə aparan insanlar isə onu bilmirdilər. Mən Türkiyədə təhsil aldığm üçün deyə bilərəm ki, o mənada Azərbaycanla Türkiyə arasında yerlə göy qədər fərq var. Orada hələ də o disiplin məmur ciddiyyəti  var. Hər kəs Əbülfəz Elçibəyə özününkü kimi ərk edirdi və yanına girib deyirdi ki, bəy belə olmalıdır. Bu bəyin təvazökar və həddindən artıq xalqa yaxın olmasından qaynaqlanırdı. Amma biz o məktəbi keçmiş olsaydıq, Azərbaycanda o tərbiyə olmuş olsaydı, qarşındakı liderin hansı dərəcədə təvazökar və xalqdan biri olmasındanan asılı olmayaraq ona yanaşma, müraciət məsələləri, çatdırma tərzi bu günki pəncərədən baxdıqda fərqli olmalı idi.

-Yəni o məktəbi keçmədiklərindən dolayı bəydən sui-istifadə edirdilər...

- Bəli, o məktəbi keçmədiklərindən dolayı insanlar hesab edirdilər ki, o cür də olmalıdır. Meydanda hamı bir mübarizə aparıb. Bəy lider, onlar isə əsgərləri idi. İstənilən vaxt ona ulaşmaq mümkün idi. Elmdə liderləri gerçək və yalançı liderlər olaraq iki qrupa ayırırlar. Gerçək liderlərə hər zaman ulaşıla bilir, xalqın istənilən fərdi onu özünün dostu hesab edir. Ən xırda problemlə bağlı ona müraciət etməyi üstün tutur. Yalançı liderlər isə əlçatmaz olur, xalqa yuxarıdan aşağıya baxır, xalqdan öz məqsədləri üçün istifadə edirlər.

- Çox zaman həmin sui-istifadəyə yol verənləri bəyə xəyanət etməkdə təqsirləndirirlər. Bu gün birmənalı olaraq onları xəyanətkar adlandırmaq olarmı?

- Əbülfəz Elçibəy bu gün xalqın qəlbində hardadır, ona baxmaq lazımdır. Mən hesab edirəm ki, Əbülfəz Elçibəyin yeri Azərbaycan xalqının və vətəndən uzaq düşən, ürəyi Azərbaycanla döyünən türk milli hissiyyatını daşıyan hər bir kəsin qəlbinin ən toxunulmaz güşəsindədir. O mənada Əbülfəz Elçibəyə xəyanət məsələsi öz əhəmiyyətini itirmiş bir məsələdir. Onsuz da o zirvədə olan bir adamdır. Kim Əbülfəz Elçibəyə nə edibsə, özünə edib. Bu mənada Ramiz Rövşənin çox gözəl bir deyimi var. Mən o deyimi çox sevirəm. Ramiz bəy deyir ki, Əbülfəz Elçibəy elə bir şəxsiyyətdir ki, insanların ona münasibəti o insanın kimliyini göstərir.


- Belə fikirlər də səslənir ki, onun dönük varisləri bundan sonra prezidentliyi yuxularında belə görməyəcəklər...

- Müxtəlif cür yorumlar var. Xüsusilə də Əbülfəz bəy əbədiyyətə qovuşduqdan sonra bir çox qruplar meydana gəlmişdi. Hər birinin özünün ölçüsü, meyarı, düşüncəsi var idi. O cür deyənlər də var idi. Tarix hər şeyi öz yoluna qoyur. Zamanla hər şey öz yolunu tapacaq.


- Əbülfəz bəy Kələkidən Bakıya qayıtdıqda ANS televiziyasına müsahibə verir. Həmin müsahibədə bəy bir neçə dəfə “mən yenidən prezident olacam” deyir. Amma arzusu həyata keçmir...

- Əbülfəz Elçibəyin bır sıra işləri yarımçıq qalmışdı. O sırf ona görə prezident olmaq istəyirdi ki, yarımçıq qalan işlərini tamamlasın. O əbədiyyətə qovuşmadan öncəki müraciətində deyir ki, mən Tanrıdan bir az möhlət istəyirəm ki, yarımçıq qalan işlərimi tamamlayım. Amma tale imkan vermədi. Əbülfəz Elçibəyin bir il prezident olduğu dövrdə gördüyü işlər xalqa düzgün çatdırılmadı. Onun bir ildə gördüyü işlər normal cəmiyyətlərdə imkansız olan işlərdir. Fövqəladə vəziyyətdə işləyirdilər. Elçibəy öz müsahibələrində həyatının ən çətin dövrünün prezident olduğu dövr olduğunu qeyd edir. Çünki o ancaq problemlərin həlli ilə məşğul idi. Azərbaycan xalqının xoşbəxtliyi uğrunda çalışırdı. Prezident olmaq istəyi Qarabağın azadlığı ilə də bağlı idi. Onun prezident olduğu dövrdə biz Qarabağın azadlığına çox yaxın idik. Xankəndi mühasirəyə alınmışdı, Ağdərə rayonu ermənilərdən təmizlənmişdi. Gədəbəyin Baş keçid qəsəbəsi, Laçının kəndlərinin xeyli hissəsi ermənilərdən tamamilə təmizlənmişdi. Bizim qoşunlar Xankəndinin 8 kilometrliyində onu mühasirəyə almışdılar. Sadəcə ordunun içərisində Rusiya kəşfiyyatı ilə bağlı olan insanlar xəyanət etdilər. Və o xəyanət nəticəsində həmin iş yarımçıq qaldı. O vaxt şayə yaymışdılar ki, Əbülfəz Elçibəy prezident kimi yetərli deyil, amma milli lider kimi ideal adamdır. O həmin imajı yeniləmək üçün və üzərindəki həmin böhtanı aradan qaldırmaq üçün israrla prezident olmaq istəyirdi. Elçibəyin ən böyük arzularından biri də Azərbaycanın Güneyinin azad olması idi. Və Kələkidə olduğu dövrdə də vaxtının çox hissəsini güneydə təşkilatlanmağa sərf edirdi. “Bütöv Azərbaycan yolunda” kitabı da Kələkidə ərsəyə gəlib.


- Əbülfəz Elçibəyin millətinin xoşbəxtliyi üçün çox arzuları var idi. Siz onları bayaq sadaladınız. Sizcə, həmin istəklər zamanla uyuşurdumu?

- Böyük liderlər hər zaman zamanından çox-çox qabaqlara gedən, heç kimin görə bilmədiklərini görə bilən insanlardır. Elçibəy həqiqətən də zamanı çox qabaqlamışdı. Düşünün ki, Sovet imperiyasının dünyaya meydan oxuduğu vaxtda deyirdi ki, bu quruluş dağılacaq. O dövrdə bu sözünə görə onu dəli adlandıranlar da olub. Elçibəyi Elçibəy edən də o özəllik idi ki, heç kimin görə bilmədiyini görürdü. O mənada Elçibəy Azərbaycan xalqına hədəflər göstərirdi. Yol çizirdi ki, həmin yolu millət yüz illərlə gedə bilsin. Bu baxımdan Elçibəyin zamanı qabaqlaması onun  özünə ziyan versə də, cəmiyyətə isə xeyirli idi. Əgər Elçibəy o zamanın siyasi reallığına uyğun hərəkət etsəydi, Rusiyaya güzəştli mövqe tutsaydı, Azərbaycanın sərvətlərinin, neftini qərbə peşkəş etmiş olsaydı, hakimiyyətdə qalardı. Amma Elçibəyin bir misyon sahibi kimi fərqi onda idi ki, o bilə-bilə ki hakimiyyətdən gedəcək, o addımları atmadı.


- Sizcə, hazırkı yetişən Azərbaycan gəncliyi əxlaq, mənəviyyat, bütövlük təcəssümü olan Əbülfəz Elçibəyi yetərincə qiymətləndirə  bilirmi?

- Hazırkı Azərbaycan gəncliyinin xeyli hissəsi demək olar ki, Əbülfəz Elçibəyi tanımır. Ona görə tanımır ki, orta məktəbdən tutmuş universitetə qədər bu adamlara tamamilə yanlış informasiya verilir. Bizim azad saydığımız mətbuatın da imkanları hələ geniş deyil. Azərbaycan gəncliyinin hamısı da hələlik internetden istifadə edə bilmir ki, bu gerçəklikləri öyrənsinlər. Amma mən hesab edirəm ki, necə ki bir müddət Məmməd Əmin Rəsulzadəni Azərbaycan xalqından gizlətmişdilər və onu düşmən adam kimi təqdim etmişdilər. Əbülfəz Elçibəyi də gizlətmək, tarixdən yox etmək mümkün deyil. Bu gün Türkiyənin hansı güşəsinə getsəniz, onun adı gələndə insanların üzündə qəribə bir sevgi ifadəsi oyanır. Azərbaycanda onun qiymətini bilən bir gənclik var. Amma bu faiz etibarilə az bir hissədir. Amma sevindirici hal odur ki, onlar düşünən və fikir sahibi olan gənclikdir.

- Son olaraq Əbülfəz Elçibəyin Azərbaycanı ilə bu gün ki Azərbaycan arasında hansı fərqlər var?

-Bu günki Azərbaycan yalnız bir mənada Elçibəyin arzuladığı Azərbaycandır ki, ölkəmizin sərhədləri daxilində işğalçı qoşunlar yoxdur. Amma geri qalan bütün məsələlər əskik qalıb. İstər Azərbaycan xalqının xoşbəxtliyi məsələsi, istərsə də Azərbaycanda mənəviyyat sahəsində çox böyük əksiklər var. Torpaqlarımız işğal altındadır. Cəmiyyətimiz ideyasızlaşdırılıb. İnsanların sabaha ümidi yoxdur. Hətta pulu olanın da yaşamaq eşqi yoxdur. Xaricə güclü axın var. Vəzifəlilər də gedib xaricdə özlərinə ev alırlar. Çox təəssüf ki, Əbülfəz Elçibəyin arzu etdiyindən başqa gerçəklik var. Azərbaycan xalqı xoşbəxt deyil. Ölkəyə gələn gəlirlər xalqın xoşbəxtlyinə sərf olunmur. Bu sərvətlərlə dünyanın xoşbəxt ölkələri sırasında olmalı idik. Amma nə yazıq ki, xoşbəxtlik dərəcəsinin axırıncı yerlərindəyik. O baxımdan hesab edirəm ki, Əbülfəz Elçibəyin ruhu narahatdır. Amma mübarizə davam edir. Mən inanıram ki, bir gün onun ruhunu şad edə biləcəyik. O gün çox uzaqda deyil. Ən geci yaxın 10 il ərzində Əbülfəz Elçibəyin ruhu rahatlığa qovuşacaq.


Günel Türksoy